Mixeil Kavelaşvili: "Cənubi Qafqaz geosiyasi əməkdaşlıq məkanına çevrilməlidir"

2026/02/1771393396.jpg
Oxunub: 135     11:32     04 İyun 2026    
Cənubi Qafqaz geosiyasi qarşıdurma deyil, əməkdaşlıq və dialoq məkanına çevrilməlidir.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Tbilisidə keçirilən XVI Regional Dayanıqlı İnkişaf Forumunda çıxışı zamanı Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və iqtisadi əməkdaşlığın əhəmiyyətini vurğulayarkən deyib.

Prezident bildirib ki, Ukraynada müharibənin başlamasından sonra beynəlxalq nizamın transformasiyası sürətlənib və Gürcüstan bu dövrdə ciddi çağırışlarla üzləşib:

"Son illərdə ölkədə sabitliyi pozmağa və dövlət çevrilişi həyata keçirməyə yönəlmiş xaricdən təşkil olunan bir neçə cəhdin qarşısı alınıb. Bütün daxili və xarici çətinliklərə baxmayaraq, Gürcüstan sülhü qorumağa və davamlı iqtisadi inkişafı təmin etməyə nail olub. Cəmiyyətimiz dünyada baş verən prosesləri tənqidi şəkildə dəyərləndirə, obyektiv yanaşmanı qoruya və milli maraqlarını qətiyyətlə müdafiə edə bilib. Məhz xalqımızın sayıqlığı və həmrəyliyi sayəsində həqiqi suverenliyə doğru irəliləyə bilmişik".

Kavelaşvili qeyd edib ki, sürətlə dəyişən beynəlxalq mühitdə sülhün qorunması və balanslaşdırılmış, çoxvektorlu xarici siyasətin həyata keçirilməsi ölkənin davamlı inkişafının əsas şərtidir.

Prezident Cənubi Qafqazın gələcəyinin də məhz bu prinsiplər üzərində qurulmalı olduğunu qeyd edib:

"Regionumuz geosiyasi qarşıdurma poliqonu deyil, sabitlik, ticarət və iqtisadi əməkdaşlıq, dinc yanaşı yaşama və sivilizasiyalararası dialoq məkanına çevrilməlidir".

Çıxışında milli-mədəni dəyərlərin qorunmasının vacibliyinə də toxunan Gürcüstan Prezidenti vurğulayıb ki, ölkənin uzunmüddətli inkişafı onun tarixi və mədəni irsinin dərindən öyrənilməsi və qorunması ilə sıx bağlıdır:

"Keçmişin irsi müasir, güclü və suveren dövlət quruculuğunun əsasını təşkil edir və bu dəyərlər regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kavelaşvili   Gürcüstan  


Bizi "telegram"da izləyin