İrana endirilən zərbə əslində birbaşa olmasa da, müəyyən mənada Rusiyaya da endirilmiş zərbə kimi qiymətləndirilə bilər. Çünki cəmi bir neçə ay əvvəl Rusiya İranla münasibətlərini strateji tərəfdaşlıq haqqında genişmiqyaslı müqavilə ilə rəsmiləşdirmişdi. Həmin müqavilə hərbi qarşılıqlı yardım müddəasını nəzərdə tutmur, çünki İranın qeyri-müsəlman ölkələrlə bu cür hərbi ittifaq bağlamasına dini qadağa var.
Lakin bu müddəanın olmamasına baxmayaraq, Moskva və Tehran arasında imzalanmış və ratifikasiya olunmuş saziş olduqca geniş məzmunludur və nüvə texnologiyaları sahəsində əməkdaşlıq da daxil olmaqla bir çox istiqaməti əhatə edir. Bu əməkdaşlıq, şübhəsiz ki, “sülh üçün nüvə texnologiyası” sahəsini nəzərdə tutur, amma aydındır ki, bu çərçivədə de-fakto istənilən istiqamətli əməkdaşlıq mümkündür. Ümumiyyətlə, strateji tərəfdaşlıq haqqında müqavilə tərəflərin bir-biri ilə bağlı məsuliyyət səviyyəsini yüksəldir.
Bu baxımdan, İrana endirilən zərbə dolayısı ilə Rusiyaya da toxunan bir zərbədir. Xüsusilə nəzərə alsaq ki, İsrailin zərbəsi İranın Rusiya ilə müqaviləni daxili prosedurlarla ratifikasiya prosesini başa vurmasından dərhal sonra reallaşıb. Axı bu müqavilənin əsas siyasi mənası və çəkisi o olmalı idi ki, İran beynəlxalq planda daha çox qorunan mövqeyə sahib olsun. Əslində isə bu, Rusiya üçün son illərdə Yaxın Şərq və Qafqaz regionunda yaşadığı növbəti strateji “partnyor fiaskosu” sayıla bilər – yəni ya məsuliyyətin üzərinə götürülməməsi, ya da bu məsuliyyətin müəyyən mənada “hərraca” çıxarılması.
Hər halda, İsrail bu zərbə ilə Rusiya-İran müqaviləsini də sınağa çəkmiş oldu. Hələlik bu sınağın nəticəsi ilə bağlı yekun fikir bildirmək üçün tələsməyə ehtiyac yoxdur, lakin hadisələrin bu istiqamətdə inkişafı Qafqaz regionu üçün də əsaslı əhəmiyyət daşıyır.
Asif Cəfərov
Ordu.az