Bəs İran və İsrailin hərbi gücləri bir-biri ilə necə müqayisə olunur?
İran sayca böyük silahlı qüvvəyə malikdir, lakin son aylarda ABŞ və İsrailin tədbirləri nəticəsində ciddi şəkildə zəiflədilmiş proksi və gizli əməliyyatlara da arxalanır. İsrail isə həm gizli əməliyyatlara, həm də bölgədə misli-bərabəri olmayan güclü quru və hava qüvvələrinə əsaslanır. Təxminən bərabər sayda əsgərləri olsa da, bu iki ordunun taktika və silah gücü arasında ciddi fərqlər var.
İranın Mövqeyi
Kağız üzərində İran əhali sayına (88 milyon nəfər) və ərazi böyüklüyünə (1.6 milyon kvadrat kilometr) görə üstün görünür. İsrail isə 9 milyon əhaliyə və 22,000 kvadrat kilometr əraziyə malikdir. Lakin hərbi baxımdan bu rəqəmlər elə də əhəmiyyət kəsb etmir.
İran ordusu iki əsas hissədən ibarətdir: sərhədlərin qorunması və ənənəvi hərbi vəzifələr üçün nəzərdə tutulan adi silahlı qüvvələr (təqribən 600,000 nəfər) və inqilab keşikçiləri (təqribən 200,000 nəfər), o cümlədən elit Qüds Qüvvələri, strateji raket komandanlığı və kiber qüvvələr.
İranın proksi qüvvələri və ənənəvi ordusu son bir ildə İsrail və ABŞ hərbi əməliyyatları nəticəsində ciddi şəkildə zəiflədilib.
İranın hərbi texnikası müxtəlif ölkələrdən toplanıb: bəziləri SSRİ-dən, bəziləri isə 1979-cu il İslam İnqilabından əvvəl ABŞ-dan alınıb. Həmçinin son illərdə Rusiyadan da silahlar alınıb. İranın hava qüvvələrində təqribən 350 köhnəlmiş təyyarə var və bu, say və keyfiyyət baxımından İsraildən xeyli geri qalır. Lakin İran müxtəlif Pilotsuz Uçuş Aparatları (PUA) istehsal edə bilir və bu texnologiyanı, xüsusən də “Şahed” PUA-larını, Ukrayna müharibəsində istifadə edən Rusiya da daxil olmaqla, başqa ölkələrə satır.
İranın yüksək rütbəli komandirlərinin təhlükəsizliyi daim problem olub. İnqilab Keşikçilərinin başçısı general Hüseyn Səlam və Silahlı Qüvvələrin qərargah rəisi general Məhəmməd Baqeri də daxil olmaqla, bir neçə yüksək rütbəli şəxs cümə günü Tehranda baş verən zərbələrdə öldürülüb. Digər yüksək səviyyəli komandirlər də müxtəlif bölgələrdəki son hücumlarda öldürülüb.
İranın nüvə proqramı son illərdə irəliləmişdi və hesab olunur ki, ölkə bir neçə ay ərzində silah səviyyəsinə yaxınlaşdırılmış uran ehtiyatı əldə edib. Lakin bu uranı raket və ya digər vasitələrlə silaha çevirmək üçün İrana əlavə vaxt lazımdır. İsrail isə bu riski gözləmək niyyətində deyil və artıq nüvə materialı və ballistik raket istehsal edən obyektlərə zərbələr endirib.
İsrailin Qüvvələri necədir?
İsrailin güclü quru, dəniz və hava qüvvələri həm ABŞ və Avropadan alınan ən son texnologiyalara, həm də silahların layihələndirilməsi, hazırlanması və saxlanmasını təmin edən yerli müdafiə sənayesinə əsaslanır. Bu, İsrailə eyni vaxtda bir neçə cəbhədə mübarizə aparmaq imkanı verir.
Kiçik ölkə olmasına baxmayaraq, İsrailin təxminən 170,000 daimi hərbi qulluqçusu və 400,000 ehtiyatda olan əsgəri var. Say baxımından İran qədər olmasa da, İsrailin qüvvələri regional münaqişələrdə təcrübə qazanıb.
İran artıq yüzlərlə ballistik raketlə İsraili hədəfə alıb. Amma bu hücumun nə qədər davam edə biləcəyi bəlli deyil. 2024-cü ilin oktyabrında İranın İsrailə kütləvi raket hücumu ABŞ-nin də köməyi sayəsində az zərərə səbəb oldu.
İsrailin çoxtəbəqəli raketdən müdafiə sistemi uzun illər ərzində ABŞ-nin dəstəyi ilə inkişaf etdirilib və istənilən raket və ya PUA təhlükəsini vaxtında aşkar edib yalnız əhali və ya vacib obyektlərə təhlükə olduqda işə düşür. İsrail rəhbərliyi bu sistemin 100%-lik zəmanəti olmadığını bildirsə də, ciddi zərərin və çoxsaylı itkilərin qarşısını aldığını vurğulayır.
İsrail Yaxın Şərqdə yeganə nüvə silahına sahib ölkə hesab olunur, halbuki bunu heç vaxt rəsmi təsdiq etməyib. İsrailin ABŞ kimi möhkəm bir müttəfiqi var və bu, istənilən müharibədə həlledici rol oynaya bilər.
ABŞ-nin rolu
ABŞ özünü İsrailin hərbi əməliyyatlarından bir qədər uzaq tutsa da, İranın cavab tədbirlərinə məruz qala bilər. Bölgədə ABŞ-nin aviadaşıyıcı gəmisi (təxminən 60 döyüş təyyarəsi ilə) və onlarla başqa təyyarə, minlərlə əsgər yerləşdirilib.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İsrail İrana qarşı “təkbaşına hərəkət edib” və İranı ABŞ qüvvələrinə hücum etməkdən çəkindirib. Son günlərdə ABŞ Bağdaddan bəzi diplomatlarını çıxarıb və regionda yerləşən əsgərlərin ailələri üçün könüllü təxliyə tədbirləri görüb.
İsrail artıq İrana qarşı cavab imkanlarını azaldıb: İranın proksi qüvvələri olan HƏMAS və “Hizbullah” məhv edilib, İranın hava hücumundan müdafiə sistemləri də ağır zərbələr alıb.
Firuz Bağırov
Ordu.az