Gürcüstan XİN: Avropa Komissiyasının vizasız rejimin dayandırılması ilə bağlı qərarı obyektiv olmayan qiymətləndirməyə əsaslanır

2026/06/1781253209.jpg
Oxunub: 202     12:28     12 İyun 2026    
Gürcüstan Xarici İşlər Nazirliyi Avropa Komissiyasının ölkənin diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimi müvəqqəti dayandırmaq qərarını ədalətsiz adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanat Gürcüstan və Avropa Komissiyasının nümayəndə heyətləri arasında Brüsseldə keçirilən görüşün yekunlarına həsr olunub. Görüş viza dialoqu çərçivəsində baş tutub və Avropa İttifaqının diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız rejimin müvəqqəti dayandırılması qərarı müzakirə olunub.

Nazirlik bildirib ki, Avropa Komissiyasının qərarı Gürcüstandakı vəziyyəti qərəzli qiymətləndirən hesabat əsasında qəbul olunub və bu sənəd ölkədəki vəziyyət barədə düzgün və obyektiv nəticələr çıxarmağa imkan vermir.

“Buna görə də Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimin müvəqqəti dayandırılması ilə bağlı qərar kifayət qədər əsaslandırılmamış nəticələrə söykəndiyindən ədalətsizdir”, - deyə bəyanatda qeyd olunub.

Bununla yanaşı, viza dialoqu çərçivəsində Avropa İttifaqının vizasız rejimin dayandırılması mexanizmini işə salmasına səbəb kimi göstərdiyi məsələlər, Avropa Komissiyasının tövsiyələri və Gürcüstanın onların icrası üçün atdığı və ya atmaqda davam etdiyi addımlar müzakirə edilib.

XİN vurğulayıb ki, Gürcüstan Konstitusiyası və qüvvədə olan qanunvericilik vətəndaşların əsas hüquq və azadlıqlarının müdafiəsinə təminat verir.

Bunlara fikir ifadə etmək, toplantı və nümayiş keçirmək, birləşmək azadlığı, şəxsi həyatın toxunulmazlığı və bərabərlik hüququ daxildir.

Nazirlik həmçinin bildirib ki, ölkədə insan hüquqlarının qorunması üçün səmərəli milli mexanizmlər fəaliyyət göstərir və müvafiq institutların gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd olunub ki, siyasi partiyalar və vətəndaş fəalları tərəfindən uzun müddətdir mütəmadi şəkildə təşkil edilən etiraz aksiyaları dinc toplaşmaq və nümayiş keçirmək hüququnun təmin olunduğunu göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   XİN   Avropa-Komissiyası  


Bizi "telegram"da izləyin