İyunun 27-də səhər saat 5-də Səfərovlar ailəsinin evlərinə xəbərdarlıq edilmədən keçirilən basqın nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları xüsusi təyinatlıların fiziki zorakılığı nəticəsində hadisə yerində öldürülüb, digər ailə üzvləri isə ağır yaralı vəziyyətdə xəstəxanaya aparılıb. Bu, bir ailəyə qarşı deyil, bütün bir etnik qrupun – azərbaycanlıların ünvanına yönəlmiş dövlət səviyyəli zorakılıq aktıdır.
FSB-nin bu qədər sərt və vəhşi metodlara əl atması, üstəlik, bu aksiyanın 2001-ci ildə baş verən və 24 ildir unudulmuş bir cinayət işi ilə əlaqələndirilməsi açıq-aşkar bəhanədir. Guya həmin illərdə öldürülən Yunis adlı şəxs də azərbaycanlı olub. Maraqlıdır ki, həm qurban, həm də şübhəlilər eyni etnik mənsubiyyətdəndir. Bu isə göstərir ki, iddia olunan söhbət azərbaycanlılar arasında baş verən hansısa fərdi qarşıdurmadan gedir və 24 ildən sonra bu məsələni diriltmək yalnız siyasi motivli qərar ola bilər.
Rusiya mənbələrinin hələ də bu hadisə ilə bağlı konkret dəlil və sübut təqdim etməməsi, azərbaycanlıların guya silahlı müqavimət göstərməsi versiyasını ortaya atması, Kremlin bu cinayətə don geyindirmək cəhdindən başqa bir şey deyil. Əgər hər hansı real hüquqi əsas olsaydı, bunu ilk növbədə mediaya sızdırmaqdan çəkinməzdilər. Əksinə, indi bütün rusdilli "Telegram" kanalları tipik anti-azərbaycan ritorikası ilə azərbaycanlıların “cinayətkar şəbəkə” olması barədə təbliğat aparır.
Ən qorxunc və biabırçı məqam isə odur ki, 2024-cü ilin martında Azərbaycan xüsusi xidmət orqanları Rusiya ilə koordinasiyalı şəkildə, elə həmin Yekaterinburqda yaşayan "vətənə xəyanət etmiş" şəxsi zərəsizləşdirərək Bakıya gətirmişdi. Rusiya bu əməliyyata dəstək vermişdi, yəni Azərbaycan tərəfinə istədiyi şəxsi ərazisindən çıxarmağa imkan yaratmışdı. Bəs indi nə baş verdi? Rusiya bir neçə ay əvvəl əməkdaşlıq etdiyi Azərbaycana qarşı nə üçün qəfil vəhşi repressiyaya başladı?
Bu, açıq şəkildə göstərir ki, Moskva-Bakı münasibətləri yalnız Kreml üçün əlverişli olanda dostluq adlandırılır. Əgər Azərbaycanın milli maraqları Rusiya siyasətinə uyğun gəlmirsə, dərhal “əldəqayırma cinayətlər”, “anti-terror əməliyyatları” adı altında azərbaycanlılara qarşı repressiv aksiyalar başlayır.
Rusiya bu addımı ilə bir neçə məqsəd güdür:
1. Azərbaycan diasporunu qorxu içində saxlamaq: Yekaterinburqdakı azərbaycanlılar arasında indi dərin təşviş var. Rus mediası onların hər birini “potensial şübhəli” kimi göstərir. İnsanlar öz evlərində belə təhlükəsiz olmadıqlarını hiss edirlər.
2. Bakıya siyasi mesaj göndərmək: Kreml Azərbaycanın müstəqil siyasət yürütməsini, xüsusilə Rusiya ilə Qərb arasında balans yaratmaq cəhdlərini qəbul etmir. Səfərovlar üzərindən verilən mesaj aydındır – “əgər bizi dinləməsəniz, istədiyimiz vaxt sizinkiləri əzərik”.
3. Daxili təbliğata material vermək: Rusiya daxilindəki sosial-iqtisadi böhrandan xalqın diqqətini yayındırmaq üçün “xarici düşmən” obrazına ehtiyac var. Mərkəzi Asiya miqrantlarından sonra növbə azərbaycanlılara çatıb.
Bu hadisə Azərbaycana bir daha göstərdi ki, Rusiya heç zaman etibarlı tərəfdaş olmayıb və olmayacaq da. 1990-cı ildə Bakıda törədilən 20 Yanvar qırğınından tutmuş, 2020 və 2023-cü illərdə Qarabağ məsələsində riyakar vasitəçilik cəhdlərinə qədər Kremlin yürütdüyü siyasət daim Azərbaycan xalqına qarşı yönəlib.
Bu gün Yekaterinburqda tökülən azərbaycanlı qanı – təkcə FSB-nin deyil, bütövlükdə Rusiya dövlət sisteminin cinayətidir. Əgər Azərbaycan dövləti dərhal sərt mövqe ortaya qoymasaydı, sabah bu “əməliyyatlar” Moskva, Sankt-Peterburq və digər şəhərlərdə də təkrarlana bilərdi. Azərbaycanın Rusiya qarşısında siyasi və hüquqi cavab tələb etməsi zəruri idi. FSB rəhbərliyinin davranışına hüquqi qiymət verilməsi və hətta diplomatların səfərlərinin dondurulması kimi addımlar vacib idi.
Azərbaycan xalqının təhlükəsizliyi harada yaşamasından asılı olmayaraq dövlətin şərəf məsələsidir.
Firuz Bağırov
Ordu.az