Mobil telefonlar müharibə qaydalarını dəyişib? – Ukraynalılar bundan öz xeyirlərinə istifadə edirlər

2023/01/1674629118.jpg
Oxunub: 487     14:18     25 Yanvar 2023    
Roman Horbik bu ilin əvvəlində Kiyevə gedərək tədqiqat üçün müsahibələrini tamamlamaq niyyətində idi. İsveçdə yaşayan ukraynalı akademik iki il ərzində müharibənin ön cəbhəsində, xüsusən də Rusiyanın 2014-cü ildə Krımı ilhaqı zamanı cib telefonlarından necə istifadə edildiyini araşdırıb.

Beləliklə, o, 2022-ci ilin əvvəlində Ukraynaya səfər təşkil edib və burada 2014-cü il müharibəsinin veteranlarından müsahibə almağı planlaşdırıb. O, bir missiyasının olduğunu deyir. Pandemiya onun tədqiqatında çoxsaylı gecikmələrə səbəb olub və o, bir daha gecikməməkdə qərarlı idi.


“Xəbərdarlıqlara və münaqişənin qaçılmaz olduğunu başa düşməyimə baxmayaraq, mən səyahət etməli və müsahibələr almalı oldum”, - deyə Horbik ABC-yə açıqlamasında bildirib.

O, 21 fevral 2022-ci ildə Ukrayna paytaxtına sağ-salamat enib. Lakin üç gündən sonra rusların Ukraynaya hücumu başlayıb.

Müharibə vasitəsi

İlk bir neçə gündə Horbik planlaşdırıldığı kimi bir neçə müsahibə apardı. Amma işlər çox tez dəyişdi.

“Ukrayna şəhərlərinə raketlər və bombalar yağmağa başlayanda mən özüm də qaçqın vəziyyətinə düşdüm”, - deyə o bildirib.

Horbik deyir ki, onun Kiyevdəki məktəbi Rusiyanın işğalının ilk günündə bombalanıb. Horbik Kiyevdən qaçan milyonlarla insandan biri idi. O, Ukraynanın qərbində yerləşən Lvovda qaçqınlara psixoloji və tibbi yardım göstərən bölmədə könüllü olaraq çalışıb. O, tarixi bir müharibə haqqında insanlardan müsahibə almaq üçün Ukraynaya getsə də, özü yeni bir müharibənin cəbhəsinə düşüb.


Burada da smartfonlar mühüm rol oynayırdı. Lakin bu dəfə Horbik deyir ki, smartfonların rolu keçmiş Rusiya-Ukrayna müharibələrindən olduğundan çox fərqli idi. Onun sözlərinə görə, 2014-cü ildə Ukrayna Silahlı Qüvvələri “həqiqətən tükənib” və cəmi 6000 əsgərdən ibarət olub. Onların istifadə etdiyi hərbi rabitə vasitələri və sistemləri köhnəlmiş, qeyri-işlək və səmərəsiz olub.

Lakin əsgərlərin əksəriyyətində mobil telefon və ya smartfon var idi. Horbik deyir ki, onlar məhz bu boşluğu dolduran vasitə oldular.

Ukrayna əsgərləri artıq ailələri, komandirləri və əsgər yoldaşları ilə əlaqə saxlamaq üçün mobil telefonlardan istifadə edirdilər. Daha sonra onlar da döyüş vasitəsinə çevrildilər. Əsgərlər həmçinin mina sahələrinin xəritəsini çəkmək və ya düşməni dinləmək və ya hətta artilleriya atəşi üçün hədəf almaq kimi bir sıra hərbi tapşırıqlar üçün mobil telefonlardan istifadə edirdilər.

Horbik deyir ki, 2022-ci ildə Ukrayna qüvvələri hər şeyi fərqli etməli olub. Ruslar mürəkkəb radio və radioelektron mübarizə vasitələri, o cümlədən 100 kilometr məsafədə mobil rabitəyə müdaxilə etmək üçün texnologiya hazırlayıblar.

Beləliklə, ukraynalılar vəziyyətə uyğunlaşdılar. Ancaq hələ də smartfonlardan istifadə edirlər, habelə texnologiya da durmadan inkişaf edir.

“Vəziyyət bir növ tərsinə çevrildi. Ukraynalılar daha effektiv, müasir və daha təhlükəsiz hərbi rabitədən istifadə edirlər. Ruslar Ukraynada mülki əhalidən qənimət kimi götürdükləri mülki mobil telefonlara etibar etməli olurlar”, - deyə Horbik bildirib.

