İsrail hökuməti bu təklifləri “realizmə uyğun olmayan” kimi dəyərləndirib və bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Brett Makqurka məlumat verib. ABŞ-nin təqdim etdiyi plan isə daha mülayim təkliflərdən ibarətdir: israilli girovların iki mərhələdə azad olunması, 60 günlük atəşkəs, humanitar yardımın ikiqat artırılması və beynəlxalq nəzarət altında bölgədə bölüşdürülməsi. Vaşinqtonun təşəbbüsü əsasən HƏMAS-ın Qəzzadakı təsirini zəiflətmək və onun siyasi gücünü aradan qaldırmaq məqsədi daşıyır. Elə buna görə də HƏMAS tərəfinin bu cür maksimalist və reallaşması mümkün olmayan tələblər irəli sürməsi təsadüfi deyil.
Belə bir kritik şəraitdə – İsrailin hərbi əməliyyatları daha da genişləndirəcəyini, HƏMAS-ın Qəzzada varlığına son qoyacağını bəyan etdiyi anda – məlum olub ki, iyunun 1-də gec saatlarda Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın HƏMAS-ın siyasi qanadının rəhbər müavini Xəlil Hayya ilə telefon danışığı aparıb. Türkiyə qəzetlərinin yazdığına görə, tərəflər atəşkəs danışıqlarının son mərhələsinə aid məsələləri müzakirə ediblər. Vurğulanıb ki, Türkiyə fələstinlilərə öz dəstəyini davam etdirir.
Bu mənzərədə diqqətçəkən məqam ondan ibarətdir ki, Türkiyə İsrail-Fələstin nizamlanmasında aktiv iştirak edən yeganə dövlətdir ki, HƏMAS-ı siyasi təşkilat kimi tanıyır və onun gələcək müstəqil Fələstin dövlətində siyasi sistemin tərkib hissəsi olmalı olduğunu israrla bildirir. İsrail isə HƏMAS-ın tam şəkildə silahsızlaşdırılmasını və ləğvini tələb edir və yalnız bundan sonra Qəzzanın statusuna dair müzakirələrə başlamağa hazır olduğunu bildirir.
Danışıqların bu qədər çətin mərhələyə gəlib çatdığı bir vaxtda Türkiyənin kəşfiyyat rəhbəri ilə HƏMAS-ın siyasi liderlərindən birinin təması Ankaranın bu prosesdə vasitəçi kimi nüfuz qazandığını göstərir. Hətta görünən budur ki, ABŞ belə, atəşkəsin təmin olunması istiqamətində Türkiyənin roluna böyük önəm verir və ona bu məsuliyyətli missiyanı həvalə edir. Əgər Makqurkun təklifləri də qəbul edilməzsə, İsrail Qəzzanın tam nəzarət altına alınmasına istiqamətlənən yeni mərhələyə keçəcək və bu, bölgədə genişmiqyaslı müharibəyə yol aça bilər.
Türkiyə mətbuatının verdiyi məlumata əsasən, İbrahim Kalın HƏMAS-ın siyasi qanadına ABŞ-nin atəşkəslə bağlı təkliflərini qəbul etməyi tövsiyə edib. Ehtimal edilir ki, HƏMAS Türkiyənin bu çağırışına müsbət cavab verə bilər. Lakin 60 günlük atəşkəs və yardımın ikiqat artırılması nə Qəzzada, nə də ümumiyyətlə Fələstin-İsrail qarşıdurmasında uzunmüddətli həll deyil.
Hazırkı vəziyyətdə diqqətçəkən məqamlardan biri odur ki, görünür, ABŞ Türkiyəni HƏMAS-a təsir göstərə biləcək əsas aktor kimi qəbul edir. Bu, artıq ikinci haldır ki, Ankara HƏMAS-ın razılığını təmin etmək üçün vasitəçi rolunda çıxış edir. Əlbəttə, bu proses Türkiyəyə mühüm diplomatik dividendlər gətirir. Amma sual yaranır: Türkiyə bu məsuliyyəti sona qədər daşımaq niyyətindədir?
Əslində bu, çox yerində və vacib bir sualdır. Çünki Türkiyə yalnız Yaxın Şərqdə deyil, eyni zamanda Cənubi Qafqazda da ciddi rol oynamaq niyyətindədir. Türkiyənin regiondakı böhranların həllində fəal iştirak etməsi onun artan beynəlxalq nüfuzunun sübutudur. Ankara həm Yaxın Şərqdə, həm də Qafqazda barış və sabitlik üçün vacib aktora çevrilir.
Asif Cəfərov
Ordu.az