İrəvanın daxili böhranı Tbilisiyə yönəlir – Konyak qalmaqalının pərdəarxası

2025/06/1749232863.jpg
Oxunub: 876     15:39     07 İyun 2025    
İyun ayının 6-da Gürcüstanın kənd təsərrüfatı nazirinin Ermənistana rəsmi səfəri planlaşdırılmışdı, lakin Tbilisi tərəfi bu səfəri son anda ləğv etdi. Rəsmi İrəvanın açıqlamasına görə, gürcü tərəfi üzr istəyərək bunun səbəbini “iş qrafikinin sıxlığı” ilə izah edib. Maraqlıdır ki, həmin səfər zamanı Ermənistanda istehsal olunan konyak və şərab məhsullarının Gürcüstan üzərindən ixracında yaşanan çətinliklər müzakirə olunmalı idi.

Erməni sahibkarlar bir neçə həftədir Gürcüstan gömrüyündə yüklərinin əsassız və uzunmüddətli yoxlanıldığını, bunun isə maddi və vaxt itkilərinə səbəb olduğunu bildirirlər. Ermənistan hökuməti problemi etiraf etsə də, açıq şəkildə görünür ki, məsələni həll etməkdə acizdir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da məsələyə münasibət bildirib, lakin real və sürətli bir həllin görünmədiyini etiraf edib.

“Strateji tərəfdaş” adlandırılan ölkələr arasında bu cür gərginliklər anlaşılmaz görünür. Gürcüstan gömrüyündəki yoxlamaların arxasında texniki səbəblər dayanır, yoxsa Ermənistanın öz içindəki siyasi xaos və təşkilatsızlıq bu problemi böyüdür?

Əlavə olaraq, Ermənistan-Gürcüstan münasibətlərində yalnız texniki deyil, siyasi narahatlıqların da olduğu görünür. Bir müddət əvvəl Ermənistanın Tbilisidəki səfiri Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri ilə görüşmüşdü, bu, diplomatik protokola görə olduqca qeyri-adi və diqqət çəkən bir hadisədir. Həmin görüşün, İrəvandakı gürcü səfirliyinin qarşısında sahibkarların keçirdiyi etiraz aksiyalarından sonra baş tutması isə təsadüfi görünmür.

Bu, Tbilisinin Ermənistandakı bəzi rəsmi dairələrin həmin aksiyaları gizli şəkildə təşkil etdiyindən şübhələndiyini göstərir. Belə bir halda, Ermənistan hakimiyyəti vətəndaşlarını Gürcüstan səfirliyi qarşısında nümayiş etdirməklə, əslində iki ölkə arasındakı dostluq münasibətlərinə xələl gətirmiş olur.

Əslində, bir ölkənin sahibkarlarının problemi ilk növbədə öz hökumətinə deyil, başqa bir ölkənin səfirliyinə yönəltməsi qeyri-ciddi və dövlətçilikdən uzaq yanaşmadır. Ermənistan hökuməti öz vətəndaşlarını başa düşməkdə və onların iqtisadi problemlərinə çözüm tapmaqda aciz olduğu halda, məsuliyyəti Gürcüstana yönəltmək istəyir. Ancaq məsuliyyətli davranan tərəf – Gürcüstan bu məsələlərə təmkinlə yanaşır və emosional cavablar verməkdən uzaqdır.

Konyak və şərab məsələsi, görünən odur ki, sadəcə bəhanədir. Əsl səbəblər, çox güman ki, Ermənistandakı siyasi qeyri-sabitlik, dövlət institutlarının zəifliyi və öz problemlərinə xarici günahkar axtarma tendensiyasıdır. Bu isə Ermənistan-Gürcüstan münasibətlərinə zərbə vurur. Halbuki, Gürcüstan regional əməkdaşlıq və sabitliyin tərəfdarıdır və bu çərçivədə Ermənistanla konstruktiv dialoqa həmişə açıq olub.

Ermənistan isə bu münasibətləri gərginləşdirməklə həm iqtisadi, həm də diplomatik cəhətdən özünə zərər vurur.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Tbilisi   Ermənistan   Gürcüstan  


Bizi "telegram"da izləyin