İtaliyada yarım ay ərzində ikinci ümummilli tətil keçirilir

2026/05/1780046425.jpg
Oxunub: 309     13:08     29 May 2026    
İtaliyada son yarım ay ərzində ikinci 24 saatlıq ümummilli tətil keçirilir.

Ordu.az xəbər verir ki, bir neçə həmkarlar ittifaqının elan etdiyi etiraz aksiyası müharibə iqtisadiyyatına, müdafiə xərclərinin artırılmasına, hökumətin antisosial və repressiv siyasətinə qarşı yönəlib

Tətil əsasən dəmir yolu və ictimai nəqliyyat sektorunu, eləcə də təhsil və səhiyyə müəssisələrini əhatə edir.

Həmkarlar ittifaqlarının yaydığı bəyanatda bildirilib ki, işçilər istismara, aşağı əməkhaqlarına və etiraz aksiyalarının keçirilməsi hüququnun məhdudlaşdırılması cəhdlərinə qarşı etiraz edirlər.

Tətil iştirakçıları həmçinin sülhün təmin olunmasını, məktəblərə və xəstəxanalara daha çox investisiya yatırılmasını, minimum saatlıq əməkhaqqının ən azı 12 avro müəyyən edilməsini tələb edirlər.

Bundan başqa, aksiya iştirakçıları Fələstinə dəstək nümayiş etdirir və müharibələrə vəsait ayrılmasına qarşı çıxırlar. Qeyd olunur ki, İtaliyada mayın 18-də də demək olar ki, eyni şüarlar altında ümummilli tətil keçirilmişdi.

Hazırkı tətil səbəbindən həm dəmir yolu, həm də dəniz nəqliyyatında ciddi pozuntular qeydə alınıb. Bir çox məktəb fəaliyyətini dayandırıb, tibb müəssisələrində isə yalnız təxirəsalınmaz tibbi yardım xidmətlərinin göstərilməsi təmin olunur.

Həmkarlar ittifaqları bəyan ediblər ki, hökumət “özlərinə məcbur edilən müharibələri rədd edən” işçilərin tələblərinə qulaq asmalıdır. Eyni zamanda, tətil iştirakçılarına qarşı sərt tənqidlər də səsləndirilir. Onlar işləmək istəməməkdə ittiham olunurlar.

Məlumata görə, tətilin məhz cümə günü keçirilməsi əlavə narazılıq yaradıb. Belə ki, iyunun 2-də qeyd edilən Respublika Günü ilə əlaqədar iyunun 1-dəki iş günü başqa tarixə keçirildiyindən ölkədə uzunmüddətli istirahət günləri yaranıb.

Bu vəziyyət xüsusilə tədris ilinin sonuna yaxınlaşan məktəblər üçün həssas məsələ hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Tətil  


Bizi "telegram"da izləyin