Rusiya üçün İsrail-İran savaşında kim uduzdu? – BAXIŞ BUCAĞI

2025/02/1740563204.jpg
Oxunub: 761     14:40     25 İyun 2025    
“ABŞ-nin atdığı addımlar göstərir ki, geosiyasi Monomax tacı onun üçün həddindən artıq ağırdır”, - deyə “RİA-Novosti”nin təhlilçisi İsrail-İran müharibəsində atəşkəsin əldə olunması barədə yazır. Özünün irəli sürdüyü ritorik “Bəs nə oldu, Yaxın Şərqdə böhran dəf olundumu?” sualına isə o, qəti şəkildə mənfi cavab verir.

O hesab edir ki, “baş verənlərdə əsas uduzan tərəf eskalasiyanı planlaşdıran və müharibəni öz mövcudiyyətini qorumağın vasitəsinə çevirən şəxsdir” – bu ifadə ilə o, açıq şəkildə İsrailin baş naziri Benyamin Netanyahunu nəzərdə tutur. Rusiya dövlət mediasının qəzəbi başadüşüləndir: İsrailin baş naziri İran əleyhinə hücumun ilk günündə Rusiya prezidentinin vasitəçiliyindən imtina edib. Bundan əvvəl isə Ukraynada İsrailin səfiri Kiyevə ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemlərinin verilməsi faktını ictimailəşdirmişdi.

Amma “RİA-Novosti”nin müəllifi tənqidin əsas oxunu məhz ABŞ-yə yönəldir və qeyd edir ki, Birləşmiş Ştatlar bəlkə də situativ həll yolları tapır, lakin ciddi müharibəyə hazır deyil. İsrailə gəldikdə isə, onun fikrincə, İran “Dəmir Günbəz”in toxunulmazlığı ilə bağlı yaranmış mifi dağıtmağa nail olub və yəhudi dövləti indi “bu reallıqla yaşamağa məcburdur”.

O ki qaldı İsrailin İrana qarşı hücumuna və Tehranın cavab zərbələrinə, bunun bir çox stereotipləri sındırdığı – o cümlədən Rusiya-İran strateji əməkdaşlığının “sarsılmazlığı” ilə bağlı olanları – yəqin ki, danılmaz faktdır. Həm də bu fikir reallığa çox yaxın görünür: əgər Fələstin məsələsinə optimal həll tapılmasa, İsrail bundan sonra İranın daha dağıdıcı zərbələrini gözləməklə yaşamalı olacaq. Amma doğrudanmı, İsrailə qarşı İranın “qələbəsinin” benefisiarı Rusiya ola bilər?

“RİA-Novosti”nin təhlilinin hər sətrinin altından məhz bu ideya “keçir”. Görünür, Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında ABŞ-nin vasitəçiliyi ya artıq başa çatıb, ya da çox yaxın bir mərhələdə sona yetir. Rusiya rəsmi xəbər agentliyinin şərhindən belə nəticə çıxır ki, Tramp artıq Putin üçün nüfuz sahibi deyil.

Ədalət naminə demək lazımdır ki, Putinin yerində kim olsaydı, belə nəticəyə gələcəkdi. Belə bir ölkənin prezidenti üçün – xüsusilə də “supergüc” sayılan bir dövlətin – açıq şəkildə bir bəyanat verməsi, lakin əksinə silahlı qüvvələrə fərqli təlimat verməsi yolverilməzdir. Heç kim əminliklə deyə bilməz ki, Ukrayna məsələsində Tramp daha səmimi davranacaq.

O halda Ukraynanı nə gözləyir? İyun ayının 20-də Vladimir Putin qədim rus qaydasını yada salıb: “harada ki, rus əsgəri ayaq basır, orası artıq bizimkidir” və təəccüb edib ki, niyə əlverişli vəziyyətdə Rusiya dayanmalıdır? Bəs rus əsgəri hara qədər “gedə” bilər? Bəs əgər Tramp Ukraynanın yanında dayansa?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İsrail   İran  


Bizi "telegram"da izləyin