Ordu.az xəbər verir ki, “X-Fire” sistemi Fransanın FLP-T 150 taktiki ballistik raketi kimi yerli uzaqmənzilli zərbə imkanları tam hazır olana qədər xarici istehsal sursatlardan istifadə edə biləcək çevik arxitektura əsasında hazırlanıb.
Bununla Fransa yeni yerli sistemlər silahlanmaya qəbul edilənədək yarana biləcək əməliyyat imkanları boşluğunun qarşısını almağı hədəfləyir.
Keçirilən sınaqlar zamanı Fransa istehsalı olan reaktiv yaylım atəşi sistemi daha əvvəl “Tiger” hücum helikopterində də sınaqdan keçirilmiş “Thales” istehsalı 68 millimetrlik “X-Fum” təlim raketindən istifadə edib.
“Thales” şirkətinin Nəqliyyat Vasitələri və Taktiki Sistemlər üzrə vitse-prezidenti Jülyen Assun sistemin əhəmiyyətinə diqqət çəkərək bildirib ki, “X-Fire” platformasının çoxfunksiyalılığı mövcud LRU sistemlərinin istismar müddətinin başa çatması ilə onilliyin sonuna qədər yerli ballistik sursatın hazırlanması zərurəti arasında balans yaratmağa imkan verir.
“X-Fire” sisteminin çoxşaxəli imkanları mövcud “Unitary Rocket Launcher” sistemləri istismar müddətinin sonuna yaxınlaşarkən, suveren ballistik sursatın hazırlanması ehtiyacı ilə döyüş imkanlarının fasiləsiz qorunması tələbini uzlaşdırmağa imkan verir”, - deyə Assun bildirib.
O qeyd edib ki, şirkət artıq sistemin seriyalı istehsalına hazırlıq işlərinə başlayıb.
Fransanın uzaqmənzilli zərbə proqramı
Fransa 2023-cü ilin iyul ayında FLP-T (Frappe Longue Portée Terrestre) proqramına start verərək yerli istehsal uzaqmənzilli yaylım atəşli reaktiv sistem hazırlamaq niyyətini rəsmiləşdirib.
Bu qərarın əsas səbəbi Fransa Quru Qoşunlarının silahlanmasında olan və ABŞ istehsalı M270 MLRS sisteminin modernləşdirilmiş versiyası hesab edilən LRU platformalarının 2027-ci ildən etibarən istismardan çıxarılacaq olmasıdır.
FLP-T proqramı çərçivəsində 2030-cu ilə qədər azı 13 sistemin, 2035-ci ilə qədər isə ümumilikdə 26 sistemin tədarük edilməsi planlaşdırılır. Bu qüvvənin tabor səviyyəsində uzaqmənzilli atəş imkanları yaratması nəzərdə tutulur.
“X-Fire” və THUNDART arasında rəqabət
“Thales” və “Soframe” şirkətlərinin birgə hazırladığı “X-Fire” sistemi proqramın iki əsas namizədindən biri hesab olunur. Platforma MBDA və “Safran” şirkətlərinin birgə hazırladığı THUNDART sistemi ilə rəqabət aparır.
“X-Fire” Fransa Ordusunun logistika parkında istifadə olunan 8×8 təkər formuluna malik platforma üzərində yerləşdirilir. Sistem hədəfləmə, atəş açma, mövqe təyin etmə, naviqasiya və vaxt sinxronizasiyası funksiyaları üçün “Thales” istehsalı “TopStar Smart Receiver” peyk naviqasiya siqnallarının qarışdırılmasına qarşı müdafiəli qəbuledicisindən və TopAxyz inersial ölçmə blokundan istifadə edir.
Digər tərəfdən, “Thales” şirkəti FLP-T proqramının raket hissəsi üzrə də “ArianeGroup” ilə əməkdaşlıq edir. Birgə hazırlanan FLP-T 150 raketinin əməliyyat zərbə məsafəsinin 150 kilometrə qədər çatdırılması planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az