Hikmət Hacıyevin Praqada Zəngəzur mesajı: Zəngəzur Azərbaycan üçün yol yox, geopolitik mənadır

2025/06/1750068689.jpg
Oxunub: 1504     21:17     16 İyun 2025    
İran-İsrail qarşıdurmasının daha da kəskinləşdiyi və regionda geosiyasi dinamikanın yenidən şəkilləndiyi bir vaxtda Zəngəzur dəhlizi ilə bağlı məsələlər daha da aktivləşir. Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqada “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti” panel müzakirəsində çıxışı zamanı səsləndirdiyi fikirlər İrəvanda təşvişə səbəb olub. Bu, əslində, Bakının bu məsələni yalnız Ermənistanla deyil, həm də beynəlxalq platformada, konkret olaraq Qərb auditoriyası qarşısında da önə çıxarmaq niyyətində olduğunu göstərir.

Qərbdə, xüsusilə Avropa İttifaqında təhlükəsizlik və nəqliyyat dəhlizləri məsələsi təkcə iqtisadi yox, həm də siyasi və geostrateji məsələ kimi qiymətləndirilir. Hacıyevin “bilirəm ki, erməni tərəfi dəhliz sözündən narahat olur. Həmişə zarafatla deyirəm ki, mən Azərbaycanın bütün ərazisinin dəhlizə çevrilməsini istərdim. İstəyirlər yol desinlər, keçid desinlər, fərq etməz, amma əsas məsələ Naxçıvanla birbaşa bağlantının qurulmasıdır” tipli çıxışı isə, əslində, həm ritorik ayıq-sayıqlığın, həm də diplomatik xəbərdarlığın bir nümunəsi kimi şərh oluna bilər.

Bu bəyanat, ilk baxışdan sadə görünə bilər, amma arxasında ciddi strateji siqnallar var. Azərbaycan bu vasitə ilə dünyaya mesaj verir: Bakı artıq təkcə Zəngəzur dəhlizi ideyasını müdafiə etmir, onu həm də regional təhlükəsizlik və sabitlik müstəvisində müzakirə predmetinə çevirir. İran-İsrail toqquşmasının yaratdığı regional gərginlik isə bu siqnalların təsirini artırır. Bakı çox açıq şəkildə göstərir ki, yaranan qeyri-müəyyənlik fonunda yeni kommunikasiya xəttlərinin qurulması daha da təxirəsalınmaz məsələ halına gəlir.

Üstəlik, Azərbaycan tərəfi bu məsələni artıq Ermənistanla birtərəfli danışıqlar çərçivəsində deyil, regional və qlobal təhlükəsizlik kontekstində qaldırır. Hikmət Hacıyevin “biz istəyirik ki, Ermənistan da regional nəqliyyat şəbəkəsinin əsas axınının bir hissəsinə çevrilsin” deməsi isə həm diplomatik jest, həm də geoiqtisadi reallıqların diktəsidir. Çünki Bakı bilir ki, Zəngəzur vasitəsilə açılacaq yol təkcə Naxçıvanla əlaqə deyil, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində böyük Avrasiya coğrafiyasında inteqrasiya layihələrinin reallaşdırılmasıdır.

Ermənistan isə öz növbəsində “dəhliz” ifadəsinə qarşı çıxaraq, məsələnin “suverenlik” aspektini qabartmağa çalışır. Halbuki Ermənistanın təklif etdiyi yolların, guya daha “müstəqil” əsaslarla qurulacağı barədə tezislər praktikada real nəticə verməyib. Çünki artıq aylardır Bakı bu “suveren yol” ideyasına reaksiya vermir və səbəb sadədir: Bakı üçün bu, sadəcə yol məsələsi deyil, geopolitik bir layihədir.

Zəngəzur dəhlizi Azərbaycanın 30 ilə yaxın Naxçıvanla birbaşa əlaqədən məhrum qalmasının nəticəsində yaranmış tarixi zərurətdir. Bu keçidin təmin olunması nəinki Azərbaycanı Naxçıvanla birləşdirəcək, həm də bütün türk dünyasını birləşdirən əsas magistrallardan birinə çevriləcək. Bu, Azərbaycanın siyasi, iqtisadi və logistik imkanlarını qat-qat artıracaq bir layihədir. Belə bir layihəyə qarşı çıxan hər hansı qüvvə təkcə Bakıya yox, eyni zamanda regionda əməkdaşlığa, ticari inteqrasiyaya və nəqliyyat təhlükəsizliyinə qarşı çıxmış sayılır.

Ən diqqətçəkən məqamlardan biri isə budur: bu məsələ konkret olaraq İran-İsrail gərginliyi fonunda yenidən gündəmə gəlir. Bu, bəziləri üçün “təsadüf” sayıla bilər, amma əslində Bakı bu yolla Zəngəzur dəhlizini regional sabitliyin açarlarından biri kimi təqdim edir. Əgər İran-İsrail münaqişəsi genişlənərsə və Cənubi Qafqazda yeni təhlükə zonaları yaransa, Azərbaycan artıq öz alternativ nəqliyyat xəttini həm daxili, həm də regional təhlükəsizlik üçün zəruri yol kimi təqdim edə biləcək.

Bu kontekstdə Zəngəzur dəhlizi sadəcə bir “logistik xətt” deyil, həm də diplomatik və strateji təsir vasitəsinə çevrilir. Regionun gələcəyi üçün isə bu tip təşəbbüslər konstruktiv əməkdaşlıq üçün təməl yarada bilər – əgər qarşı tərəf niyyətində səmimidirsə.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hikmət-Hacıyev   Praqa   Zəngəzur  


Bizi "telegram"da izləyin