Tehrana dərindən hücum: İsrail MPR-500 ilə strateji mesaj verir

2025/06/1749820793.jpg
Oxunub: 2345     18:32     13 İyun 2025    
Hazırda İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə qarşı koordinasiyalı hava zərbələri seriyası həyata keçirir. Bu yüksək intensivlikli əməliyyat zamanı İsrail döyüş təyyarələri ölkənin konvensional silah arsenalındakı ən dağıdıcı aviasiya bombalarından biri olan MPR-500 bombasından istifadə edib. Bu barədə Rusiya hərbi saytı “Top War” məlumat yayıb. Kütləsi 227 kq olan bu dəqiqliklə idarə olunan bomba 1 metr qalınlığında dəmir-beton sədləri və ya 20 sm qalınlığında 4 qat dəmir-beton divar və döşəməni dəlib keçmək qabiliyyətinə malikdir. Bu xüsusiyyəti ilə o, möhkəmləndirilmiş obyektlərə qarşı çox güclü silah sayılır.

MPR-500 bombası İsrailin “Elbit Systems” müdafiə şirkəti tərəfindən hazırlanıb və ilkin olaraq “Israel Military Industries” tərəfindən istehsal olunub. O, F-15I “Raʿam” və F-16I “Sufa” çoxfunksiyalı qırıcı təyyarələr də daxil olmaqla İsrail Hərbi Hava Qüvvələrinin müxtəlif döyüş platformaları ilə problemsiz inteqrasiya üçün dizayn edilib. Bu platformalar bombanı “Joint Direct Attack Munition (JDAM)” dəsti ilə birgə buraxa bilir və nəticədə MPR-500 GPS-lə idarə olunan “ağıllı” silaha çevrilir. Bomba həmçinin “Paveway II” və “Lizard” lazerlə idarə olunan nişangah sistemləri ilə də uyğun işləyir ki, bu da döyüş şəraitində çevik hədəf seçimi imkanı yaradır.

MPR-500 bombası infrastruktur hədəflərinə qarşı xüsusilə effektivdir. Onun əsas üstünlüyü optimallaşdırılmış penetrasiya, yəni dəlib keçmə qabiliyyətidir. Bu bomba zərbə anında parçalanmadan, hədəfə maksimum ziyan vurmaq məqsədilə hazırlanıb və 1 metr qalınlığında dəmir-beton örtüyü və ya 20 sm qalınlığında dördqat divarı dəlib keçə bilir. Bu qabiliyyəti ilə yeraltı bunkerlər, raket şaxtaları, komanda mərkəzləri və nüvə zənginləşdirmə obyektləri kimi möhkəmləndirilmiş obyektlərin dərinliklərinə çata bilir. Onun düz xətt üzrə dəlib keçmə profili hədəfə yönəlik trayektoriyasını qoruyur və mürəkkəb qoruyucu təbəqələri dəf edərək dəqiq zərbə endirilməsini təmin edir.

MPR-500 bombasının effektivliyini artıran digər bir xüsusiyyət isə onun idarə olunan qəlpə effekti ilə təchiz olunmasıdır. Hər bir bomba təxminən 26.000 ədəd qəlpə daşıyır ki, bu qəlpələr partlayış zamanı 2200 kvadratmetrlik sahədə bərabər yayılır. Bu, möhkəmləndirilmiş obyektlərdəki kritik sistemləri, personalı və köməkçi strukturları geniş əraziyə zərər vermədən məhv etməyə imkan verir.

Bundan əlavə, MPR-500 uzaq məsafədən buraxılma qabiliyyətinə malikdir və uzaqdan planlama uçuş trayektoriyası ilə hədəfə onlarla kilometr məsafədən çata bilir. Lakin 13 iyun gecəsi zərbələrə məruz qalan İran hədəflərinin əksəriyyəti ölkənin dərinliklərində yerləşirdi. Bu da İsrail döyüş təyyarələrinin İran hava məkanını keçib dərin zərbələr endirib-endirmədiyi sualını ortaya çıxarır. Hədəflərin coğrafi mövqeyi və İranın hava hücumundan müdafiə sistemlərinin əvvəlcədən sıradan çıxarıldığı haqda xəbərlər nəzərə alınsa, İsrailin hava hücumundan müdafiə sistemlərini susdurmaqla “deep strike” (dərin zərbə) əməliyyatları həyata keçirməsi ehtimalı yüksəkdir.

MPR-500 bombasının hədəfə yüksək dəqiqliklə çatmasını təmin edən əsas elementlərdən biri onun idarəetmə sistemidir. Bu bomba JDAM dəsti ilə tam uyğun gəlir və ətalətli naviqasiya sistemi ilə birləşdirilmiş GPS istifadə edərək istənilən hava şəraitində dəqiq zərbə imkanı verir. Bu dəst bombanı sərbəst düşən bombadan tam idarə olunan planlaşdırılan sursata çevirir. JDAM modulu bombanın atıldıqdan sonra avtonom şəkildə təyin olunmuş koordinata yönəlməsini təmin edir və 13 metrdən az dairəvi sapma ehtimalı (CEP) ilə yüksək dəqiqliklə hədəfə çatdırır. Bu, sıx tikilmiş və ya qorunan infrastrukturun dəqiq hədəfə alınmasında həyati önəm daşıyır.

MPR-500 həmçinin “Lizard” və “Paveway II” kimi lazerlə idarə olunan nişangah sistemləri ilə təchiz oluna bilər. Bu sistemlər hədəfi lazerlə işıqlandıraraq, istər atəş açan təyyarədən, istərsə də yerüstü qrup tərəfindən real vaxtda istiqamətləndirmə imkanı yaradır. Bu üsul hərəkətdə olan və ya son anda müəyyən edilən hədəflərə qarşı xüsusilə effektivdir və döyüşdə çevik reaksiya imkanı yaradır.

Buna baxmayaraq, MPR-500 bombasının İranın ən dərinlikdə yerləşdirilmiş nüvə obyektlərinə qarşı effektivliyi ilə bağlı suallar qalmaqdadır. Açıq mənbələrə əsasən, bu bombanın dəlib keçmə dərinliyi 1-1.5 metr dəmir-betondur. Halbuki Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) son hesabatında bildirib ki, İran əsas nüvə infrastrukturunu bir neçə yüz metr dərinliyə köçürüb və bu obyektlər MPR-500 kimi konvensional bunkerə qarşı bombaların çatmayacağı dərinlikdədir.

Lakin bu texniki məhdudiyyət bombanın strateji dəyərini azaltmır. MPR-500 İsrailin arsenalındakı ən dağıdıcı konvensional bombalardan biri olaraq qalır. Bu silah yığcam kinetik zərbə və idarə olunan qəlpə effekti ilə xüsusi hazırlanıb. Bu onu orta səviyyəli möhkəmləndirilmiş obyektlərin sıradan çıxarılması, yardımçı obyektlərdə fəaliyyətin iflic edilməsi və seçici infrastruktur zərbələri üçün ideal vasitəyə çevirir. Sürətli və dəqiq zərbələr tələb olunan hallarda, az ərazi zərəri ilə yüksək effektivlik balansını qoruyan çox az silah bu səviyyəyə çata bilir.

MPR-500 bombasının son əməliyyatda tətbiqi göstərir ki, İsrailin strateji məqsədi birbaşa nüvə silahlarını deyil, həmin obyektləri dəstəkləyən infrastrukturun sıradan çıxarılması, əməliyyat axınının pozulması və hesablanmış xəbərdarlıq mesajının verilməsi olub.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin