Ordu.az xəbər verir ki, Serj Sarkisyan bu barədə iyunun 12-də jurnalistlərlə söhbətində danışıb.
O bildirib ki, onun sözlərindən siyasi məqsədlərlə istifadə edənlər ya deyilənlərin kontekstini anlamayıblar, ya da sadəcə axmaqdırlar.
“Ermənistanın şüurlu kapitulyasiyasına getmiş, ölkəsinə xəyanət etmiş, kilsəyə hücum etmiş və erməni ərazilərini yad nəzarətə buraxmış bir şəxsi hansısa formada müdafiə edə biləcəyini düşünmək absurddur”, - deyə Sarkisyan qeyd edib.
Keçmiş erməni prezident bildirib ki, bu məsələdə onun mövqeyi tam aydındır və siyasi rəqiblərinin seçkiqabağı manipulyasiyalar qurmaq cəhdləri uğursuzluğa məhkumdur.
Sarkisyan əlavə edib ki, son günlər bu mövzu ilə bağlı kifayət qədər açıqlama verib və bundan sonra oxşar ittihamlara cavab vermək niyyətində deyil.
Qeyd edək ki, mübahisəyə səbəb “İşıqlı Ermənistan” Partiyasının lideri Edmond Marukyanın açıqlamaları olub. O, Serj Sarkisyanı faktiki olaraq Nikol Paşinyanın vəkili kimi çıxış etməkdə və baş nazirin üçüncü müddətə namizədliyini dolayısı ilə müdafiə etməkdə ittiham edib.
Marukyan iddia edib ki, Sarkisyan əvvəlki seçkilərin növbədənkənar keçirildiyini əsas gətirərək Paşinyana haqq qazandırıb, bunu “rüsvayçılıq” və pərdəarxası razılaşmanın göstəricisi adlandırıb.
Alpər Mövludoğlu
Ordu.az