Müharibə tarixində heç vaxt PUA-lardan Ukraynadakı qədər intensiv və qarşılıqlı şəkildə istifadə olunmayıb, burada onlar kimin yaşayıb-yaşamadığını müəyyən etməkdə böyük rol oynayırlar. Həm ruslar, həm də ukraynalılar düşmən mövqelərini dəqiqləşdirmək və artilleriya zərbələrini idarə etmək üçün PUA-lardan istifadə edirlər.
Lakin aylarla davam edən döyüşlərdən sonra hər iki tərəfin PUA-ları tükənir və onlar həlledici üstünlüyü təklif edə biləcək radioelektron mübarizə vasitələrinə davamlı, müasir PUA-lar almaq üçün yarışırlar.
Ağ Evin İranın Moskvaya “bir neçə yüzə qədər” PUA göndərəcəyinə dair məlumatı açıqlaması bu yarışı daha maraqlı edir. İranın təchiz etdiyi PUA-lar Yaxın Şərqdə Səudiyyə və BƏƏ-nin ABŞ istehsalı Hava Hücumundan Müdafiə (HHM) sistemlərinə təsirli şəkildə nüfuz edib.
Hazırda ruslar İranın sübut edilmiş təcrübəsindən yararlanmağa çalışırlar. Ukrayna isə Rusiyanın komanda-nəzarət obyektlərinə əhəmiyyətli məsafədən zərbə endirmək üçün vasitə istəyir.
Ukrayna kommersiya tipli PUA-ları REM vasitələrinə qarşı davamlı etmək üçün onları modifikasiya edir. Buna görə Kiyevdə bu modellərə tələbat çoxdur. Hər iki tərəf döyüş meydanındakı itkiləri əvəz etmək üçün kraudfandinq kampaniyası aparır.
Ukraynanın yüksək rütbəli məmuru Yuri Şçiqol jurnalistlərə “PUA Ordusu” adlı yeni maliyyə toplama kampaniyasının ilk nəticələri barədə məlumat verib.
“Bizə lazım olan say çox böyükdür. Ukrayna ilkin olaraq NATO standartlarına cavab verən 200 hərbi PUA almağa çalışır, lakin bundan 10 dəfə daha çoxuna ehtiyac var”, - deyə o bildirib.
Ukraynalı hərbçilər şikayət edirlər ki, onların Rusiyanın REM vasitələrini və HHM sistemlərini məğlub etmək üçün lazım olan hərbi səviyyəli PUA-ları yoxdur. Ukraynalıların çoxunun etibar etdiyi mülki modellər nisbi asanlıqla aşkar edilir və məhv olunur. Rus artilleriyasının PUA aşkarlanmasından bir neçə dəqiqə sonra operatorların üzərinə yağması qeyri-adi hal deyil.
Müharibənin ilk həftələrində yüksək performans nümayiş etdirən Türkiyə istehsalı olan “Bayraktar TB-2” PUA-ları Ukraynanın şərqində, Rusiyanın daha sıx HHM və REM vasitələri yerləşdirdiyi bölgədə daha az təsirlidir.
Ukraynanın hava kəşfiyyat bölməsinin rəhbəri bu yaxınlarda cəbhə xəttinə yaxın Baxmut yaxınlığında jurnalistlərə bildirib ki, ruslar daha yaxşı vəziyyətdədirlər, çünki onlar REM vasitələrindən yayınmaq üçün hazırlanmış uzun mənzilli PUA-lara malikdirlər.
Rusiyanın REM vasitələri PUA-ların rabitəsini, canlı videosunu kəsə, habelə havadan endirə və ya geri çəkilməyə məcbur edə bilər. Beləliklə, radio və GPS müdaxiləsinə tab gətirə bilən, idarəetmə və naviqasiya üçün peyk rabitəsi və digər texnologiyalardan istifadə edən PUA-lara ehtiyac var.
Ukraynanın təcili olaraq yeni göndərilmiş, daha uzun mənzilli Qərb artilleriyasının uzaq hədəfləri vurmasına kömək edə bilən PUA-lara ehtiyacının olduğunu qeyd olunur.
İyunun ortalarında prezident Zelenskinin baş müşaviri tvitində Ukraynanın müharibəni bitirmək üçün 1000 PUA-ya ehtiyacı olduğunu bildirmişdi.
