İranın İsraillə toqquşma astanasında olması, xüsusilə də Tehranın cavab zərbələri və Netənayahu hökumətinin qətiyyətli ritorikası fonunda bölgədə güc nisbəti sürətlə dəyişir. Məhz bu dəyişikliklər fonunda Azərbaycan diplomatik və strateji üstünlüyünü daha da möhkəmləndirmək üçün ən uyğun zamanlama siyasətini yürüdür. Çünki Cənubi Qafqazda geosiyasi mübarizənin əsas xətti – Zəngəzur dəhlizi məsələsi – təkcə Bakı ilə İrəvan arasında mübahisə predmeti deyil, həm də Ankara və Tehranın maraq dairəsində yer alır.
Ərdoğanın açıq şəkildə “Zəngəzur dəhlizində İranın dəstəyinə ümid edirik” deməsi, eyni zamanda Azərbaycanın prosesə səssiz qalması bir daha göstərir ki, Bakı strateji soyuqqanlılıq nümayiş etdirərək, proseslərin daha əlverişli məcraya daxil olmasını gözləyir. İran isə bu zaman dilimində özünün əsas diqqətini Qəzza və İsrailə yönəldib və bu, Tehranın Cənubi Qafqazla bağlı planlarını ikinci plana keçirib.
Buna görə də, Ermənistanın “nə üçün Azərbaycan hələ də cavab vermir” sualına cavab axtarmaqdansa, öz mövqeyini və davranışını təhlil etməsi daha məqsədəuyğun olardı. İrəvan hələ də öz təkliflərini ya qeyri-şəffaf şəkildə təqdim edir, ya da real danışıqlara açıq görünmür. Üstəlik, Ermənistan cəmiyyətindən gizli şəkildə diplomatik gedişlər planlaşdırır, məsələn, Paşinyanın Ankara səfərinin mümkünlüyü ilə bağlı yayılan xəbərlər bu cür təmasların hansı səviyyədə aparıldığını göstərir.
Əgər Ermənistan həqiqətən də bu kommunikasiyalar məsələsində ciddi və səmimi tərəf olsaydı, təkliflərini ictimaiyyətlə bölüşərdi və məsuliyyəti bölüşmək yolunu seçərdi. Amma İrəvan, əksinə, bu məsələni qapalı saxlayaraq, məsuliyyətdən qaçmağa çalışır. Paşinyan hakimiyyəti bu məsələdə ya Türkiyə ilə razılaşma axtarır, ya da Azərbaycanın addımlarını qabaqlamaq üçün regionda baş verənlər fonunda yayaınmış diqqətdən faydalanmağa cəhd edir.
Bütün bu gedişlər bir məqsədə yönəlib: Ermənistanı mümkün qədər “qurban” obrazında təqdim etmək və bu yolla beynəlxalq simpatiyalar qazanmaq. Lakin artıq 2020-ci ildən sonra regional düzən dəyişib və heç bir beynəlxalq təzyiq Azərbaycanı öz milli maraqlarından geri çəkilməyə məcbur edə bilməz.
Əgər Paşinyanın Ankaraya səfəri baş tutarsa və orada heç bir qarşılıqlı faydalı razılaşma əldə olunmazsa, bu, Ermənistan üçün həm siyasi fiasko olacaq, həm də daxildəki narazılığı artıracaq. Belə olan halda, “təkliflərin ictimailəşdirilməsi” adlı populist addım gündəmə gələ bilər. Lakin bu da artıq gec olacaq. Çünki həmin anadək Azərbaycan öz siyasi və diplomatik mövqeyini tam şəkildə bərkitmiş olacaq.
Azərbaycan nəinki cavab verməməkdə, həm də doğru anda cavab verməkdə haqlıdır. Bu, strateji təmkin və məsuliyyət nümunəsidir. Ermənistan isə hələ də təxribatla, qeyri-səmimiliklə və qeyri-şəffaflıqla məşğuldur. Və bu mövqe ona növbəti uğursuzluqları gətirəcək.
Aqil Məmmədov
Ordu.az