CNN-in məlumatına görə, ABŞ administrasiyasının bir sıra nümayəndələri hesab edir ki, İsrailin İrana qarşı hücumlarının məqsədlərindən biri də orada rejim dəyişikliyinə nail olmaqdır. Telekanalın mənbələri bildiriblər ki, bu hələlik kəşfiyyat məlumatları ilə təsdiqlənməsə də, ümumi rəy belədir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İran Silahlı Qüvvələrinin yüksək rütbəli komandirlərinin hədəfli şəkildə məhv edilməsi, İsrailin rejimin əsas güc dayaqlarını sıradan çıxarmağa çalışdığını göstərir.
Rza Pəhləvinin Tehranda hansı real təsirə malik olduğu bəlli olmasa da, onun bu çağırışı göstərir ki, İsrailin hücumları uzunmüddətli xarakter ala və cəmiyyətdə narazılıqları daha da gücləndirə bilər.
Bu məsələ ilə bağlı diqqətçəkən şərhlərdən biri də odur ki, əgər İsrailin hücumları davam edər və coğrafi olaraq daha da genişlənərsə, bu zaman Azərbaycanda da müəyyən reaksiyalar qaçılmaz olacaq. Çünki İranda yaşayan azərbaycanlıların vəziyyəti, hüquqları və təhlükəsizliyi məsələsi aktuallaşacaq.
Təbii ki, hazırda Azərbaycan hökuməti müəyyən balanslı siyasət yürüdür. İsraillə strateji tərəfdaşlıq mövcuddur, lakin Tehranla da diplomatik münasibətlər saxlanılır. Amma məsələ milli təhlükəsizlik və soydaşların taleyinə gəldikdə, bu balans siyasətinin imkanları daralır.
Digər mühüm məqam isə bu proseslərdə Ermənistanın rolunun və iştirakının nəzərdən qaçırılmasıdır. Rəsmi İrəvan təkcə regionda öz mövqeyini gücləndirmək deyil, eyni zamanda İran daxilində sabitliyi pozmağa yönələn beynəlxalq planların icra meydanına çevrilməkdədir. Ölkədə fəaliyyət göstərən ABŞ səfirliyi regionun ən böyük diplomatik nümayəndəliyidir və artıq bir neçə dəfə onun İran əleyhinə kəşfiyyat əməliyyatlarında iştirak etdiyi beynəlxalq media və sızdırılmış sənədlərlə ifşa olunub. “WikiLeaks” tərəfindən açıqlanan sənədlərdə ABŞ diplomatlarının Ermənistan ərazisində İranın daxili durumu ilə bağlı geniş məlumat topladığı, habelə İranla sərhədyanı bölgələrdə qeyri-rəsmi casus şəbəkələri formalaşdırdığı bildirilmişdi. Bundan əlavə, 2011 və 2019-cu illərdə Ermənistan ərazisində İran İslam Respublikasına qarşı yönəlmiş casus şəbəkələrinin fəaliyyəti barədə xəbərlər beynəlxalq informasiya məkanında yer almışdı.
Məsələnin daha təhlükəli tərəfi isə Ermənistan hakimiyyətinin, xüsusilə Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin Qərblə getdikcə dərinləşən əməkdaşlığıdır. Paşinyan rejimi Avropa İttifaqının “müşahidə missiyası” adı altında İranla sərhəd bölgələrində qərb ölkələrinin xüsusi xidmət orqanlarına faktiki olaraq kəşfiyyat imkanları yaradıb. Bu, təkcə Azərbaycan və Türkiyə ekspertlərinin deyil, həmçinin bir sıra erməni analitiklərin də dilə gətirdiyi faktlardır. Onların bildirdiyinə görə, Aİ müşahidəçiləri vasitəsilə İran sərhədində toplanan məlumatlar Qərb paytaxtlarına ötürülür və bu, Ermənistanı açıq şəkildə İran əleyhinə casusluq platformasına çevirir.
Asif Cəfərov
Ordu.az