İran ABŞ və İsrailin hücumları nəticəsində yüz milyardlarla dollar zərər gördüyünü açıqlayıb

2026/05/1780051402.jpg
Oxunub: 276     14:38     29 May 2026    
İran ABŞ və İsraillə müharibə zamanı yüz milyardlarla dollar məbləğində zərər gördüyünü və kompensasiya məsələsinin prioritet olduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əlaəddin Borucerdi bildirib.

Onun sözlərinə görə, ölkəyə vurulan zərərin həcmi yüz milyardlarla dollarla ölçülür və müharibəni başladan tərəf kimi ABŞ bu zərəri ödəməlidir.

Borucerdi qeyd edib ki, İran ərazisinə zərbələr endirilməsi üçün öz ərazilərini baza kimi təqdim edən Yaxın Şərq ölkələri də vurulan ziyana görə məsuliyyət daşıyır və kompensasiyada iştirak etməlidirlər.

Xatırladaq ki, İran tərəfinin məlumatına əsasən, fevralın 28-də ABŞ və İsrail İran əleyhinə hərbi əməliyyatlara başlayıb. Zərbələr nəticəsində Tehran da daxil olmaqla ölkənin iri şəhərləri hədəfə alınıb.

Bunun ardınca İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini açıqlayıb. Həmçinin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi obyektlərinə də zərbələr endirildiyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin