“168.am”: 8 illik aldatma və Ermənistan iqtisadiyyatının geriləməsi

2026/05/1779085249.jpg
Oxunub: 221     16:31     04 İyun 2026    
“8 il əvvəl xalqı aldadaraq Nikol Paşinyanın rəhbərlik etdiyi gənc inqilabçılar hakimiyyətə gəlib, Ermənistanda iqtisadi və texnoloji inqilab həyata keçirməyi, böyük investisiya axını təmin etməyi, ədalətli rəqabət mühiti və sosial ədalət qurmağı vəd etmişdilər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “8 illik aldatma və Ermənistan iqtisadiyyatının geriləməsi” başlıqlı məqaləsində yazıb.

Məqalədə bildirilib ki, həmin dövrdə cəmiyyətdə böyük gözləntilər var idi və insanlar siyasi dəyişikliklərin iqtisadi və sosial dönüşə səbəb olacağına ümid edirdilər. Lakin 8 ildən sonra məlum olub ki, xalqın həyatında itkilərdən başqa heç bir dönüş baş verməyib.

Nəşr qeyd edib ki, əsl dəyişiklik “Vətəndaş Müqaviləsi” partiyası nümayəndələrinin həyatında yaşanıb.

“Televizor və tozsoran almağa pulu olmayan insanlar indi yüz minlərlə dollar dəyərində mənzillər və villalar alır və ya tikirlər. Onların həyatı inqilabi sürətlə dəyişib, vətəndaşların böyük hissəsi isə yenə də çətinliklə dolanır”, - deyə məqalədə vurğulanıb.

Müəllif bildirib ki, bu səbəbdən illər keçsə də Ermənistanda yoxsulluq səviyyəsi hələ də yüksək olaraq qalır.

“Əgər hesablama metodologiyasındakı dəyişiklikləri nəzərə almasaq, yoxsulluq faktiki olaraq əvvəlki səviyyədə qalıb. Hakimiyyətin milyardlarla dollar borcu dövlətin və xalqın boynuna yükləməsinin nəticəsinin nə olduğu isə məlum deyil”, - deyə nəşr yazıb.

Məqalədə qeyd olunub ki, vəd edilən “texnoloji inqilab” da yalnız siyasi çıxışlar səviyyəsində qalıb.

“Davamlı olaraq sənayenin texnoloji yenilənmədən keçməli olduğu, kənd təsərrüfatının isə müasir və səmərəli sahəyə çevriləcəyi deyilsə də, real iqtisadiyyatda bu dəyişikliklər sistemli şəkildə baş vermədi.

Nə sənayedə, nə də kənd təsərrüfatında ciddi texnoloji inkişaf müşahidə olunub. Kənd təsərrüfatı üçün nəzərdə tutulmuş torpaqların təxminən yarısı bu gün də becərilmir. Nəticədə kənd təsərrüfatında illərlə artım olmayıb”, - deyə məqalədə bildirilib.

Məqalədə qeyd olunub ki, bir çox kənd təsərrüfatı məhsullarının istehsalı azalıb və bu da bazarda qiymət artımına səbəb olub.

“Bəzi məhsulların qiyməti iki, hətta üç dəfə artıb. Lakin bundan fermer demək olar ki, heç nə qazanmayıb. Çünki bir tərəfdən istehsal azalıb, digər tərəfdən isə maya dəyəri kəskin yüksəlib.

İqtisadiyyatın strukturu da yaxşılaşmaq əvəzinə daha çox qeyri-istehsal sahələrinə yönəlib. Ticarət və xidmət sektorunun payı əhəmiyyətli dərəcədə artıb, halbuki sənaye və kənd təsərrüfatı kimi real iqtisadi sahələr geriləyib”, - deyə məqalədə vurğulanıb.

Nəşr bunu təhlükəli tendensiya adlandıraraq bildirib ki, ticarət yalnız mövcud dəyərin yenidən bölüşdürülməsini həyata keçirir, yeni dəyər yaratmır.

“İqtisadi artım istehlak və idxal üzərində qurulduqda, iqtisadiyyat xarici şoklara qarşı daha həssas olur və uzunmüddətli sabit inkişaf təmin edilmir”, - deyə müəllif qeyd edib.

Məqalədə son illərdə qeydə alınan iqtisadi artımın əsasən xidmət sektoru və xarici maliyyə axınları hesabına baş verdiyi vurğulanıb.

“İxracın şaxələndirilməsi boş söhbət səviyyəsində qalıb, idxaldan asılılıq isə daha da artıb. İqtisadi inqilab əvəzinə yalnız dövlət borcu “inqilabi sürətlə” artıb.

Vaxtilə hakimiyyəti borclanmağa görə tənqid edənlər 8 il ərzində dövlət borcunu iki dəfədən çox artırıblar. Borc iqtisadi siyasətin əsas alətlərindən birinə çevrilib və bu, uzunmüddətli risklər yaradıb”, - deyə məqalədə bildirilib.

Nəşr vurğulayıb ki, iqtisadi artım məhsuldarlığın yüksəlməsi ilə deyil, borclar hesabına təmin ediləndə, belə artım dayanıqlı ola bilməz.

Məqalədə investisiyalarla bağlı vədlərə də toxunulub. “İddia edilirdi ki, siyasi dəyişiklikdən sonra investisiyalar Ermənistana axacaq. Lakin investisiya axınları qeyri-sabit olaraq qaldı və çox vaxt birdəfəlik sövdələşmələrdən asılı oldu”, - deyə müəllif yazıb.

Nəşr Ermənistan iqtisadiyyatına yönələn xarici investisiyaların həcminin olduqca aşağı olduğunu qeyd edib.

“Məsələn, ötən il real iqtisadiyyata yönələn xalis xarici investisiyalar cəmi 34 milyard dram, birbaşa investisiyalar isə 93 milyard dram təşkil edib. Bu isə müvafiq olaraq təxminən 89 milyon və 244 milyon dollar deməkdir. Bu məbləğlər real iqtisadiyyat üçün olduqca cüzidir və ölkədə iqtisadi vəziyyətin acınacaqlı olmasının əsas səbəblərindən biridir”, - deyə müəllif yazıb.

Nəşr bildirib ki, investorlar üçün əsas məsələ mülkiyyət hüququnun qorunmasıdır.

“Əgər hakimiyyət özünü özəl biznesin ortağı kimi aparırsa və siyasi məqsədlərlə mülkiyyətin yenidən bölüşdürülməsi baş verirsə, bu investor üçün ən böyük təhlükədir”.

Belə şəraitdə investisiyalar haqqında qanunlara edilən dəyişikliklər investorların etimadını bərpa edə bilməz. İnvestorların etimadı haqqında o zaman düşünmək lazım idi ki, hakimiyyət biznesin cibinə girir, qanunları öz maraqlarına uyğun dəyişdirir və siyasi məqsədlərlə sahibkarların bizneslərini əlindən alırdı”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İqtisadiyyat  


Bizi "telegram"da izləyin