Çox vaxt hərb tarixində vahid silah sistemi bütün müharibə dövrünün simvoluna çevrilə bilər. Orta əsrlərdə ingilis oxatanlarının istifadə etdiyi uzun yay və ya İkinci Dünya Müharibəsinin quru döyüşləri zamanı istifadə edilən ağır zirehli tanklar kimi tarixi istinad nöqtələri var.
MQ-1 “Predator” PUA-ları ABŞ-ın Əfqanıstanda, İraqda və başqa yerlərdə apardığı qiyam əleyhinə müharibədə dövrünün simvolik silahına çevrildi. Bu, Soyuq Müharibə başa çatdıqdan sonra ABŞ-ın təkbaşına və dominant qlobal supergüc kimi mübahisəsiz qaldığı zaman “birqütblü dünya” adlandırılan dövrə uyğun gəlirdi.
PUA-ların simvolik statusu ilkin olaraq hava kəşfiyyatı üçün nəzərdə tutulan “Predator”lara “Hellfire” raketlərinin quraşdırılması zamanı dəyişdi. Onun varisi olan “Reaper” xüsusi olaraq “ovçu-qatil” kimi hazırlanıb. Bu silah sələfindən daha geniş diapazona malikdir və daha böyük çəkidə sursat daşıya bilir. Onların adları öz məqsədlərini açıq şəkildə göstərir.
Bunlar Vaşinqtonun düşmənlərini heç gözləmədikləri zaman və anında hədəfə almağa qadir olan dəqiq silahlardır. 2022-ci ilin yanvarında Bağdad hava limanı yaxınlığında iranlı general Qasım Süleymani heç gözləmədiyi zaman və anında “Reaper” PUA-sının hədəfinə çevrildi. Qısa müddət ərzində bu cür əməliyyatları həyata keçirə bilən ölkələr ABŞ və İsrail idi.
Bununla belə, vəziyyət artıq kəskin şəkildə dəyişib. Daha çox oyunçunun iştirak etdiyi PUA müharibəsinin yeni dövrü artıq gəlib çatıb. PUA-ların istifadəsi isə terrorla mübarizə və ya üsyanla mübarizədən tam miqyaslı ənənəvi döyüşə keçib. Həqiqətən də, texnologiya getdikcə daha çox təkmilləşdikcə və Süni Zəka (SZ) ilə əlaqələndirildikcə müharibənin PUA-larla yeni dördüncü dövrü yaxınlaşır.
Haşiyəyə çıxaraq MQ-9 “Reaper”in Taktiki-Texniki Xüsusiyyətlərinə baxaq:
Ön ucunda və arxada kameraları, müxtəlif sensorları var
Təkmil sabitlik üçün V formalı quyruq modelinə malikdir
GPS və ya lazerlə idarə olunan raket və bombalar daşıyır
Uzunluğu: 10.97m
Hündürlüyü: 3.66m
Qanad açılımı: 21,12 m
Maksimum sürət: 463km/saat
Ukraynadan əvvəl PUA-lar ən son Efiopiyada hökumət tərəfindən istifadə edilib. Bu silahlar Tiqray Xalq Azadlıq Cəbhəsinin paytaxt Əddis-Əbəbəni tutmasına mane oldu. Efiopiya hökuməti Türkiyə və İrandan PUA-lar alıb. Onun Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə Çinin “Wing Loong II” PUA-larına çıxışı olduğu da bildirilir.
BƏƏ eyni şəkildə Liviyada amansız vətəndaş müharibəsində müttəfiqi General Xəlifə Həftərə Çin istehsalı PUA-lar tədarük edib. Burada PUA-larla amasız zərbələr endirilib. Onlara adekvat olan “Bayraktar TB2” PUA-ları Liviyanın beynəlxalq səviyyədə tanınan hökumətinin Tripolidə mövcudluğunu saxlamasına töhfə verib və 2020-ci ildə Qarabağda Azərbaycan onlardan istifadə edərək tarixi torpaqlarını azad edib.
PUA zərbələri çox vaxt mürəkkəb hüquqi və etik dilemmalara səbəb olur. Onlar yalnız əsaslandıqları kəşfiyyat qədər dəqiq ola bilərlər. Onların istifadəsinin hansısa şəkildə silahlara nəzarət müqavilələri ilə məhdudlaşdırıla biləcəyi ümidi olsa da, hələlik bu barədə danışıqlar getmir.
ABŞ qabaqcıl texnologiyasını ən yaxın müttəfiqlərindən başqa heç kimə ixrac etməsə də, bazardakı digər əsas oyunçular belə məhdudiyyətlər tətbiq etməyib.
