Azərkosmos “Baku Investment Day”də iştirak edir

2024/06/667d6-1719494166.jpg
Oxunub: 179     17:00     27 İyun 2024    
Azərkosmos 27-28 iyun tarixlərində keçirilən “Baku Investment Day” (Baku ID) tədbiri çərçivəsində “Kosmik İnnovasiya: Biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar, Yer kürəsində həyatın yaxşılaşdırılması” panel sessiyasında iştirak edir.

Ordu.az xəbər verir ki, sözügedən sessiyada “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov, Türkiyənin ilk astronavtı, hərbi pilot Alper Gezeravcı və kosmosda dayanıqlıq və təhlükəsizlik, eyni zamanda kosmos bazar araşdırmaları şirkəti olan “Slingshot Aerospace”in sədrinin müşaviri Dana al-Salem çıxış ediblər.

Saməddin Əsədov kosmik fəaliyyət və innovasiyaların planetimizə təsirinə diqqət çəkərək, ilk baxışda uzaq olan kosmosun, yaxın olan Yerdəki problemlərin həllinə verdiyi töhfələri qeyd edib. Onun sözlərinə görə, innovasiyanın əsas mühərrikini elm və təhsil təşkil edir. İdarə Heyətinin sədri universitetlər, tədqiqat institutları və özəl şirkətlərin kosmik innovasiya ekosisteminin inkişafında birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb. “Onlar birgə tədqiqat aparır, texnologiyalar inkişaf etdirir və gələcək nəsil alim və mühəndisləri yetişdirirlər” – deyə Saməddin Əsədov bildirib. Azərkosmos da ölkəmizdə milli kosmik ekosistemin inkişafı istiqamətində öz səylərini davam etdirir.

Öz növbəsində, digər spikerlər də kosmik sahə və əlaqədar innovasiyaların gündəlik həyatımıza töhfə verə biləcəyi ideyaları vurğulayaraq, bu nəticələrə nail olunmasına dəstək ola biləcək startup ideyalarını qeyd ediblər.

Qeyd edək ki, panel müzakirəsinin sonunda tədbir iştirakçıları üçün Alper Gezeravcı ilə avtoqraf sessiyası keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərkosmos   Baku-Investment-Day  


Bizi "telegram"da izləyin