Ordu.az xəbər verir ki, etibarlı radiotezlik sistemləri, antenlər və elektron texnologiyalar sahəsində fəaliyyət göstərən “SAĞLAMTEK Aviasiya Müdafiə” şirkəti son dövrlərdə ciddi təhdidə çevrilən pilotsuz uçuş aparatlarının aşkarlanmasına yönəlmiş layihəsini məhsula çevirib.
Şirkət bu sistem vasitəsilə hazırda istifadə olunan radar və elektro-optik aşkarlama vasitələrini tamamlamağı hədəfləyir.
“SAĞLAMTEK Aviasiya Müdafiə”nin Quraşdırılmış Proqram Təminatı Komandasının rəhbəri Ömər Boyraz bildirib ki, standart radarlar canlıları və ya hərəkət edən bütün obyektləri aşkarlamağa meyilli olur ki, bu da mürəkkəb mühitlərdə effektivliyi azaldır.
Boyraz qeyd edib ki, hazırladıqları sistem radarları tamamlayan vasitə kimi nəzərdə tutulub. Onun sözlərinə görə, sistemin klassik radiotezlik radarlarından əsas fərqi passiv iş prinsipi ilə fəaliyyət göstərməsidir.
“Aktiv radarlar siqnal göndərdiyi üçün öz yerlərini aşkar edir və yüksək enerji sərf edirlər. Akustik radar isə passiv radardır, yalnız dinləyici mövqeyində fəaliyyət göstərir. Bu səbəbdən çox aşağı enerji ilə işləyir və pilotsuz uçuş aparatlarının mühərrik və pər səsinə fokuslanaraq onların mövcudluğunu, istiqamətini və üfüqi-şaquli koordinatlarını dəqiq müəyyən edə bilir”, - deyə Boyraz bildirib.
O əlavə edib ki, sistem təhlükə yaranan zaman erkən xəbərdarlıq funksiyasını da yerinə yetirir.
Boyrazın sözlərinə görə, qorunması nəzərdə tutulan və ya təhlükənin gələcəyi ehtimal olunan əraziyə paralel şəkildə yerləşdirildikdə sistem kilometrlərlə uzaq məsafədən aşkarlama həyata keçirə bilir.
Şirkət nümayəndəsi bildirib ki, pilotsuz uçuş aparatlarının keçib-keçmədiyinin izlənməsi tələb olunan bütün məkanlarda sistemdən istifadə etmək mümkündür. O, sistemin kameralar və məhvetmə vasitələri ilə inteqrasiya edilərək akustik radar kimi fəaliyyət göstərə biləcəyini də vurğulayıb.
Boyraz qeyd edib ki, oxşar sistemlər adətən yalnız pilotsuz uçuş aparatının mövcudluğunu müəyyən edir və yüksək enerji sərf edir.
Hazırlanan sistem isə cəmi 5 dərəcəlik xəta payı ilə hədəfin istiqamətini və hündürlüyünü göstərə bilir. Sistemin aşkarlama məsafəsi ilə bağlı da məlumat verilib.
Boyraz bildirib ki, orta ölçüsü 50 santimetr olan pilotsuz uçuş aparatını 570 metr məsafədən fasiləsiz izləmək mümkündür. Onun sözlərinə görə, qanad açıqlığı 3 metr olan sabitqanadlı iri sistemlər üçün aşkarlama məsafəsi 3 kilometrə çatır.
Ömər Boyraz son dövrlərdə artan sürü pilotsuz uçuş aparatı hücumlarına da toxunub. O bildirib ki, səs və harmonik siqnalların artması nəticəsində sistem sürü halında fəaliyyət göstərən pilotsuz uçuş aparatlarını daha uzaq məsafələrdən və daha effektiv şəkildə aşkarlaya bilir.
Boyraz əlavə edib ki, sistemin cəmi 250 millisaniyəlik aşkarlama müddətinə malik olması müxtəlif istiqamətlərdən gələn çoxsaylı təhdidlərin eyni vaxtda izlənilməsinə imkan yaradır.
Şirkət nümayəndəsi vurğulayıb ki, modul quruluş sayəsində sistem həm sabit obyektlərdə, o cümlədən post və istehkam məntəqələrində, həm də sahədə fəaliyyət göstərən mobil bölmələr tərəfindən istifadə oluna bilər.
Sistemin çəkisinin 1 kiloqramdan az olduğu və təxminən 30 vatt enerji sərf etdiyi bildirilib. Boyraz qeyd edib ki, bu xüsusiyyət sayəsində sistem adi enerji bankı ilə belə işləyə bilir.
Bu isə hərəkətdə olan və ya mövqe tutmuş bölmələrin pilotsuz uçuş aparatı hücumları barədə əvvəlcədən xəbərdar edilməsinə imkan yaradır. SAĞLAMTEK şirkətinin nümayəndələri sistemin mövcud imkanları ilə sahə sınaqlarını uğurla başa vurduğunu və effektivliyini sübut etdiyini də bildiriblər.
Sevinc Əliyeva
Ordu.az