Şarikovun fikrincə, bu qarşıdurma xüsusilə Tramp üçün təhlükəlidir. Çünki mübahisə elə bir mərhələdə baş verib ki, “böyük gözəl qanun” Nümayəndələr Palatasında cəmi bir səs fərqlə qəbul olunub və aydındır ki, qanuna qarşı səs verənlər – Trampın böyük ümid bəslədiyi şəxslər – elə Respublikaçılar Partiyasında da təsirli fiqurlardır.
Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun baş elmi işçisi Vladimir Vasilyev hesab edir ki, İlon Mask prezidentlə cəmi dörd ay davam edən əlaqələri nəticəsində “Trampın siyasətinə və trampizmə texnoloji sahibkarlar dairəsindən bir növ hökm oxuyub”. Həmin dairələr ölkənin liderindən köklü dəyişikliklər gözləyirdilər. Vasilyevin fikrincə, bu çevrələr bilirdilər ki, “prezident qocadır, keçmiş şoumen olub, lakin düşünürdülər ki, onun xarici siyasəti proqramlıdır, halbuki Mask açıq şəkildə göstərir ki, belə deyil – heç bir strategiya yoxdur, Tramp əslində hər şeyi şouya çevirir”.
Bunu sübut etmək üçün rusiyalı amerikaşünas Trampın gömrük tarifləri və Ukrayna məsələsindəki “siyasi qeyri-sabitliyi” misal gətirir: “Hər sahədə gurultulu seçki vədləri verilib, lakin nəticədə əslində heç nə yoxdur. Mask xəbərdarlıq edir ki, Tramp inqilabçı yox, klassik-sistemli bir fiqurdur və onun əsas məqsədi yalnız yenidən seçilməkdir”.
Rusiya-Amerika münasibətlərinin “yenidən yüklənməsi” ətrafında yaranan informasiya-təbliğat mühiti, çox güman ki, Moskvada ABŞ prezidentinin təşkil etdiyi “növbəti şou” kimi qiymətləndirilir, yəni bu təşəbbüsün arxasında ciddi strateji konsepsiya dayanmır. Görünür, bu səbəbdəndir ki, Kreml Tramp-Putin görüşü barədə olduqca ehtiyatlı və hətta skeptik münasibət formalaşdırıb.
Rusiya prezidentinin mətbuat katibi Peskovun fikrincə, bu cür görüşə “ciddi hazırlıq aparılmalıdır”. Aydındır ki, dörd aydan çox davam edən açıq və qapalı Rusiya-ABŞ müzakirələri hələ də “ortaq mövqe” formalaşdırmayıb.
Tamamilə təsadüfi deyil ki, rusiyalı amerikaşünas diqqəti gələn il ABŞ-də keçiriləcək Konqresin ara seçkilərinə yönəldir. Sosioloji sorğular həqiqətən göstərir ki, Tramp reytinq itkiləri yaşayır. Bu isə, təbii ki, ara seçkilərə təsir etməyə bilməz. Əgər Tramp Senatda və Nümayəndələr Palatasında çoxluğu itirərsə, o zaman Vaşinqtonun Rusiyaya qarşı siyasəti də dəyişəcək.
Bu məsələ, çox güman ki, Kremlin “beyin mərkəzlərində” ciddi şəkildə müzakirə olunur. Ukraynadakı müharibə davam edir, Rusiya isə yeni ərazilər üzərində nəzarət əldə edir. Bu, bəlkə də, Trampın söylədiyi “hakim idmançılara bir neçə saniyə mübarizə aparmaq üçün imkan verir, sonra onları ayırır” ifadəsinin nəticəsidir. Lakin son beş ay göstərir ki, ya Trampın belə bir niyyəti yoxdur, ya da onun Rusiya ilə Ukraynanı “bir-birindən ayırmaq” üçün imkanları kifayət qədər deyil. Görünür, Rusiya “Trampdan sonrakı” ABŞ ilə münasibətlərin yeni mərhələsinə hazırlaşır. Bu mərhələ isə Konqresin ara seçkilərindən sonra başlaya bilər.
Asif Cəfərov
Ordu.az