Sabiq erməni ombudsmanın yaydığı səs yazıları əsasında cinayət işləri başlanıb

2026/06/1781250960.jpg
Oxunub: 202     11:57     12 İyun 2026    
“Birliyin Qanadları” partiyasının rəhbəri, Ermənistanın sabiq ombudsmanı Arman Tatoyanın təqdim etdiyi məlumatlar əsasında iki cinayət işi başlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu “News.am”ın sorğusuna cavab olaraq məlumat verib.

Xatırladaq ki, Arman Tatoyan seçkiqabağı dövrdə hakimiyyət tərəfindən inzibati resurslardan istifadə olunduğunu göstərən səs yazıları yayımlamış və bununla bağlı Baş Prokurorluğa müraciət etmişdi.

Səs yazılarından birində Armavir Regional Dövlət Kollecinin müəllimlərindən biri, eyni zamanda Armavir Şəhər Şurasında “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Lusine Qriqoryanın tələbələri partiyanın yekun görüşündə iştirak etməyə məcbur etdiyi iddia olunur.

Yazıda onun tələbələrə saat 17:00-da meydanda keçiriləcək tədbirə gəlməyi tapşırdığı, bu göstərişin ona rəhbərlik tərəfindən verildiyini bildirdiyi eşidilir.

Ermənistan Baş Prokurorluğunun məlumatına görə, həmin səs yazısı ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 2-ci hissəsi üzrə cinayət işi başlanıb.

Sözügedən maddə şəxsin və ya onun yaxınlarının ünvanına zor tətbiqi, əmlakın məhv edilməsi, zədələnməsi, alınması ilə hədələmə və ya şantaj yolu ilə qanuni və ya qanunsuz toplantıda iştiraka məcbur etməni nəzərdə tutur.

Digər səs yazısı isə Arman Tatoyan tərəfindən İctimai Televiziyada yayımlanan müsahibə zamanı təqdim olunub.

Yazıda Martuni rayonunun Təhsil Şöbəsindən uşaq bağçalarının rəhbərlərinə zəng edilərək onların əməkdaşlarının “Vətəndaş Müqaviləsi” partiyasının mərkəzi ofisinin açılışında iştirak etmələrinin tələb olunduğu bildirilir.

“Salam, hörmətli direktorlar, bu gün saat 19:00-da Martuni şəhərində “Vətəndaş Müqaviləsi” partiyasının mərkəzi ofisi açılır. Xahiş edirəm kişi əməkdaşlarınıza məlumat verin ki, mütləq iştirak etsinlər”, - deyə səs yazısında qeyd olunur.

Ermənistan Baş Prokurorluğu bildirib ki, ikinci səs yazısı üzrə Ermənistan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi ilə cinayət işi başlanıb.

Bu maddə qanuni və ya qanunsuz toplantıda iştiraka məcbur etmənin vəzifə səlahiyyətlərindən və ya həmin səlahiyyətlərin yaratdığı təsirdən istifadə edilməklə həyata keçirilməsini nəzərdə tutur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tatoyan  


Bizi "telegram"da izləyin