Pakistan Hərbi Dəniz Qüvvələrinin yeni sualtı qayığı Kəraçiyə çatıb

2026/06/vcbcv-1781254394.jpg
Oxunub: 228     12:53     12 İyun 2026    
Pakistan Hərbi Dəniz Qüvvələrinin ilk “Hangor” sinfinə məxsus sualtı qayığı Kəraçi limanında rəsmi mərasimlə qarşılanıb.

Ordu.az xəbər verir ki, Pakistan Hərbi Dəniz Qüvvələrinin ilk Hangor sinfinə məxsus PNS/M HANGOR sualtı qayığı Kəraçiyə çatıb.

Sualtı qayığın qarşılanma mərasimində yüksək rütbəli hərbi dəniz zabitləri, ekipaj üzvlərinin ailələri və Pakistan Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti iştirak edib.

Pakistan Hərbi Dəniz Akademiyasının kursantları Pakistan Hərbi Dəniz Qüvvələrinə məxsus Z9EC helikopterlərinin müşayiəti ilə yeni sualtı qayığı və onun ekipajını salamlayıblar.

Daha sonra Pakistan Hərbi Dəniz Qüvvələrinin gəmiqayırma zavodunda qəbul mərasimi keçirilib. Tədbirdə Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Əbdül Münib fəxri qonaq qismində iştirak edib.

Pakistan Hərbi Dəniz Qüvvələrinin döyüş imkanlarını əhəmiyyətli dərəcədə artıracağı gözlənilən PNS/M HANGOR inkişaf etmiş döyüş sistemləri və müasir sensorlarla təchiz olunub.

Platformada havadan asılı olmayan hərəkətverici texnologiya tətbiq edilib və aşağı görünmə xüsusiyyətlərinə malikdir. Yeni sualtı qayığın silahlanmaya qəbul edilməsi Pakistan Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsi istiqamətində mühüm addım hesab olunur və Pakistan ilə Çin arasında strateji müdafiə əməkdaşlığını əks etdirir.

Pakistanın “Dawn” qəzetinin məlumatına görə, “Hangor” adı ölkənin hərbi dəniz tarixində xüsusi yer tutur. Bu ad 1971-ci il Pakistan-Hindistan müharibəsində Hindistanın INS “Khukri” freqatını batıran PNS “Hangor” sualtı qayığının şərəfinə seçilib. Həmin hadisə İkinci Dünya müharibəsindən sonra bir döyüş gəmisini batıran ilk sualtı qayıq hadisəsi kimi tarixə düşüb.

Pakistan Hərbi Dəniz Qüvvələri Çinlə həyata keçirilən proqram çərçivəsində ümumilikdə 8 ədəd “Hangor” sinfinə məxsus sualtı qayığın silahlanmaya qəbulunu planlaşdırır. Yeni nəsil sualtı qayıqların birincisi 2024-cü ilin aprelində suya buraxılıb, ikinci, üçüncü və dördüncü platformalar isə müvafiq olaraq 2025-ci il martın 15-i, avqustun 15-i və dekabrın 17-də suya endirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   HDQ   Sualtı-qayıq  


Bizi "telegram"da izləyin