Avstraliya Ukraynaya hansı antidron sistemləri ilə kömək edir?

2022/08/1659776233.jpg
Oxunub: 1648     17:12     06 Avqust 2022    
Avstraliya istehsalı olan PUA əleyhinə silahlar Ukraynaya Rusiyanın hücumlarından qorumağa kömək edir. Sidneydə yerləşən “DroneShield” texnologiya şirkəti bildirib ki, hərbi yardım müqaviləsi çərçivəsində Ukraynanı öz avadanlıqları ilə təmin edib.

Şirkət hərbi məqsədlər üçün uyğunlaşdırılmış mülki PUA ilə mübarizə aparmaq üçün texnologiya istehsal etmək məqsədi ilə yeddi il əvvəl yaradılıb.

Şirkətin icraçı direktoru Oleq Vornik deyib ki, Ukrayna və Rusiyanın müharibədə PUA-lardan istifadə etməsi onları medianın diqqət mərkəzində saxlayıb. Kiçik PUA-lardan Səudiyyə Ərəbistanına qarşı, Ermənistan-Azərbaycan müharibəsində və Suriya münaqişəsində istifadə olunub.

Ukrayna müharibəsi başlayandan bəri hər iki tərəf düşmən mövqelərini dəqiqləşdirmək, artilleriya zərbələrini istiqamətləndirmək, qoşunların hərəkətini izləmək və qarşı tərəfin kommunikasiyalarını bağlamaq üçün PUA-lardan istifadə edir.

Vornik bildirib ki, onun şirkətinə məxsus “Drone Gun” və yüngül radio ölçülü, daşınabilən qurğular Ukraynada effektivliyini sübut edib, çünki bir çox rus PUA-larında Qərb komponentlərindən istifadə edilib.

“Hətta Rusiyanın hərbi təyinatlı PUA-ları kommersiya hissələrindən istifadə edir, bizim avadanlıqlarımız həmin PUA-ları aşkar etmək və məğlub etmək üçün kifayət qədər effektivdir”, - deyə o bildirib.

O, Ukrayna ordusunun Avstraliya istehsalı olan texnologiyanın performansı ilə bağlı cavabının əsasən müsbət olduğunu söyləyir. “Drone-jamming” texnologiyası dronun yerüstü stansiyasına və ya operatora göndərdiyi siqnalı bloklamaqla işləyir.

Vornik Ukraynada PUA-lardan geniş istifadənin müasir müharibənin simasını dəyişdirdiyinə dair bir çox müdafiə eksperti ilə razılaşdığını bildirib.

Müharibənin əvvəlində Ukrayna rus qoşunlarının uzun karvanlarını və təchizat kolonlarını vurmaq üçün Türkiyə istehsalı “Bayraktar TB-2” adlı lazerlə idarə olunan, bomba atan PUA-lardan geniş şəkildə istifadə edib.

Müharibə başlayandan bəri ABŞ və Qərb müttəfiqləri yüzlərlə PUA, o cümlədən tankların zirehlərini dələn döyüş başlıqları daşıyan və hədəfləri izləmək üçün Süni Zəkadan istifadə edən qeyri-müəyyən sayda “Switchblade”lər göndərib. Lakin onların əhatə dairəsi məhduddur və onlar yalnız təxminən 40 dəqiqə havada qala bilirlər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Ukrayna  


Bizi "telegram"da izləyin