İranın Rusiyadan aldığı “zəmanət” işlək deyil? – BAXIŞ BUCAĞI

2025/06/1749815833.jpg
Oxunub: 778     15:56     13 İyun 2025    
Təsadüfdür, yoxsa əvvəlcədən planlaşdırılmış bir addım? Amma faktdır ki, İsrail “Aslan Milləti” adlı hərbi əməliyyata başlayıb, həm də bu, Tehranda Rusiya-İran arasında hərtərəfli əməkdaşlıq haqqında müqavilənin yekun təsdiqindən bir gün sonraya təsadüf edir. Mətbuatda, o cümlədən İran mediasında yayılan məlumatlara görə, İsrailin gecə saatlarında endirdiyi zərbələr olduqca ciddi və sarsıdıcı olub. Həlak olanlar arasında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Baqeri, SEPAH komandanı Salemi və üç nüvə fizikası üzrə mütəxəssis var. İsrailin hədəfi İranın Natanz nüvə mərkəzi olub. Bildirilir ki, həmin ərazidə radiasiya fonunda hər hansı bir aktivlik qeydə alınmayıb.

İsraildə isə İranın cavab hücumlarına hazırlıq görülüb. İranın 200-dən çox pilotsuz uçuş aparatı (PUA) havaya qalxıb. İranın ali dini lideri Xameneyi bəyan edib: “Sionist rejim ən sərt cəzaya hazır olsun. Allahın köməyi ilə İslam Respublikasının güclü silahlı qüvvələri onlara aman verməyəcək”. Onun göstərişi ilə Baş Qərargah rəisinin və SEPAH komandanının müvəqqəti əvəzediciləri təyin olunub.

İrana qarşı hücumdan bir neçə saat öncə ABŞ prezidenti Donald Tramp bəyan edib ki, razılığa gəlmək imkanı olduğu müddətdə, İsrailin güc tətbiq etməsini istəmir. Lakin ABŞ dövlət katibi Rubio bildirib ki, İsrail Vaşinqtonu hücum barədə məlumatlandırıb.

İsrailin hücumundan artıq yeddi saat keçsə də, Moskvadan rəsmi heç bir reaksiya verilməyib. Daha öncə Rusiya rəsmiləri qeyd etmişdilər ki, hərtərəfli əməkdaşlıq haqqında müqavilənin hərbi komponenti yoxdur və bu sənəd üçüncü tərəfə qarşı yönəlməyib. Təxminən iki həftə əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında ondan İranın nüvə proqramı ilə bağlı mövqeyinə təsir göstərməyi xahiş edib.

Moskvanın bu məsələ ilə bağlı Tehranla hər hansı bir müzakirə aparıb-aparmadığı bəlli deyil. Bu barədə heç bir məlumat yayılmayıb. Lakin İranın müqaviləni təsdiqlədiyi vaxt sanki onu göstərir ki, Tehranda Moskvadan azı siyasi dəstək gözləyiblər.

İsrailin endirdiyi zərbələr İran İslam Respublikası üçün Rusiya ilə strateji əməkdaşlıq müqaviləsinin real dəyərini açıq şəkildə ortaya qoyur. Rusiya bütün diqqətini Ukrayna ilə müharibəni “qalibiyyətlə başa vurmağa” yönəldib. Halbuki həmin müharibədə İran Rusiyaya misilsiz yardım göstərib. Bəs Rusiya-İran hərtərəfli strateji tərəfdaşlığını nə gözləyir?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya  


Bizi "telegram"da izləyin