İrəvanda İsrailin Müstəqillik Gününə həsr olunmuş tədbir ləğv edilib

2024/06/timth-1719384006.jpg
Oxunub: 385     19:38     27 İyun 2024    
Nikol Paşinyan hökuməti 2020-ci ildə böyük təmtəraq və həvəslə İsraildə Ermənistan səfirliyini açıb və bu ölkə ilə diplomatik əlaqələr qurub, indi də eyni səylə İsraillə münasibətləri pozmağa çalışır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, çox gərgin olan İsrail-Fələstin münasibətləri fonunda bir neçə gün əvvəl Ermənistan Fələstin dövlətini tanıdığını bəyan edib, bundan sonra İsrail Xarici İşlər Nazirliyi Ermənistanın Təl-Əvivdəki səfiri Arman Hakopyanı sərt töhmət vermək üçün söhbətə çağırıb.

“İsrail Baş nazirinin ofisi isə rəsmi olaraq Fələstin dövlətçiliyinin tanınması qərarının Ermənistan-İsrail münasibətlərinə mənfi təsir edəcəyini açıqlayıb. Məlumata görə, ötən gün İrəvanda, daha dəqiq desək, “Mariot” otelində İsrailin Müstəqillik Gününə həsr olunmuş tədbir olmalı idi, tədbirə hökumətin yüksək rütbəli məmurları da dəvət olunmuşdu. Tədbir gözlənilmədən ləğv edilib. Qeyd edək ki, bir neçə gün əvvəl Nikol Paşinyan Aleksandr Lukaşenkonun bu ölkənin prezidenti olduğu müddətdə özünün və Ermənistandan hansısa başqa rəsminin Belarusa səfər etməyəcəyini açıqlaması ilə Belarusla növbəti qalmaqal yaradıb. Bütün bunları nəzərə alsaq, qeyd edə bilərik ki, Nikol Paşinyan hökuməti nəyin bahasına olursa-olsun Türkiyə və Azərbaycanla münasibətləri tənzimləməklə yanaşı, digər ölkələrlə də münasibətləri korlamaq öhdəliyinə sadiqdir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin