Şıxlinskinin həbs edilməsi onun sadəcə bir ictimai fəal olması ilə deyil, eyni zamanda Rusiya ərazisində yaşayan milyonlarla azərbaycanlının təşkilatlanmasına, mədəni və ictimai dirçəlişinə verdiyi töhfə ilə bağlıdır. Moskva bu cür simaları hədəfə alaraq göstərir ki, Azərbaycanın diaspor fəallığı onun imperiya planlarına mane olur. Yəni Rusiya sadəcə sərhədlər xaricində deyil, daxilində də azərbaycanlı səsini boğmaq istəyir.
Bu hadisə təkcə bir şəxsə qarşı yönəlməyib, bu, ümumən azərbaycanlıların Rusiya cəmiyyətində yerinə, nüfuzuna və təşkilatlanma gücünə qarşı aparılan siyasi aksiyadır. Rusiyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən azərbaycanlı mədəniyyət mərkəzləri, diaspor təşkilatları artıq Kremlin diqqətindədir. Hər bir fəal, hər bir söz sahibi Rusiya üçün “potensial təhlükə” kimi qiymətləndirilir. Nədən? Çünki bu insanlar Rusiya imperiyasının deyil, müstəqil Azərbaycanın vətəndaşlıq ruhunu daşıyırlar. Onlar Kremlin tələb etdiyi “loyallığı” yox, milli qüruru təmsil edirlər.
Mutvali Şıxlinskinin də əvvəlcə saxlanıb sonra buraxılması göstərir ki, bu sadəcə bir araşdırma deyil, psixoloji təzyiq və qorxutma mexanizmidir. Rusiya hüquq-mühafizə strukturları faktiki olaraq milli fəallığı kriminal fəaliyyət kimi təqdim etməyə çalışır. Bu, elə həmin SSRİ repressiyalarının yeni formasıdır. Fərq yalnız bunda deyil ki, indi hədəfdə olanlar sadə insanlar deyil, ictimai fəallar və diaspor liderləridir. Və onların “günahı” bircə şeydir – azərbaycanlı olduqlarını unutmamaq.
Rusiya uzun müddətdir ki, Azərbaycan cəmiyyətinin sərhədlər daxilində olduğu kimi, xaricdəki səslərini də boğmağa çalışır. Amma Şahin Şıxlinski kimi insanlar təkcə diaspor rəhbəri deyil, həm də milli dirəniş simvoludur. Onun saxlanılması rusiyayönlü mesaj deyil, əksinə, azərbaycanlıların Rusiya daxilində necə gücləndiyini və bu gücün artıq Kreml üçün narahatlıq yaratdığını göstərir.
Bu, Rusiya üçün həm də informasiya məğlubiyyətidir. Çünki öz ərazisində yaşayan digər xalqları susdurmağa çalışmaq, multikulturalizmin iflası deməkdir. Kreml bu cür həbslərlə yalnız Azərbaycanla münasibətləri gərginləşdirmir, eyni zamanda öz əhalisinə də göstərir ki, milli azlıqlara güvən və bərabərlik yalnız boş vədlərdir.
Azərbaycan isə bu ssenarilərə daha əvvəl hazır olub. Dövlət səviyyəsində həyata keçirilən diaspor strategiyası təkcə soydaşları bir araya gətirmək deyil, həm də onları müdafiə etmək məqsədi daşıyır. Bu gün Azərbaycan ictimaiyyəti və dövləti Şahin Şıxlinskinin arxasındadır. Bu hadisə bir daha göstərdi ki, Rusiya ilə münasibətlərdə artıq naiflik və xam illüziyalar üçün yer yoxdur. Kreml yalnız sərt mövqedən anlayır və Azərbaycan bu dili getdikcə daha aydın danışır.
Aqil Məmmədov
Ordu.az