Rusiya-ABŞ Təhlükəsizlik Razılaşması: Şərqə Genişlənmə Əngəldir?

2025/06/1749889800.jpg
Oxunub: 753     14:11     14 İyun 2025    
İyun ayının 11-də Rusiya prezidenti Vladimir Putin silahlanma üzrə dövlət proqramına dair işçi müşavirə keçirib və bəyan edib ki, yeni dövlət proqramı 2027-2036-cı illəri əhatə etməlidir. Putin həmçinin göstəriş verib ki, “Ukraynada xüsusi hərbi əməliyyatın” və dünyanın müxtəlif silahlı münaqişələrinin təcrübəsi öyrənilsin. O, ordunun cari tələbatlarının təmin olunmasını da xüsusi vurğulayıb.

Rusiya prezidenti bildirib ki, adlandırdığı “nüvə üçlüyü” – yəni qitələrarası ballistik raketlər, strateji aviasiya və nüvə raketinə malik sualtı qayıqlar – ölkənin suverenliyi və ərazi bütövlüyünün əsas təminatıdır. Putinin sözlərinə görə, bu sahədə müasir silahlanma səviyyəsi 95 faiz təşkil edir. “Əslində bu, dünyanın nüvə dövlətləri arasında ən yüksək səviyyədir”, - deyə o qeyd edib.

Putin faktiki olaraq Rusiyanın silahlanma səviyyəsini kəskin artırmağa yönəlmiş yeni dövlət proqramının başlanğıcını elan edib və xüsusilə nüvə arsenalının təkmilləşdirilməsinə önəm verib. O, “yeni platformalar və infrastrukturun zəruriliyindən” danışaraq, Kremlin raket buraxılış imkanlarını genişləndirmək niyyətində olduğunu göstərib.

Diqqətçəkicidir ki, bu müşavirə Haaqada keçiriləcək NATO sammitindən öncə baş tutub. Həmin sammitdə, müxtəlif mənbələrin məlumatına görə, hərbi xərclərin artırılması məsələsi müzakirə olunacaq. Daha əvvəl Avropa İttifaqı da hərbi-sənaye kompleksinin modernləşdirilməsi və genişləndirilməsi üzrə plan hazırlamışdı. Bu baxımdan, NATO-Rusiya arasında yeni silahlanma yarışının planlaşdırma mərhələsi artıq başlanıb demək olar.

Bu kontekstdə olduqca əhəmiyyətli bəyanatla Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov çıxış edib. “Reuters”in məlumatına əsasən, o, Rusiya Xarici İşlər Nazirliyində silahlanma sahəsində xarici siyasət təşəbbüslərini koordinasiya edir. Ryabkovun fikrincə, NATO-nun Şərqə doğru genişlənməsinin qarşısını almaq məsələsi açıq qaldıqca, ABŞ ilə təhlükəsizlik sahəsində fundamental razılaşma əldə etmək mümkün deyil. O, bu şərtin yerinə yetirilməsini Ukraynada müharibənin dayandırılması üçün ilkin şərt adlandırıb.

Bundan əvvəl rusiyalı bir sıra ekspertlər NATO-nun baş katibi Mark Ruttenin belə bir açıqlamasına diqqət çəkmişdilər: “Ukraynanın NATO-ya üzvlüyünün rədd olunması ilə bağlı qərar qəbul edilməyib”. NATO-nun növbəti sammiti iyunun 24-25-də keçiriləcək. NATO-nun genişlənməsinin qarşısını almaq məsələsini birbaşa ABŞ-yə ünvanlayan Moskva, əslində, Donald Trampı bir növ sınağa çəkir. Ryabkov gizlətmir ki, bu məsələdə Vaşinqtonun mövqeyindən asılı olaraq Rusiya-ABŞ münasibətlərinin gələcəyi müəyyənləşəcək.

NATO üzvü olan bəzi ölkələr, o cümlədən ABŞ bu mərhələdə Ukraynanın Alyansa daxil olmasına qarşı çıxırlar. Moskva Trampın bu mövqeyini qiymətləndirir, lakin “qanuni hüquqlarının sənədləşdirilmiş şəkildə tanınmasını” tələb edir. Əgər belə bir tələb NATO sammitindən cəmi iki həftə əvvəl irəli sürülürsə, bu o deməkdir ki, Putinin həmin tədbirdən əsas gözləntisi birdir: Donald Tramp Rusiyanın Avropadakı rəqiblərini “diz çökdürməli” və Ukrayna ilə Moldova üçün NATO-ya üzvlüyü istisna edən qərarın qəbul olunmasına nail olmalıdır.

Bu, ABŞ prezidenti üçün çıxılmaz vəziyyət yaradır. O, Avropa müttəfiqlərini belə bir qərarın sülh və sabitlik üçün zəmanət olduğuna inandıra bilməz. Amma eyni zamanda, Ukraynanın NATO-ya üzvlük “qapısını açıq” saxlamaqla rus-amerikan danışıqlarını da riskə ata bilər. ABŞ prezidenti bu sınaqdan necə keçəcək? Ən mühümü isə: bu sınaqdan keçmək niyyətindədirmi? İstisna deyil ki, Putinin yaratdığı “kazus” sonunda onun öz əleyhinə işləyə bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Təhlükəsizlik   Razılaşma  


Bizi "telegram"da izləyin