Rusiya və Ukrayna arasında ilk irəliləyiş: Türkiyənin vasitəçiliyi nəticə verir

2025/06/1748944587.jpg
Oxunub: 827     18:31     03 İyun 2025    
İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarında Rusiya tərəfini prezidentin müşaviri Vladimir Medinski, Ukrayna tərəfini isə müdafiə naziri Rustem Umerov təmsil edirdi. Danışıqlara yola düşməzdən əvvəl Medinski jurnalistlərə bildirdi ki, Rusiya nümayəndə heyəti atəşkəsin təmin olunması prinsiplərinə dair Ukraynanın təqdim etdiyi memorandum layihəsini alıb.

Rusiya prezidentinin müşaviri xüsusi olaraq vurğulayıb ki, sənəd iki nüsxədə təqdim olunub – ukrayna və ingilis dillərində. Medinski zarafatla əlavə edib: “Heç nə olmaz, başa düşərik, nümayəndə heyətimizdə dilləri yaxşı bilənlər var. Hətta iki nəfər mükəmməl yapon dilində danışır”. Bu yumorlu ton, əslində, o deməkdir ki, Rusiya tərəfi İstanbul danışıqlarında israrla öz şərtini davam etdirəcək: əvvəlcə siyasi razılaşmalar əldə olunmalıdır, daha sonra hərbi əməliyyatların dayandırılması mümkün ola bilər.

İyunun 1-də ABŞ dövlət katibi Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Rəsmi açıqlamadan belə təəssürat yaranır ki, Ukraynanın Rusiyanın bir neçə hərbi hava bazasına hücumundan sonra Vaşinqton narahat olub və düşünüb ki, Moskva bu səbəbdən İstanbul danışıqlarından imtina edə bilər.

Bundan öncə Rusiya Prezidentinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov jurnalist Pavel Zarubinə bildirib ki, il ərzində Putin-Tramp sammitinin təşkili “çətin görünür.” Uşakov həmçinin qeyd edib ki, bu istiqamətdə danışıqlar aparılır, lakin hələlik dövlət başçıları səviyyəsində konkret razılaşma əldə olunmayıb.

Bu kontekstdə ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kelloq tərəfindən verilən bəyanat ciddi diqqət çəkib. Onun sözlərinə görə, İstanbul danışıqlarında Böyük Britaniya, Fransa və Almaniyanın təhlükəsizlik strukturlarının nümayəndələri də iştirak edəcək. Bu bəyanat Türkiyə mətbuatında, xüsusilə “Yeni Gazetesi”ndə tənqidi dəyərləndirilib və qəzet hətta bu ölkələrin nümayəndələrinin Çırağan sarayına buraxılmamasını təklif edib.

“RİA-Novosti”nin xüsusi müxbiri iyunun 2-si səhər saatlarında İstanbuldan məlumat verdi ki, danışıqların keçiriləcəyi Çırağan sarayı təhlükəsizlik qüvvələri tərəfindən yoxlanılıb, kinoloqlar da cəlb olunub. Rusiya mediası Ukraynanın Rusiya hərbi hava bazalarına hücumlarını Avropa xüsusi xidmət orqanlarının koordinasiyasında baş verdiyini iddia edir.

Bütün bunlar fonunda əsas sual yaranır: Rusiya nümayəndə heyəti Böyük Britaniya, Fransa və Almaniyanın təhlükəsizlik strukturlarının nümayəndələrinin iştirakı ilə danışıqlarda iştirak edəcək? Əgər Moskva buna qarşı çıxsa və bu iştirakçılardan imtina etsə, bu, ABŞ üçün çətin vəziyyət yaradacaq. Çünki Vaşinqton Ukrayna məsələsində məsuliyyəti Avropanın üzərinə yükləməyə çalışır, özü isə Rusiya ilə ikitərəfli, daha ciddi danışıqlar aparmaq niyyətindədir.

Əgər Avropa nümayəndələrinin iştirakı ilə bağlı fikir ayrılığı davam etsə, bu, hətta Türkiyənin vasitəçiliyini də təhlükə altına sala bilər. İyunun 1-də yaranan dinamika “həqiqət anını” yaxınlaşdırıb: ya siyasi razılaşma üfüqdə görünəcək, ya da müharibə başqa vasitələrlə və daha geniş miqyasda davam edəcək.

Bütün bu mürəkkəb geosiyasi fonun fonunda Türkiyə sabit, balanslı və uğurlu diplomatik platforma rolunu bir daha sübut etdi. İstanbul danışıqlarından sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan sosial şəbəkə üzərindən verdiyi açıqlamada qeyd edib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlar konstruktiv və səmərəli keçib.

Nazir bildirib ki, tərəflər Ukrayna münaqişəsinin həlli ilə bağlı memorandum layihələri mübadiləsi aparıblar və yaxın günlərdə bu sənədlər üzərində texniki səviyyədə işə başlayacaqlar. Eyni zamanda, hər iki tərəf Rusiya və Ukrayna liderləri arasında mümkün görüşə hazırlığı davam etdirmək qərarına gəliblər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Türkiyə  


Bizi "telegram"da izləyin