Ordu.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Dörd il davam edəcək proqram çərçivəsində tankların atəş idarəetmə sistemləri, elektro-optik sensorları, qüllə və topun idarəetmə mexanizmləri, rabitə sistemləri və situasiya məlumatlılığı infrastrukturu yenilənəcək.
Şirkətin açıqlamasına görə, modernizasiya paketi süni zəka dəstəklı elektro-optik atəş idarəetmə sistemlərini, elektrik ötürücülü qüllə və top idarəetmə mexanizmlərini, qabaqcıl rabitə infrastrukturunu və uzunmüddətli texniki dəstək xidmətlərini əhatə edir.
“Elbit Systems” təhlükəsizlik səbəblərinə görə sifarişçinin adını açıqlamayıb. Qeyd olunur ki, son dövrlərdə həyata keçirilən iri zirehli texnika modernizasiya proqramlarında bu yanaşma geniş yayılıb.
Məlumata görə, Rusiya-Ukrayna müharibəsindən sonra əsas döyüş tanklarının modernizasiyasına maraq əhəmiyyətli dərəcədə artıb.
Müharibənin ilk mərhələlərində tank əleyhinə raketlərin effektivliyi səbəbindən tankların gələcəyi sual altına düşsə də, sonrakı dövrdə müasir sensorlara, atəş idarəetmə sistemlərinə və elektron avadanlıqlara malik tankların yüksək intensivlikli quru döyüşlərində hələ də vacib rol oynadığı ortaya çıxıb.
Modernizasiya edilmiş “Leopard 2” və “Challenger 2” tanklarının döyüş şəraitində göstərdiyi nəticələrin mövcud platformaların yeni texnologiyalarla effektivliyini qoruya bildiyini nümayiş etdirdiyi vurğulanır.
Şirkətin təqdim edəcəyi süni zəka dəstəklı elektro-optik sistemlərin ekipaj üçün mühüm üstünlüklər yaradacağı qeyd olunur.
Müasir döyüş mühitində hədəflərin aşkarlanmasının əsasən termal görüntüləmə və elektron sensorlar vasitəsilə həyata keçirildiyi, süni zəka alqoritmlərinin isə texnika, şəxsi heyət və silah sistemlərini insan operatorlardan daha sürətli müəyyən edə bildiyi bildirilir.
Bu sistemlərin xüsusilə gecə əməliyyatlarında və intensiv döyüş şəraitində ekipajın situasiya məlumatlılığını artıracağı vurğulanır. Modernizasiya paketində yer alan elektrik ötürücülü qüllə və top idarəetmə sistemləri də xüsusi diqqət çəkir.
Məlumata görə, köhnə hidravlik sistemlər daha aşağı dəqiqlik təqdim edir və döyüş zamanı yanğın riski yaradır. Elektrik sistemləri isə daha sürətli reaksiya, yüksək dəqiqlik və ekipaj üçün daha yüksək təhlükəsizlik təmin edir. “Elbit Systems” şirkətinin baş icraçı direktoru Bezalel Maxlis bildirib ki, şirkət tank modernizasiyası proqramları sahəsində qlobal lider mövqedədir.
Onun sözlərinə görə, şirkətin müxtəlif bölmələrinin təcrübəsi birləşdirilərək yeni nəsil atəş idarəetmə, elektro-optik və rabitə sistemlərini əhatə edən inteqrasiya olunmuş həllər təqdim edilir.
Qeyd olunub ki, müqavilə yalnız elektron sistemlərin yenilənməsini deyil, həm də ehtiyat hissələrinin tədarükünü, texniki xidmət və dəstək fəaliyyətlərini əhatə edir. Bu yanaşmanın tankların uzunmüddətli əməliyyat hazırlığını qorumağa xidmət etdiyi vurğulanıb.
Sevinc Əliyeva
Ordu.az