Həqiqətən də PUA-lar sürətlə yayılır. 100-dən çox ölkədə və qeyri-dövlət aktorlarında PUA var və bir çox aktor zərbə tipli PUA-lara malikdir. Ekspertlər bu sistemlərin yayılmağa davam edəcəyi barədə xəbərdarlıq edib. Çin bir çox ölkəyə zərbə tipli PUA-lar satır. Ancaq artıq İran və Türkiyə kimi dövlətlər də istehsal etdikləri zərbə və kamikadze tipli PUA-ları bazar çıxarıb. Türkiyə ciddi ixrac nailiyyətləri əldə edib.
Digər məsələ kommersiya tipli PUA-ların hərbiləşdirilməsidir. Silahlı qruplar bir neçə yüz dollara kiçik mülki PUA-lar əldə edərək onlara RPG, minaatan mərmiləri yerləşdirir, mülki şəxslərə və hərbçilərə zərbə endirmək üçün istifadə edir.
PUA-nın həlledici təsiri təəccüblü deyil. Bu silahlar ölkəyə ucuz qiymətə hava qüvvələri təmin edir. Döyüş təyyarələri almağa imkanı olmayan dövlətlər və qeyri-dövlət aktorları PUA-lar ala bilirlər. Bu silahlar döyüş təyyarələri qədər qabiliyyətli olmasa da, aktorlara bəzi hava gücündən istifadə imkanı verir.
ABŞ və müttəfiqləri bu silahlardan qiyamçılara qarşı istifadə edir. Rusiya Suriyadakı iştirakından PUA-ları daha geniş döyüş nizamına daxil edilməsi üçün sınaq meydançası kimi istifadə edir. Rusiyanın Suriyadakı PUA-ları mühüm kəşfiyyat, müşahidə və nəzarət (ISR) missiyaları həyata keçirib, müəyyən edilmiş hədəfləri real vaxt rejimində izləyib, onların koordinatlarını Rusiya təyyarələrinə, reaktiv artilleriya və raket bölmələrinə ötürüb.
Bu gün Rusiya Ukraynada da PUA-lardan istifadə edir. Onlar ciddi nəticələr verməsə də, müharibədən sonra Rusiya PUA parkını böyütməyə cəhd edəcək. Hələlik Rusiya sistemləri kəşfiyyat məlumatlarının toplanması işinə nəzarət edir.
Rusiya Ukraynada radioelektron mübarizə fəaliyyətləri üçün də PUA-lardan istifadə edir. Radioelektron mübarizə düşmən qüvvələrinin göndərdiyi siqnallarla onların yerini müəyyən etmək və sonra rabitələrini sıradan çıxaraq onları təcrid etmək sənətidir.
Rusiya özünün ən qabaqcıl texnologiyasının təkmilləşdirilməsi baxımından ABŞ-dan təxminən on il geridə ola bilər, lakin Rusiya silahlı qüvvələri PUA-ları öz döyüş hissələrinə inteqrasiya etmək baxımından xeyli irəlidədir. Hərbi PUA-lar Rusiyanın bütün hərbi qüvvələrinin strukturunda mövcuddur. Ukrayna Rusiyaya qarşı əsasən Türkiyə istehsalı PUA-lardan istifadə edir. ABŞ və digər Qərb ölkələrinin dəstəyi ilə yeni PUA-lar da göndərilir.
Bəs PUA təhlükəsi nisbətən yaxşı başa düşülübsə, ona qarşı çıxmaq niyə bu qədər çətindir?
Bu gün istifadə olunan PUA-ların əksəriyyəti ənənəvi hərbi təyyarələrdən daha kiçikdir və müxtəlif növ hava hücumundan müdafiə vasitələri onlara qarşı təsirsizdir. Onlar daha yavaşdır və bir çox hava hücumundan müdafiə sistemi onları vurmaq üçün optimallaşdırılmayıb.
Bir çox ölkələr PUA-lara qarşı əks-tədbirlər hazırlamaq üzərində işləyirlər və zaman keçdikcə daha effektiv andtidron sistemlərinin döyüş meydanlarına da yayıldığını görəcəyik. Bununla belə, əsas problem kütləvi PUA hücumlarına qarşı mübarizə olacaq, çünki aşağı qiymətli PUA-lar çox sayda istehsal edilə bilər. Artıq PUA sürüləri termini hərbi leksikona daxil edilib. Məsələn, 2018-ci ildə Suriyada Rusiya bazasına 13 PUA ilə hücum edilib.
Sürü PUA-larla hücum zamanı əsas məsələ onların sayı ilə deyil, heç bir insan iştirakı olmadan birlikdə çalışmaq qabiliyyəti ilə müəyyən edilir. Bu, müharibənin dəyişdirilməsinə təsir göstərə bilər.
Firuz Bağırov
Ordu.az