Yeni müharibə qaydaları

ABŞ Hərbi Dənizçilik Məktəbinin fəxri professoru, müdafiə üzrə analitik Con Arquilla deyir ki, cib telefonları, Rusiyanın radioelektron müdaxilə texnologiyasına baxmayaraq, müharibənin ilkin mərhələlərində Ukraynanın uğurunda mühüm rol oynayıb, çünki onlar mülki şəxslərə müharibə səylərinə kömək etməyə imkan verib.


“Mülki əhali rusların harada olduqları və hara getdikləri ilə bağlı bir növ müşahidəçi korpus kimi xidmət etməyə davam edir. Smartfonlar məlumatı çox sürətlə ötürür. Bu məlumat Ukrayna qüvvələrinə kiçik birliklərlə daha böyük rus birləşmələrinə qarşı daha effektiv manevr etməyə imkan verib”, - deyə o qeyd edib.

Ukraynanın Rusiya qüvvələrini uzun müddət saxlaya bilməsi dünyanın çox hissəsini heyrətə salsa da, professor Arquilla o qədər də təəccüblənmir. 2010-cu ildə o, gələcək döyüşlərdə üstünlük əldə etmək üçün kritik rol oynayacağını söylədiyi yeni müharibə qaydaları haqqında yazırdı.

O deyir ki, Ukrayna bunların hamısını uğurla nümayiş etdirib. Onun sözlərinə görə, ukraynalılar 8-10 əsgərdən ibarət kiçik dəstələrdə döyüşürlər ki, bu da əhəmiyyətli üstünlükdür.

Professorun ikinci yeni müharibə qaydası budur ki, düşməni tapmaq artıq daha vacibdir.

“Onlar daha çevik və bir-birilə daha çox əlaqəli və şəbəkəlidir. Onlar uzun müddət əsas birləşmələri, alay, batalyon taktiki qrup ölçülü qüvvələri saxlaya bildilər”, - deyə professor bildirib.

Onun fikrincə, kiçik olması Ukrayna qüvvələrinin tapılmasını da çətinləşdirir.

“Ənənəvi müharibədə siz düşmən qüvvələrini sıxışdırıb onun cinahında hərəkət etməyə çalışardınız. Amma əgər siz özü manevr edə bilən kiçik, çevik bir rəqibə qarşısınızsa, onları hədəfə almaq üçün sismtemləri tətbiq etməyi bacarmalısınız. Ukraynalıların rusları tapmaqda böyük üstünlüyü var, çünki onlar daha böyük ərazidədirlər və daha çox mərkəzləşiblər”, - deyə o qeyd edib.


Professor Arquillanın fikrincə, böyük silah dəstəyi Ukrayna qüvvələrinə kömək etmək üçün ən yaxşı üsul olmaya bilər: “Ümid edirəm ki, onlar NATO və ABŞ-dan ağır silahlar almaq fikrinə aldanmazlar. Onların ağır artilleriya və zirehli texnikası nə qədər çox olarsa, Rusiya silahlarına qarşı bir o qədər həssas olacaqlar. Üçüncü qayda, sadəcə olaraq, məlumatların kütləvi şəkildə artmasıdır. Burada mobil telefonlar mühüm rol oynayır. Əgər siz kiçik bölmələrə sahibsinizsə, çox sürətli məlumatlarla təmin edilirsinizsə və düşməni hədəf almağa kömək edilirsə, eyni anda bir çox nöqtədən düşmənə zərbə vura bilərsiniz”.

Buradan hara?

Ukraynanın qeyri-rəsmi mülki “müşahidəçi korpusu”na və mobil telefonların indiyədək oynadığı mühüm rola baxmayaraq, ruslar rabitə peyklərini hədəfə almayıblar.

Professor Arquilla hesab edir ki, bu, rusların da bu rabitə sistemlərindən istifadə etməsi deməkdir. Amma o, başqa səbəbin olduğunu düşünür: “Bunu etmək, daha çox beynəlxalq miqyasda müharibə cinayəti olacaq hərəkətləri tələb edir və bu, diplomatik baxımdan çox əhəmiyyətli bir eskalasiyaya səbəb olacaq”.

Onun fikrincə, hər iki tərəf heç kimin bəyənmədiyi eskalasiyanın qarşısını almağa çalışır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Smartfon   Müharibə  


Bizi "telegram"da izləyin