Rusiyanın hansı silahları Azərbaycanı maraqlandıra bilər? – II HİSSƏ (FOTOLAR)

2017/12/60a8c6df78ff86624f6897e7a6c11d9123234234_1512977969.jpg
Oxunub: 665     15:35     11 Dekabr 2017    
Rusiyanın hansı silahlarla Azərbaycanı maraqlandıra biləcəyinə dair yazını davam etdirərkən qeyd etmək lazımdır ki, son dövrlərdə şimal qonşumuz hərbi aviasiya sahəsində böyük uğurlara nail olub.

Daha aydın nümunə qismində Ka-52 “Alliqator” kəşfiyyat-zərbə helikopterini misal çəkmək olar. Bu helikopterlər Rusiya Aerokosmik Qüvvələrinin silahlanmasında kütləvi şəkildə istifadə olunur, həmçinin onların böyük partiyası Misir tərəfindən alınıb. Ka-52 “Alliqator” Ka-50 “Qara köpək balığı”nın modernləşdirilən versiyasıdır. Ekipajı iki nəfərdən ibarətdir və bu, dünyada yeganə döyüş helikopteridir ki, pilotlar arxa-arxaya deyil, yan-yana əyləşiblər. Helikopter istənilən hava şəraiti və günün istənilən saatında tanklar, zirheli və zirehsiz döyüş texnikası, canlı qüvvə və müxtəlif növ uçuş aparatlarının məhv edilməsi üçün nəzərdə tutulub.


Helikopter müxtəlif döyüş tapşırıqlarını yerinə yetirməyə uyğunlaşmağa, effektiv şəkildə manevr etməyə, çətin pilotaj fiqurlarının icrasına imkan verən ən müasir aviatexnologiya və güclü silahlarla təchiz olunub. Ka-52 “Alliqator” mühərrikin izini itirən və onu gözəgörünməzə çevirən radioelektron müdafiə qurğu və vasitələri ilə təchiz edilib. Helikopteri həmçinin 30-100 kilometr məsafədən hədəfi məhv etməyə qadir qeyri-adi dərəcədə güclü “Hermes-A” tank əleyhinə raket kompleksləri ilə də təchiz etmək olar, bu isə daşınan zenit raket kompleksinin təsir zonasına daxil olmadan, həmçinin yaxında yerləşən hava hücumundan müdafiə vasitələrini məhv etməyə imkan verir. Bu helikopterlər regionda silahlı qüvvələr balansını əhəmiyyətli dərəcədə dəyişməyə imkan yaradan böyük qüvvədir.

Həmçinin artıq silahlanmasında Mi-24 və Mi-25-ə malik olan Azərbaycan Ordusu üçün Ka-52 özünün tank əleyhinə raket kompleksləri ilə rəqibin tank ehtiyatına qarşı, yaxud onun ikinci və üçüncü eşalonları üçün uçan qırıcı rolunda istifadə oluna bilər. Bu, yaxşı şəkildə hazırlanan helikopterin taktiki tətbiqi zamanı ermənilərin Azərbaycan qoşunlarının hücum mövqelərinə yaxınlaşmasının qarşısına almağa şərait yaradacaq. Həmçinin Ka-52 “Alliqator”un istifadəsi itkiləri azalda və düşmənin təşkilatlanmasını poza bilər.

Rusiya müdafiə sənayesində başqa maraqlı yeniliklər də var, ələlxüsus da zirehli tank sahəsində. Bu yaxınlarda “Uralvaqonzavod” ictimaiyyətə “Ural” yük maşınının şassisi üzərində yerləşən ilk Rusiya 120 millimetr kalibrə malik “Floks” artilleriya qurğusunu təqdim edib. Prespektivdə bu maşın köhnələn yedək toplarını təmamilə əvəz etməlidir, belə ki, o, özündə uzaqmənzilli top, qaubitsa və minaatanı birləşdirir və 100 metrdən olduğu kimi, 10 kilometrdən də atəş açmağa qadirdir. Maşının silah ehtiyatı da onun haqqında müsbət fikir formalaşdırır – 80 atış.


