Ermənistanın daxili işlər naziri seçkilərin nəticələrinin etibarsız sayılmasına ehtiyac olmadığını bildirib

2026/06/1781255600.jpg
Oxunub: 209     13:11     12 İyun 2026    
Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan iyunun 7-də keçirilmiş seçkilərin nəticələrinin etibarsız sayılması üçün əsas görmədiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, erməni nazir bu barədə iyunun 12-də Ermənistan parlamentində jurnalistlərlə keçirdiyi brifinq zamanı danışıb.

“Bu günə qədər heç bir siyasi qüvvə tərəfindən belə bir iddiaya əsas verə biləcək faktlara söykənən və hüquqi cəhətdən əsaslandırılmış sənəd görməmişəm”, - deyə Sarkisyan bildirib.

Onun sözlərinə görə, Ermənistanda azad, ədalətli və şəffaf seçkilər keçirilib.

Erməni nazir qeyd edib ki, ölkənin Seçki Məcəlləsi bütün siyasi qüvvələrə seçki prosesini izləmək və onun qanunauyğun keçirildiyinə əmin olmaq üçün lazımi imkanlar yaradır.

Sarkisyan vurğulayıb ki, seçki məntəqələrində etibarlı şəxslər, müşahidəçilər fəaliyyət göstərib, həmçinin videomüşahidə sistemi vasitəsilə yayımlar təşkil olunub və bunlar müxtəlif nümayəndələr tərəfindən izlənilib.

Erməni nazirin sözlərinə görə, bəzi siyasi qüvvələr müxtəlif materiallar yayaraq onları pozuntu kimi təqdim etsələr də, həmin məlumatlar araşdırıldıqda rəsmi protokollarla arasında heç bir fərqin olmadığı müəyyən edilib.

“Əksinə, həmin materialları yayan şəxslər sonradan bunun yanlışlıq olduğunu bildiriblər. İnternetdə yayılan bəzi məlumatlarla bağlı istifadəçilərdən izahat alınıb və onlar yalnız siyasi qüvvələrin yaydığı materialları paylaşdıqlarını deyiblər”, - deyə o əlavə edib.

Sarkisyan bildirib ki, Daxili İşlər Nazirliyi monitorinq fəaliyyətini davam etdirəcək və zərurət yarandığı halda qaldırılan məsələlərə münasibət bildirəcək.

“Monitorinq davam etdiriləcək. Reaksiya verməli olduğumuz məsələlər yaranarsa, mütləq münasibət bildirəcəyik. Bir daha qeyd etmək istəyirəm ki, bütün siyasi qüvvələr seçkiqabağı təşviqat aparmaq üçün lazımi şəraitə malik olublar”, - deyə nazir vurğulayıb.

O əlavə edib ki, hansı siyasi qüvvə ilə bağlı olmasından asılı olmayaraq bütün müraciətlər qeydə alınıb və araşdırılması üçün istintaq orqanlarına göndərilib.

Qeyd edək ki, “Güclü Ermənistan” seçki bloku iyunun 12-də Ermənistan Mərkəzi Seçki Komissiyasına müraciət edərək iyunun 7-də keçirilən səsvermənin nəticələrinin etibarsız sayılmasını tələb edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sarkisyan   Seçki  


Bizi "telegram"da izləyin