Bəs necə olur ki, sadə strukturlar olan İDP-lər Rusiyanın ən təhlükəsiz ərazilərindən birində, dəyəri yüz milyonlarla dollar olan nəhəng döyüş gəmilərini vura bilirlər?
Rusiyanın Qara dənizdəki flaqmanı “Admiral Qriqoroviç” sinfinə aid “Admiral Makarov” freqatı və “İvan Qolubets” minaaxtaran gəmisi Rusiyanın nəzarətində olan Sevastopol limanında vurulub.

Gəmilərin aldadılması üçün PUA-lardan istifadə edilib. Həmin vaxt modelini hələ bilmədiyimiz İDP Qara dənizdə sürətlə “Admiral Makarov” freqatına doğru şütüyüb və ona zərbə endirib.
Bəzi mənbələrə görə, həm PUA-ların, həm də İDP-lərin əməliyyatından sonra əsasən Qara Dəniz Donanmasının flaqmanı olan “Admiral Makarov” olmaqla 2 Rusiya gəmisi zədələnib. Rusiya tərəfi gəmilərə ciddi ziyan dəymədiyini, Ukraynanın 9 PUA və 7 İDP ilə hücum təşkil etdiyini açıqlayıb.
Hazırda donanması sıradan çıxan bir ölkə dünyanın ikinci ən böyük ordusu sayılan Rusiyanın iki flaqmanını necə sıradan çıxardı? Milyon dollarlıq gəmilər niyə özlərinə doğru gələn ucuz qayıqların fərqinə varmadı?
Əvvəlcə təqvimi bir az geriyə çəkək... 2000-ci il oktyabrın 12-də Yəmənin Ədən limanında lövbər salan ABŞ-ın “USS Cole” esminesi “Əl-Qaidə”nin hücumuna məruz qalıb. Bu hücumda 17 ABŞ dənizçisi həlak olub, esminesə ciddi ziyan dəyib. Hücum partlayıcı yüklü qayığın “USS Cole” gəmisinə çırpılması ilə həyata keçirilib.

Əvvəllər dünyada tətbiq edilsə də, ön planda olmayan asimmetrik hücum təhlükəsi bu hadisə ilə çox daha vacib sayılmağa başlayıb. ABŞ belə təhlükələrə qarşı ciddi tədbirlər görməyə, müxtəlif müdafiə taktikaları hazırlamağa çalışıb.
Aradan keçən müddətdə texnologiya sürətlə inkişaf edib. İnsansız sistemlər döyüş meydanında ciddi təsirlər yaratmağa başladı. PUA-lardan sonra İDP-lərin də gələcəkdə kritik təsir göstərəcəyi gözlənilirdi. Lakin Ukraynanın Sevastopolda Rusiyaya vurduğu ziyan gözlənilən gələcəyi daha da tezləşdirdi.
İDP-lər Rusiyanın nəzarəti altında olan limana necə gəlib?
Bu hadisədə müzakirə edilməli olan müxtəlif suallar var. Bunlardan bəlkə də birincisi, sözügedən İDP-lərin Sevastopola necə çatmasıdır. Coğrafi baxımdan Sevastopol limanı təbii mühafizə olunan ərazidir.
Buraya gələn dəniz platformaları qərb istiqamətinə xeyli məsafə qət etməlidir. Əslində istər limanın, istərsə də içindəki platformaların malik olduqları imkanlarla belə bir təhlükəni hiss edə bilməməsi mühüm məsələdir.
Beynəlxalq mediadakı bəzi mənbələrdə vurğulanan başqa bir ehtimal sözügedən İDP-lərin quru yolu ilə limana çox yaxın bir bölgəyə daşınmasıdır. Bu vəziyyət təbii olaraq ciddi təhlükəsizlik problemlərinin və kəşfiyyat boşluğunun olduğunu göstərir.
1941-ci ilin dekabrında Pörl Harbora hücumu xatırlayaq…

