Ukraynada PUA Müharibəsi: Mənzərəni Anlamaqda Çətinlik Çəkirsiniz?

2022/07/1658993701.jpg
Oxunub: 3601     11:33     28 İyul 2022    
Pilotsuz Uçuş Aparatları (PUA) uzun müddət sadəcə böyük dövlətlərin ölümcül silahı olub, yalnız bir neçə ölkə tərəfindən istifadə edilib və adətən çətin coğrafi ərazilərdə və təhlükəli bölgələrdə tətbiq edilib.

Ancaq indi PUA texnologiyası və istifadəsi çoxalıb və bütün dünyada silahlı münaqişələrin əsas elementinə çevrilib. Qarabağdan tutmuş Liviyaya, İraqa, Nigeriyaya və onun hüdudlarından kənara PUA-lar dövlət qurumları, qeyri-dövlət qrupları, terrorçu qruplar, cinayətkar dəstələr və ayrı-ayrı şəxslər tərəfindən adi və qeyri-ənənəvi döyüş meydanlarında istifadə olunur.

Ukraynadakı müharibə PUA-ların geniş istifadəsinə səbəb olub və Qərb Kiyevə verdiyi PUA-ların arsenalını genişləndirməyi düşündüyü üçün bu sistemlərin strateji və taktiki nəticələrini nəzərə almağa dəyər.

Ümumi məlumat - Münaqişədə PUA-ların İstifadəsi

Bir zamanlar Birləşmiş Ştatlar və İsrail PUA bazarında lider idilər. ABŞ PUA-ların ixrac edilməsində çox sərt məhdudiyyətlər tətbiq edirdi. Ancaq sonradan yeni istehsalçıların ortaya çıxması və kommersiya tipli PUA bazarının genişlənməsi ilə vəziyyət dəyişdi. Müvafiq olaraq, PUA əməliyyatlarının xarakteri, o cümlədən onların adi döyüş meydanlarında və münaqişələrdə tətbiqi də inkişaf edib.

Ən diqqətçəkən son nümunə 2020-ci ildə Ermənistan və Azərbaycan arasında müharibə olub. Müharibənin qısa olmasına baxmayaraq, PUA-lar daha təkmil birləşmiş silah əməliyyatlarına inteqrasiya olunaraq həlledici rol oynadı. Azərbaycanın böyük və daha təkmil PUA arsenalı onun müharibəki uğurunun təməl daşı hesab olunur.

Ukraynaya PUA-lar tədarük edilir

PUA-lar Rusiyanın hücumundan sonra Ukraynaya böyük beynəlxalq hərbi yardım səylərinin komponenti olub. ABŞ PUA-larının Kiyevə transferləri yüzlərlə “Switchblade” taktiki PUA-ları ilə başlayıb. “Gəzən sursat” da adlandırılan bu sistemlər asanlıqla daşına, döyüş meydanından buraxıla və planşet vasitəsilə hədəflərə bomba atmağa yönəldilə bilər. 300 seriyalı variant 10 km məsafə və 15 dəqiqə uçuş qabiliyyətinə malikdir, daha böyük 600 seriyası isə 40 km və 40 dəqiqədən çox uça bilir. Sistemlərin özləri faydalı yük olduğundan, “Switchblade” birdəfəlik istifadə olunan “kamikadze” tipli PUA hesab olunur.

Birləşmiş Ştatlar, həmçinin bir sıra “Puma” PUA-ları da tədarük edib. “Switchblade” ilə eyni şirkət tərəfindən hazırlanmış PUA-lar kəşfiyyat, müşahidə və nəzarət (ISR) məqsədləri üçün müxtəlif sensor avadanlıqlarla təchiz oluna bilər.

Bu yaxınlarda, Birləşmiş Ştatlar Kiyevə 100-dən çox “Phoenix Ghost” adlı PUA-lar göndərəcəyini elan edib. Taktiki-texniki xüsusiyyətləri açıqlanmasa da, ABŞ Hərbi Hava Qüvvələrinin rəsmisi sistemin Ukrayna teatrının spesifik tələblərinə cavab vermək üçün sürətləndirilmiş cədvəl üzrə işlənib hazırlandığını bildirib. Məlumatlar “Phoenix Ghost”un həm də kamikadze PUA olduğunu göstərir.

Birləşmiş Ştatlar yüzlərlə bu sistemi Ukraynaya təqdim etsə də, Kiyevin PUA arsenalının ən çox məşhur üzvü TB2 oldu. Türkiyə istehsalı olan PUA-lar orta əməliyyat hündürlüyünə, uzun uçuş müddətinə malik MALE sinfinə daxildir. Zərbə endirə bilən PUA-lar bir sutkadan artıq havada qala bilir. Bu, ABŞ-ın təmin etdiyi sistemlərdən daha uzundur. Bundan əlavə, TB2 ABŞ-ın təqdim etdiyi sursatlar kimi “gəzən sursat” deyil, hədəfləri vura və təkrar istifadə üçün geri qayıda bilər. Sistem sosial mediada yerləşdirilən videolarla məşhurlaşıb.

