Bu cür yanaşmalar, ilk növbədə, Ermənistanın öz daxili və xarici uğursuzluqlarını regionda digər dövlətlərə yükləmək cəhdidir. Analitik yanaşma ilə baxdıqda, yazının əsas iddiaları və onlara verilə biləcək cavablar aşağıdakı kimi ümumiləşdirilə bilər:
1. “İsrailin Təbrizə hücumu məqsədyönlü şəkildə etnik gərginlik yaratmağa hesablanıb” – Dezinformasiyadır
Erməni tərəfi Təbrizdəki zərbələrin məqsədini azərbaycanlıların İran dövlətinə qarşı qaldırılması kimi təqdim edir. Bu, kökündən yanlışdır. Çünki:
Təbrizdə yerləşən hava limanı və ətraf infrastruktur İranın hərbi-logistika sisteminin bir hissəsi kimi istifadə edilə bilər.
İsrailin hərbi əməliyyatları İranın nüvə proqramına qarşı önləyici zərbələr çərçivəsində həyata keçirilir və bu strategiya beynəlxalq təhlükəsizlik riskləri ilə əsaslandırılır, etnik motivlərlə yox.
İran azərbaycanlıları dövlətə qarşı yox, daha çox hüquq və bərabərlik üçün mübarizə aparan sivil cəmiyyətdir. Onların xarici güclər tərəfindən alətə çevrilməsi iddiası – xüsusən də Ermənistan kimi regionda Azərbaycanofobiyanı dəstəkləyən dövlət tərəfindən – riyakarlıqdan başqa bir şey deyil.
2. “Azərbaycan İsrail vasitəsilə İran daxilində gərginlik yaratmaq istəyir” – İftira
Ermənistan mətbuatı Azərbaycanın İsraillə tərəfdaşlığını İran əleyhinə koalisiya kimi təqdim etməyə çalışır. Bu yanaşma nə regional diplomatik reallığa, nə də Azərbaycanın xarici siyasət prinsipinə uyğundur.
Azərbaycan həm İsraillə strateji müttəfiqlik, həm də İranla mehriban qonşuluq siyasəti yürüdür və balanslı münasibətləri qoruyur.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, İranın ərazi bütövlüyünü tanıyır və onun daxili işlərinə qarışmır.
Ermənistan isə İranla münasibətləri yalnız Azərbaycan əleyhinə alət kimi istifadə edib. 2020-ci ildən sonra İranla münasibətləri süni şəkildə sıxlaşdıran Ermənistan bu yaxınlaşmadan siyasi təzyiq aləti kimi istifadə etməyə çalışır.
3. “Təbrizdə etnik narazılıqlar artacaq” – Arzuları fakt kimi qəbul etmək
Erməni müəllif İran azərbaycanlılarının “mərkəzi hakimiyyətə qarşı yönləndiriləcəyini” iddia edir. Lakin bu da klassik erməni təbliğat taktikasının – başqa xalqların içində xaos yaratmaq arzusu ilə yazılmış cəfəngiyyatıdır.
Azərbaycan və İran arasında milli azlıqlarla bağlı açıq qarşıdurma və ya separatizm gündəmdə deyil.
Ermənistanın iddialarından fərqli olaraq, İran azərbaycanlıları öz hüquqları uğrunda sistem daxilində mübarizə aparan sivil toplumun bir hissəsidir.
Bu məsələyə dair spekulyasiyalar sadəcə Ermənistanın regionda özünü təcrid olunmuş vəziyyətdən çıxarmaq üçün sərgilədiyi təşviş və həsəddir.
4. “Türkiyə qətiyyətlidir, Azərbaycan isə passivdir” – Əlverişsiz müqayisə və həqiqətə ziddir
Məqalədə Türkiyənin bəyanatlarına geniş yer ayrılır, Azərbaycan isə qəsdən “susqun” göstərilir. Lakin bu, əsassız və məqsədli müqayisədir:
Azərbaycan diplomatik səhnədə emosionallıqdan uzaq, hesablanmış və balanslı siyasət yürüdür.
İsraillə əməkdaşlıq İranla münasibətlərə xələl gətirməyəcək şəkildə qurulub. Bu da Azərbaycanın regional sabitliyə verdiyi dəyərin göstəricisidir.
Ermənistan nə Türkiyə, nə də İsraillə qarşılıqlı etimada əsaslanan münasibətlər qura bilib və indi bu uğursuzluqları Azərbaycan və Türkiyəyə “mənəvi dərs” verməyə çalışmaqla kompensasiya etməyə cəhd edir.
Nəticə
“1in.am”ın məqaləsi, ümumilikdə, İranın daxilindəki sosial prosesləri süni şəkildə etnik separatizm çərçivəsinə salmağa çalışan, Azərbaycanın mövqeyini təhrif edən və İsrailin taktiki hərbi əməliyyatlarını regional xaos kontekstində təqdim edən klassik informasiya manipulyasiyası nümunəsidir. Ermənistanın özünün monoetnik strukturu və tarixən separatçılığı dəstəkləyən siyasəti fonunda bu tip “narahatlıq dolu” təhlillər olduqca qeyri-səmimi və ikili standartlara əsaslanır.
Azərbaycan isə bu cür informasiya hücumlarına səbirli, amma prinsipial və diplomatik mövqeyi ilə cavab verir – regionda sülh, əməkdaşlıq və sabitlik əsas prioritet olaraq qalır.
Aqil Məmmədov
Ordu.az