Yaxın Şərqdə Qırılma Nöqtəsi: Nüvə Müqaviləsi Sual Altındadır

2025/06/1749813861.jpg
Oxunub: 493     15:22     13 İyun 2025    
İsrail iyunun 13-də sübh tezdən İranın nüvə obyektlərinə və İranın yüksək rütbəli hərbi rəhbərlərinin yerləşdiyi məkanlara zərbələr endirib. Məlumata görə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və İnqilab Keşikçiləri Korpusunun komandanı, həmçinin nüvə proqramında iştirak edən iki alim öldürülüb. ABŞ bəyan edib ki, bu hücumda iştirak etməyib və İran regiondakı amerikalı qüvvələri hədəfə almamalıdır.

ABŞ prezidenti Donald Tramp bildirib ki, amerikalı diplomatlara İranla danışıqlar aparmağı tapşırıb. İran öz hava məkanını uçuşlara bağlayıb ki, bu da onun cavab zərbəsinə hazırlaşdığı anlamına gəlir. İsrailin Baş naziri Netanyahunun isə israillilərə sığınacaqlarda uzun müddət qalmağa hazır olmaları üçün çağırış etdiyi bildirilir. İranın ali dini lideri ölkənin silahlı qüvvələrinə sərbəst hərəkət etmək səlahiyyəti verib.

Əsas sual budur: görəsən bu hərbi toqquşma yalnız qarşılıqlı zərbələrləmi bitəcək, yoxsa vəziyyət daha genişmi miqyas alacaq? Məsələnin miqyası, hər halda, fərqlidir, çünki bu dəfə İsrail faktiki olaraq İran Silahlı Qüvvələrinin iki yüksək rütbəli nümayəndəsini öldürüb. Bu isə İrana mütənasib cavab zərbəsi endirmək öhdəliyi yükləyir. Heç şübhəsiz, hazırkı eskalasiya ötənilki qarşılıqlı zərbələrdən daha geniş miqyaslıdır.

Hazırda, əslində, masada əsas məsələ İranın nüvə proqramıdır və bu məsələ faktiki olaraq açıq şəkildə gündəmdədir. Tehranın nüvə silahının yayılmamasına dair müqavilədən çıxacağı barədə bəyanat verəcəyi, yaxud ABŞ ilə danışıqlar prosesini davam etdirib-etdirməyəcəyi sual altındadır. Həlledici olan isə İranın iki əsas strateji tərəfdaşı – Çin və Rusiya – bu vəziyyətdə hansı mövqe tutacaqlarıdır. Görünən odur ki, İsrailin hücumu ilə Yaxın Şərqdə “Pandora qutusu” sonuncu dəfə açılıb və əvvəllər həll olunmaz görünən məsələlərin çözülməsi ehtimalı artıb.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaxın-Şərq   İsrail  


Bizi "telegram"da izləyin