Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal altında olan Qarabağda erməni əsgər Harutyun Xaçatryanın intihar etməsinə ailə problemləri səbəb olmayıb.
Məlumata görə, erməni əsgər silahla çənə nahiyyəsinə atəş açaraq intihar edib. Ölən erməni əsgər Xocavənd rayonunun işğal altında olan Tağavart kəndindən olub. Lakin Tağavart kənd icra nümayəndəsi Levon Alaverdyanın dediyinə görə erməni əsgərin ailədaxili problemləri olmayıb.
"İntihar olduğu deyilir, ancaq nəyin necə olduğu araşdırma zamanı məlum olacaq. Ailə problemi olması barədə irəli sürülən iddia tam əsassızdır, çox normal ailədirlər, bu mümkün deyil", - deyə kənd icra rəhbəri bildirib.
Erməni əsgərin ailəsi Xankəndində yaşasa da, ölən erməni əsgəri Tağavart kənd məktəbində təhsil alıb. İcra nümayəndəsinin sözlərinə görə, kənddə ölüm səbəbi olaraq müxtəlif sözlər gəzir, lakin bunları demək istəmədiyini qeyd edib.
"Hələlik onun ölüm səbəbi barədə dəqiq heç nə məlum deyil. Harutyun Xaçatryan 6 ay Lusakertdəki hərbi hissədə xidmət edib. Çavuşluğu oxuduqdan sonra, çavuş hərbi rütbəsində bir neçə gün öncə Qarabağa göndərilib", - deyə o əlavə edib.
Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb. Erməni əsgərin 14 yaşında bir bacısı, 10 yaşında 1 qardaşı var. Daha öncə xəbər veriyimiz kimi, ölən erməni əsgərin atası “polkovnik” rütbəli hərbi qulluqçudur.
Alpər Mövludoğlu
Ordu.az