Ukrayna Rusiyanın İran tərəfindən təchiz edilmiş PUA-lardan istifadə etməsinin ilk dəfə sentyabr ayında müşahidə edildiyini bildirib. O vaxtdan bəri Rusiya bu silahlardan Ukraynanın kritik enerji infrastrukturunu hədəf almaq üçün istifadə edib və ciddi enerji çatışmazlığına səbəb olub.
Bir neçə həftə əvvək İran ilk dəfə olaraq Rusiyaya PUA verdiyini etiraf edib, lakin onların Ukraynada müharibə başlamazdan əvvəl göndərildiyini iddia edib.
Bununla belə, Ukrayna hərbi kəşfiyyatı ələ keçirdiyi İran PUA-larını tədqiq edib və kəşfiyyat məqsədilə istifadə edilən “Mohajer 6” PUA-larının pərində sistemin bu ilin fevral ayında istehsal edildiyi qeyd olunub. Ukrayna kəşfiyyatı bildirir ki, pərlər PUA-larda istifadə edilən komponentlərdən yalnız biridir, bütün sistemləri nəzərdən keçirdikdən sonra PUA-nın fevraldan öncə istehsal edilmədiyini aşkara çıxarır.

PUA-ların sökülməsi ilə məşğul olan Vasil adlı kəşfiyyatçı onların texniki keyfiyyətinin təəccüblü dərəcədə yaxşı olduğunu söyləyib. O, İranın onilliklər ərzində sanksiyalar altında olmasına baxmayaraq, PUA-ları necə inkişaf etdirə bildiyini şərh edərkən belə deyir: “Biz burada Rusiya mütəxəssislərinin iştirak etdiyini düşünürük, lakin bu, sadəcə bir nəzəriyyədir. Ya iranlılar [Rusiyaya] gediblər, ya da orada rusiyalı mütəxəssislər işləyir”.
“Mohajer-6” PUA-larının İran istehsalı olduğunu göstərən xarici işarələr olmasa da, “Guardian”a göstərilən PUA-nın içindəki komponentlərdə farsca işarələr olduğu görünür.
“Mohajer-6” raket buraxa bilir və əsasən kəşfiyyat üçün nəzərdə tutulub. Təhlil edilən digər iki PUA-lar kamikadze tiplidir və hücum zamanı özünü və hədəfini məhv edir. Onların heç birində İran nişanı yoxdur, lakin “Mohajer” kimi, onlar da İran tərəfindən bir çox silah sərgilərində nümayiş etdiriliblər.

Vasilin sözlərinə görə, PUA-ların hazırlanmasında istifadə olunan bir neçə komponent qərb şirkətləri tərəfindən istehsal olunub. Lakin bu komponentlər çox sadədir və nüvə silahlarının yayılmaması siyahısına daxil edilməyib. Vasil bildirib ki, İran qərbdə istehsal olunan bir çox komponentlərin, məsələn, məşhur Alman mühərrikinin nüsxələrini istehsal etməyi bacarıb.
Qərb və Ukrayna kəşfiyyat rəsmilərinin sözlərinə görə, Rusiyanın özünün silah ehtiyatları aylarla davam edən döyüşlər nəticəsində ciddi şəkildə tükənib və onu İran kimi müttəfiqlərdən kömək almaq məcburiyyətində qoyub.
Anonim qərb rəsmiləri CNN-ə bildiriblər ki, Rusiya PUA-lardan əlavə İrandan ballistik raketlər almağı planlaşdırır. Eyni rəsmilər İranın Rusiyaya 450 PUA göndərdiyini və gözlənilən raketlər də daxil olmaqla daha 1000 ədəd silah göndərəcəyini bildirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü bildirib ki, müttəfiqlərdən bu yaxınlarda hava hücumundan müdafiə sistemləri tədarük edilsə də, Ukrayna hələ də İran raketlərindən müdafiə üçün lazımi avadanlıqlara malik deyil.
İran silahları Rusiyanın Ukraynanın arxa cəbhədə enerji təchizatını kəsərək onu sıradan çıxarmaq strategiyasında mühüm rol oynayıb – Rusiya döyüş meydanında bir neçə məğlubiyyətdən sonra sürətini bərpa etməyə çalışır.
İrandan gətirilən PUA-ların ilk dəfə Rusiya tərəfindən istifadə edilməsindən sonra Kiyev İranın Ukraynadakı səfirinin akkreditasiyasını ləğv edib, İranla diplomatik əlaqələrin səviyyəsini aşağı salıb. Ukraynanın Yaxın Şərq və Şimali Afrika üzrə nümayəndəsi Maksim Subx Ukraynanın ZN telekanalına deyib ki, diplomatik əlaqələrin kəsilməsi gündəmdədir və Zelenski yaxın həftələrdə qərar verəcək.
Dəyanət Ağalarlı
Ordu.az