Nüvə obyektlərinə zərbə: Ssenari masadadır?

2025/06/1750079590.jpg
Oxunub: 1059     22:19     16 İyun 2025    
İran əleyhinə hücum yönümlü təbliğatın yüksək “notlarına” baxmayaraq, İsrail mediası etiraf etməyə məcbur qalır ki, ölkənin Hərbi Hava Qüvvələrinin İran İslam Respublikasının həm təbii, həm də hərbi cəhətdən qorunan nüvə obyektlərini qat-qat keçərək məhv etməsi uzun zaman tələb edəcək.

İsrailin “vesty.co.il” saytının yaydığı məlumata görə, təhlükəsizlik sistemində çalışan yüksək vəzifəli şəxslərdən biri bildirib ki, “yalnız bu halda İranın nüvə proqramına real zərbə vurmaq mümkündür. Bu prosesin müddətini xeyli qısalda və hədəfə çatdırmağı mümkün edən yeganə vasitə dünyada nadir rast gəlinən, dərin yeraltı bunker və sığınacaqları dəlik-deşik edə bilən ABŞ-yə məxsus bombalardır. Əgər prezident Donald Tramp bu məqsədə “yaşıl işıq” yandırarsa, bu mümkün olar”.

Saytın yazdığına görə, İsrail rəsmiləri – xüsusilə təhlükəsizlik sahəsində uzun illər işləmiş şəxslər – əmindirlər ki, İranın nüvə proqramını həqiqətən sıradan çıxarmaq üçün bütün obyektlər, ilk növbədə “Fordo” kompleksi məhv edilməlidir. Bu isə əsasən ABŞ-nin dəstəyi ilə – B-2 və B-52 ağır bombardmançıları və İsraildə mövcud olmayan iri çaplı bombalar vasitəsilə mümkündür.

Əgər ABŞ “son və həlledici zərbəni” endirməzsə, o zaman İsrail ümid edir ki, özünün “kombinə olunmuş imkanları” vasitəsilə İranın nüvə layihəsini illərlə ləngidə bilər və ya Tehranı İsrail üçün daha əlverişli bir razılaşmaya məcbur edə bilər.

Bu analitik-ekspert məlumatı elə bir zamanda yayılıb ki, İran nüvə silahına sahib olmamağı təmin edən sazişi imzalamağa razı olduğunu bildirib, lakin şərt qoyub ki, uranı sülh məqsədilə zənginləşdirmək hüququ saxlanılsın.

İranın xarici işlər nazirinin bu bəyanatı ABŞ prezidentinin xəbərdarlığından sonra gəlib. Tramp bildirib ki, əgər problemi danışıqlar yolu ilə həll etmək imkanı əldən verilsə, nəticələr İran üçün daha ağır olacaq. Əslində İsrailin baş naziri Benyamin Netanyahu informasiya sızmaları yolu ilə Birləşmiş Ştatlara mesaj verir: “İrana son və həlledici zərbəni endirin və onu nüvə layihəsindən məhrum edin”. Bəs görəsən Tramp bu müharibənin artıq formal məsuliyyətini öz üzərinə götürəcəkmi? Amerikanın bombardmançı təyyarələri İranın nüvə obyektlərini vuracaqmı?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Nüvə  


Bizi "telegram"da izləyin