Rusiyanın uzun mənzilli hərbi PUA ehtiyatı Ukraynanı üstələyir, lakin Kremlin təchizatı azalıb. Hazırda ruslar 2000 dollar dəyərində kvadrokopterlər uçurur.
Kremlin silah sənayesinə nəzarət edən Rusiya baş nazirinin müavini keçən ay televiziyaya verdiyi müsahibədə müharibədən əvvəl PUA-ların inkişafı yönündə güclü işlərin aparılmadığını bildirib. Borisov bildirib ki, hazırda Rusiya geniş çeşiddə PUA istehsalını gücləndirir, ancaq bunu bir anda etmək mümkün deyil.
Rusiya özünün ən çox sayda olan “Orlan-10” modelinin təxminən 50-ni itirib, lakin görünür ruslar daha çox PUA-ya malikdir.
Britaniyanın RUSI analitik mərkəzinin yeni hesabatında qeyd olunur ki, Ukrayna PUA-larının hazırkı orta ömrü təxminən bir həftədir. Rusiyanın REM bölmələri Ukraynanın dərinlikdə kəşfiyyat aparmasına əhəmiyyətli dərəcədə məhdudiyyətlər qoyur və Ukraynanın onları məhv edə biləcək radar axtarışında olan kamikadze PUA-larına çox ehtiyacı var.
ABŞ və digər Qərb müttəfiqləri yüzlərlə PUA, o cümlədən tankların zirehlərini dələn döyüş başlıqları daşıyan qeyri-müəyyən sayda “Switchblade 600”lər göndərib. Onlar 70 mil/saat sürətlə uça və hədəfləri izləmək üçün Süni Zəkadan istifadə edə bilərlər. Lakin onların əhatə dairəsi məhduddur və onlar yalnız 40 dəqiqə havada qala bilirlər.
ABŞ may ayında Ukrayna üçün istehsal olunan “Phoenix Ghosts” adlı 121 qabaqcıl hərbi PUA da göndərib.
İstehsalçı “Aevex Aerospace”in idarə heyətinin üzvü, Hərbi Hava Qüvvələrinin təqaüddə olan general-leytenantı David Deptula bildirib ki, onların texniki xüsusiyyətləri əsasən məxfidir, lakin onlar 6 saat uça, zirehli texnikaları məhv edə və gecə missiyaları üçün infraqırmızı kameralara sahib ola bilərlər.
Kəşfiyyat və artilleriya aşkarlanması üçün eyni dərəcədə uyğun olan digər PUA-lar arasında Ukraynanın yerli istehsalı olan “Furiya” da var ki, onların da hər birinin qiyməti 25 min dollardır.
2014-cü ildə Rusiyanın hərbi əməliyyatlara başlamasından sonra Ukraynanın silahlanmasına qəbul etdiyi 200-ə yaxın “Furiya”nın təxminən 70 faizi vurulub. Yeni fabrikdə istehsal bərpa olunsa da, yerli təchizatçılar təkbaşına Ukraynanın PUA boşluğunu doldura bilməz.
Ukrayna ordusunun Baş Qərargahı müttəfiqlərdən istədiyi PUA-larla bağlı suallara cavab verməyib. Pentaqonun sözçüsü Cesika Maksvell də Ukraynanın PUA ilə bağlı tələblərini şərh etməkdən imtina edib.
Lakin məlumdur ki, prioritetlər arasında “kamikadze” PUA-lar və Rusiyanın sıx REM bölgəsindən bütöv halda çıxa bilən modellər var.
ABŞ PUA-sı tərəfindən düşmənə atılan ilk raketlər 2001-ci ildə Əfqanıstanda "Taliban"a qarşı olub. O vaxtdan bəri PUA-lar Suriya vətəndaş müharibəsi və Ermənistan və Azərbaycan arasında Qarabağ bölgəsi uğrunda 2020-ci ildə baş verən müharibədə istifadə edilib.
Qərb şirkətləri tərəfindən Ukraynaya tədarük edilən PUA əleyhinə avadanlıqlar arasında təkcə PUA-nın yerini deyil, istifadə etdiyi radiotezliklərə əsasən onun markasını və modelini də müəyyən edə bilən qurğular var.
Getdikcə daha mürəkkəb elektromaqnitli “pişik və siçan” oyunu Ukraynanı dünyanın ən son hərbi texnologiya yenilikləri mərkəzinə çevirir.
Sevinc Əliyeva
Ordu.az