Digər ölkələr də Ukraynaya əsasən qeyri-öldürücü məqsədlər üçün PUA-lar göndərir. Polşadan kəşfiyyat tipli və Böyük Britaniyadan ağır yük daşıyan PUA-lar təmin edilib. Lakin Ukrayna tərəfindən kommersiya məqsədli mülki PUA-lardan geniş və möhkəm istifadə daha çox nəticə verdi. Yerli və xaricdən alınan bu kiçik, hazır PUA-lar ölkə daxilində ISR matrisini saxlamağa kömək etdi. Bəzi hesablamalara görə, qeyri-hərbi PUA arsenalının 6000-ə yaxın olduğu bildirilir, bu da Ukrayna silahlı qüvvələrinin istifadə etdiyi qabaqcıl hərbi PUA parkından dəfələrlə böyükdür. Üstəlik, bu sistemlər həm rəsmi təhlükəsizlik qüvvələri, həm hərbiləşdirilmiş qruplar, həm də döyüşməyənlər tərəfindən istifadə olunur.

Ukraynada PUA-ların Taktiki və Strateji Təsirləri

Ukrayna qüvvələri tərəfindən həyata keçirilən kinetik PUA zərbələrinin sayı ilə bağlı dəqiq hesablama yoxdur, lakin bəzi ictimaiyyətə açıq məlumatlar göstərir ki, onların miqyası Moskvanın hücumunun əhatə dairəsi, yerləşdirilən qüvvələr və bu zərbələrin əldə etdiyi təbliğatla müqayisədə nisbətən məhdud olub. Lakin PUA-ların və sursatların Ukraynada təsiri kinetik əməliyyatların miqyasında tam əks olunmaya bilər.

Ukrayna həm kommersiya, həm də hərbi mənşəli pilotsuz sistemlər şəbəkəsindən istifadə edərək, ISR-ni bölmə səviyyəsinə qədər zənginləşdirib yaymaqla qoşunların hərəkətini, kinetik zərbələri və hərbi planlaşdırmanı asanlaşdırdı. Döyüş sursatlarının və PUA zərbələrinin həcmi daha məhdud ola bilər, bu zərbələrin dəyəri PUA-dan əldə edilən kəşfiyyatın keyfiyyəti ilə artır. Hesabatlar göstərir ki, Ukrayna PUA-lardan düşmənin artilleriya batareyalarını və zirehli birləşmələrini təyin etmək, hətta Rusiyanın Qara dəniz flaqmanı olan “Moskva” kreyserini məhv etməyə kömək etmək üçün istifadə edib. Eynilə, Ukrayna Rusiyanın təchizat xətlərini, hava hücumundan müdafiə sistemlərini və gəmilərini izləmək və məhv etmək üçün bu sistemlərdən istifadə edib.

Bu kontekstdə mülki və kommersiya məqsədli PUA-ların rolu diqqətəlayiqdir və hərbi PUA-ların inteqrasiyası ilə yanaşı, Ukraynada hərbi əməliyyatların xarakterini dəyişir. Kiçik mülki PUA-ların geniş mövcudluğu gözləniləndən daha aşağı vahid və inteqrasiya keyfiyyətinə baxmayaraq, daha çox yayılıb, lokallaşdırılıb və geniş ISR şəbəkəsini yaradıb.

Ukrayna PUA-larından toplanmış taktiki kadrlardan başqa, döyüş meydanından birbaşa olaraq smartfonlara, televizorlara və digər platformalara şəkillər və kadrlar göndərərək, münaqişənin daha geniş təsvirini formalaşdırmağa başlayıb. Bu cür səylər, PUA və ya artilleriya zərbələrini əks etdirən təbliğat videolarından tutmuş, beynəlxalq humanitar hüquq və müharibə qanunlarının mümkün pozuntularının sənədləşdirilməsinə qədər geniş yayılıb. TB2, hətta Ukrayna pop mahnısında da xatırlanıb. Birlikdə götürüldükdə, PUA-lar qlobal ictimaiyyətə müharibəyə misli görünməmiş bir pəncərə təqdim edir.

Nəticə

Ukraynada münaqişə inkişaf etməkdə davam edir. Rusiyanın zərbə tipli PUA-lara və sursatlara qarşı erkən həssaslığı onların hava hücumundan müdafiə sistemlərinin əhəmiyyətli dərəcədə gücləndirilməsinə səbəb olub. Kiyev uğrunda döyüşdə ağır və effektiv PUA və sursatlardan istifadə edilsə də, Moskvanın öz qüvvələrinin ətrafındakı hava məkanını müdafiə etmək qabiliyyətini genişləndirmək səyi Kiyevin hava əməliyyatlarını, o cümlədən pilotsuz sistemləri məhdudlaşdırıb. Yenə də döyüş bölgəsindəki komandirlər PUA-ların istifadəsində israr etməyə davam edirlər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Müharibə   PUA  


Bizi "telegram"da izləyin