Daha bir maraqlı yenilik 2S25 “Sprut-SDM-1” tırtıllı özüyeriyən tank əleyhinə topdur. Onunla Venesuela, İndoneziya, Hindistan, o cümlədən Yaxın Şərqin bəzi ölkələri maraqlanır. Bu ölkələr Rusiya texnikasını ilk növbədə qiymət və keyfiyyət mütənasibliyi əsasında seçirlər, belə ki, Rusiya özüyeriyən qurğuları çətin şəraitdə belə döyüş apara bilir, qiymət baxımından isə Qərb analoqlarından ucuzdur. Nümunə qismində 30 millimetrlik topla təchiz edilən, pilotsuz avtomatlaşdırılan döyüş modulu olan “Tiqr” zirehli maşınını misal çəkmək olar. Maşın operatorun əmrlərinə uyğun olaraq hərəkət etmək və atəş açmaqla yanaşı həm də müstəqil şəkildə hədəfləri tapmağı və müşayiət etməyi bacarır. Onun topunun mərmiləri isə rəqibin müasir BTR-ini 1,5 kilometr məsafədə məhv edə bilər. “Verba” və “İqla-S” raket komplekslərinin döyüş modulu ilə təchiz edilən hava hücumundan müdafiə variantında isə “Tiqr” ümumqoşun birləşmələrini aşağı və orta yüksəkliklərdə uçan təyyarə və helikopter hücumlarından müdafiə edə bilir.


Tankların müdafiəsinin gücləndirilməsi qismində universal aktiv müdafiə kompleksi KAZ “Arena-E”-ni nəzərdən keçirmək olar. Onu həm T-90, həm də T-72-yə quraşdırmaq mümkündür. “Arena-E” tank qülləsinin güllədən mühafizə olunan yerlərində quraşdırılır və ikiqat müdafiəni təmin edərək avtomatik rejimdə işləyir.

Yeni Rusiya hava hücumundan müdafiə sistemlərinə gəlincə isə, S-400 “Triumf” orta və uzaq mənzilli sistemləri böyük maraq kəsb edir. O, bütün müasir və prespektivli hərbi-kosmik hücum vasitələrinin məhvi üçün nəzərdə tutulub. Bu artıq Azərbaycan Ordusunun silahlanmasında olan S-300 “Favorit” kompleksinin modifikasiyasıdır.


“Pantsir-S” modernləşdirilən kompleksi də Azərbaycan Ordusunun diqqətini çəkə biləcək yeniliklərdən biridir. Çünki o, ordunu dərin hücumlar zamanı qorumaqla hücum edənlərə qarşı “hava qübbəsi” yaradır. “Pantsir-SM2” yeni modifikasiyası isə yeni çoxfunksiyalı sistemin əlavə edilməsi ilə zərbə məsafəsini 40 kilometr, aşkarlama məsafəsini isə 75 kilometrədək artırılması baxımından fərqlənir. Hava hücumundan müdafiə avtomatik şəkildə toplar və infraqırmızı, radar aşkarlama mexanizmlərinin köməyi vasitəsilə radiokomandalarla həyata keçirilir. “Pantsir-S1” kompleksinin özünəməxsusluğu çoxkanallı ələkeçirmə sistemi, minimal yüəksəklik (0 metr) və minimal məsafədən (200 metr) fasiləsiz olaraq hədəflərin ələ keçirilməsi zonası yaradaraq raket-artilleriya silahları ilə onları müşayiət, həmçinin məhv edə bilməsindədir. 15 kilometr yüksəklik, 20 kilometr məsafədə belə “Pantsir-S1” hədəfləri məhv etməyə qadirdir. Hətta köməkçi vasitələr olmadan. Kompleksin reaksiya müddəti 4-6 saniyədir. Raket atışlarının sistem tərəfindən zərərsizləşdirilməsi üçün 1,5 saniyə kifayət edir. Zərərsizləşdirmənin maksimal sürəti dəqiqədə 10 hədəfə bərabərdir.

2016-cı ilin aprel hadisələri PUA-lar, o cümlədən kamikadze PUA-ların döyüşdə iştirakının artan zəruriliyini göstərdi. Bu mənada “Pantsir-SM” komplekslərinin diqqətçəkici xüsusiyyəti var – 2-3 kvadrat santimetr üçün minimal elektron praqmatik rezonans PUA-ları izləməyə, hətta onların maksimal sürətlə hərəkət etdiyi halda belə məhv edilməsinə imkan verir.

Qeyd edilənlər Rusiya silah bazarının Azərbaycan üçün prespektivli olmasını iddia etməyə zəmin yaradır. Düşünürəm ki, biz Rusiya hərbi sənayəsinin qiymət və keyfiyyət baxımından ən yaxşı yeniliklərini almağa və Azərbaycan Ordusunu gücləndirməyə davam edəcəyik.

Teymur Məmmədov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Azərbaycan  


Bizi "telegram"da izləyin