Ordu.az xəbər verir ki, şirkətin yaydığı məlumata görə, montaj işləri ABŞ-nin Corciya ştatındakı “Marietta” müəssisəsində həyata keçirilir.
Bildirilib ki, istehsal xəttində montajına başlanılan hissə İsveçrəyə məxsus ilk F-35A qırıcısının mərkəzi gövdə konstruksiyasında istifadə olunacaq. Şirkət qeyd edib ki, təyyarənin ən böyük struktur elementi hesab edilən mərkəzi gövdə hissəsi F-35 korpusunun təxminən 25 faizini təşkil edir və qanadlar da məhz bu hissəyə inteqrasiya olunur.
Məlumata görə, ilk İsveçrə F-35A qırıcısı qarşıdakı bir il ərzində istehsal və yekun montaj mərhələlərindən keçəcək. “Lockheed Martin” açıqlayıb ki, İsveçrəyə məxsus ilk səkkiz F-35A qırıcısının 2027-ci ilin ortalarında ABŞ-nin Arkanzas ştatındakı “Ebbing” Milli Qvardiya Hava Bazasına təhvil verilməsi planlaşdırılır.
Bu təyyarələr İsveçrə pilotlarının hazırlıq prosesində istifadə olunacaq. Qalan təyyarələrin isə 2028-ci ildən etibarən İsveçrəyə çatdırılması nəzərdə tutulur. Şirkət vurğulayıb ki, F-35A İsveçrəyə aşağı radara görünmə, qabaqcıl sensorlar və məlumat mübadiləsi imkanları kimi beşinci nəsil döyüş təyyarəsi üstünlükləri qazandıracaq.
Bundan əlavə, proqram çərçivəsində İsveçrə sənayesi ilə tədqiqat, istehsal və istismar sahələrində əməkdaşlıq layihələrinin həyata keçirilməsi planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az