O dövrün ABŞ Hərbi Dəniz Doktrinasında heç bir düşmənin buraya hücum edə bilməyəcəyinə inanılırdı. O dövrdə strategiyanı təyin edən dövlət rəsmilərinin fikrincə görə, hücum edilsə belə, Pörl Harbora hücumun qarşısı donanma tərəfindən asanlıqla alınacaqdı. Lakin, bu baş vermədi…
Ola bilsin ki, oxşar proses indi Rusiyanın ilhaq etdiyi ərazilərdə də gedir. Hətta donanması olmayan Ukraynanın onlara ciddi problem yarada bilməyəcəyinə inanan Moskva ardıcıl hücumlardan sonra meydanda taqətdən düşüb və psixoloji üstünlüyünü itirib.
Bu məqamda Rusiya kəşfiyyatı üçün suallar səsləndirmək lazımdır. Çünki yuxarıda qeyd etdiyimiz hücumlar dənizdə baş versə də, əsas hadisə daha əvvələ gedib çıxır. Əvvəla, açıq şəkildə görünür ki, Rusiya kəşfiyyatı Ukraynanın hansı imkan və imkanlara malik olduğunu aydın şəkildə öyrənə bilməyib.
Ən azı dəniz elementləri üçün “öyrənə bilməyib” hissəsini təsdiqləyən iki mühüm hadisə var. Birincisi Ukraynanın “Neptun” raketləri ilə “Moskva” raket kreyserinin vurulmasıdır. Rusiya donanması hücumun qarşısını ala bilməyib. Daha sonra ABŞ Ukraynaya “Harpoon” raketlərini verdiyini bütün dünyaya bəyan edib.
Digər hadisə İDP-lərlə bağlı idi... Keçən ay Ukraynanın Sevastopol sahillərində naməlum İDP-nin vurulması xəbəri mediada öz əksini tapmışdı. Bu vəziyyət Rusiya üçün “həyəcan” yaratmalı olsa da, lazımi tədbirlərin görülmədiyi aydındır. Sahildə vurulan İDP-lərə çox oxşar platformalar 10 gün sonra Rusiyanın bölgədəki ən əhəmiyyətli döyüş gəmilərini vurmağı bacarıb.
Dəyəri yüz milyonlarla dollar olan gəmilər İDP-lərə necə tab gətirə bilməyib?
PUA və İDP-nin mütəşəkkil hücumu başlayanda rus helikopterinin dənizə atəş açaraq İDP-ni vurmağa çalışdığını gördük. Əslində bu, platformanın nə qədər gec aşkar edildiyini göstərir. Həmin andan sonra döyüş gəmilərinin çox şansı qalmır. Çünki onların qarşısındakı platformalar yüksək manevr qabiliyyətinə malikdir və kifayət qədər sürətlə gedə bilirlər.
Döyüş gəmisinin silahından açılan atəşlə kiçik ölçülü və sürətlə gedə bilən düşmən elementini vurmaq asan deyil. Burada yada idarə olunan sursatlar gələ bilər. Çünki yalnız onunla belə hədəfləri dəqiq vura bilərsiniz. Amma bu da özlüyündə problemdir. Gəmi hansı zaman intervalında ardıcıl olaraq neçə idarə olunan raketi buraxa bilər? Məsələn, bir döyüş gəmisi 100 kamikadze İDP hücumu zamanı onlardan neçəsini məhv edə bilər?
Bütün bunları bir araya gətirdiyiniz zaman asimmetrik döyüş elementlərinin əhəmiyyəti bir daha aydın görünür. Bəli, Ukraynadakı hadisə İDP-lərin ilk istifadəsi olmasa da, bu, onların adi müharibədə necə təsir göstərə biləcəyinin ən bariz nümunəsidir. Belə bir güclü asimmetrik təhlükənin necə aydın şəkildə həll oluna biləcəyi sualına hələ döyüş meydanında heç bir cavab yoxdur.
Ukrayna-Rusiya müharibəsi təkcə bu iki ölkə üçün deyil, bütün dünya, o cümlədən Azərbaycan və Türkiyə üçün dərsdir.
Firuz Bağırov
Ordu.az