“7 ölkədən silah almışıq” - Paşinyan

2026/05/1779956757.jpg
Oxunub: 407     12:23     28 May 2026    
“Ordunun yeganə vəzifəsi Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin müdafiəsidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 28-də İrəvanın Respublika meydanında Ermənistanın Birinci Respublikasının yaranmasının 108-ci ildönümünə həsr olunmuş hərbi parad zamanı çıxışında deyib.

Onun sözlərinə görə, Ermənistan ordusu beynəlxalq müqavilələr əsasında həyata keçirilən sülhməramlı missiyalar istisna olmaqla, ölkənin hüdudlarından kənarda istifadə edilməməlidir.

Paşinyan bildirib ki, bu gün paradda nümayiş etdirilən silahların əldə olunması məhz bu yanaşma sayəsində mümkün olub.

“2022-ci ilə qədər xarici hərbi texnika və silah bazarları əsasən Ermənistan üçün bağlı idi və ya ölkənin həmin bazarlara çıxışı yox idi. Beynəlxalq tərəfdaşlar bizə silah verməkdən imtina edirdilər, çünki əmin idilər ki, Ermənistan bu silahlardan beynəlxalq səviyyədə tanınmış ərazilərindən kənarda istifadə edəcək.

Yalnız Praqada əldə olunan razılaşmalardan sonra, Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıdıqdan sonra beynəlxalq silah bazarı İrəvan üçün açıldı”, - deyə Ermənistan hökumətinin başçısı qeyd edib.

Paşinyan vurğulayıb ki, bugünkü paradda 7 ölkədə istehsal olunan silahlar nümayiş etdirilir.

“Bu hərbi əməkdaşlığın coğrafiyası “Real Ermənistan” konsepsiyasına əsaslanan siyasətin nəticəsidir.

Paradda həmçinin Ermənistanda istehsal edilmiş texnika və silahlar da nümayiş etdiriləcək. Bu istehsal hazırda beynəlxalq bazarda öz yerini tutmaq istiqamətində ilk, lakin inamlı addımlarını atır”, - deyə o bildirib.

Nikol Paşinyan çıxışında Ermənistanın Birinci Respublikasının tarixinə də toxunub.

“Birinci Respublika ilə bağlı tarixi yaddaş sülhün bərqərar olunmasında mühüm rol oynayıb. Bu gün Ermənistan “müvəqqəti dövlətçilik” kompleksini aradan qaldırır”, - deyə Paşinyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin