WSJ: Tramp ilk prezidentlik dövründəki impiçmentlərin “ləğv edilməsini” istəyir

2026/06/1780599312.jpg
Oxunub: 209     10:47     12 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp və ətrafı konqresmenləri onun ilk prezidentlik müddətində başlanmış iki impiçment prosedurunun simvolik şəkildə ləğv edilməsi barədə qətnamə qəbul etməyə inandırmağa çalışır.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Donald Tramp ABŞ tarixində haqqında iki dəfə impiçment proseduru başladılan ilk prezidentdir. Hər iki hal onun ilk prezidentlik dövrünə təsadüf edib və 2019-cu, eləcə də 2021-ci illərdə baş verib.

Nümayəndələr Palatası tərəfindən təsdiqlənsə də, hər iki impiçment təşəbbüsü Konqresin Senatında rədd edilib.

Qəzet xatırladıb ki, aprel ayında respublikaçı konqresmen Darrell İssa hər iki impiçmentin ləğvi ilə bağlı qətnamə təqdim edib. Təşəbbüsün 23 respublikaçı həmmüəllifi var.

Qətnamə mətnində hər iki prosedurun “Nümayəndələr Palatası impiçment maddələrini heç vaxt təsdiqləməmiş kimi ləğv olunmuş hesab edilməsi” təklif olunur.

Nümayəndələr Palatasının sədri Mayk Conson “The Wall Street Journal”a bildirib ki, bu qətnaməni Tramp və onun müşavirləri ilə müzakirə edib. Lakin onun sözlərinə görə, məsələ Respublikaçılar Partiyasının prioritetləri sırasında ilk yerdə deyil.

Qəzet qeyd edir ki, qətnamə Nümayəndələr Palatası tərəfindən qəbul olunsa belə, Tramp üçün yalnız simvolik qələbə olacaq və hüquqi baxımdan ciddi nəticə doğurmayacaq. Çünki ABŞ Konstitusiyasında belə bir prosedur nəzərdə tutulmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin