“Lockheed Martin” Fransaya HIMARS və uzaqmənzilli sursat paketi təklif edib

2026/06/1781248381.jpg
Oxunub: 218     11:09     12 İyun 2026    
ABŞ-nin “Lockheed Martin” şirkəti Fransa Quru Qoşunlarının yaylım atəşli raket sistemlərinin modernləşdirilməsi proqramı çərçivəsində ölkəyə M142 HIMARS sistemi və uzaqmənzilli sursatlardan ibarət paket təklif edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Məlumata görə, təklifə HIMARS buraxılış qurğuları ilə yanaşı, onlara aid sursatlar da daxildir. Müqavilə imzalanacağı təqdirdə tədarükün təxminən 18 ay ərzində başlaması gözlənilir.

Fransa hazırda silahlanmasında olan ABŞ istehsalı M270A1 LRU yaylım atəşli raket sistemlərini əvəz edəcək yeni həll yolu axtarır. Proqramın ilk mərhələsində ən azı 39 yeni raket sisteminin alınması planlaşdırılır. Sonrakı mərhələlərdə isə bu sayın artırılması nəzərdə tutulur.

Fransa Quru Qoşunları yeni sistemin ən azı 150 kilometr mənzilli sursatlardan istifadə edə bilməsini əsas şərt kimi irəli sürüb. Mətbuatda yer alan məlumatlara görə, “Lockheed Martin”in təklifində sürətli tədarük qrafiki ilə yanaşı, 2028-ci ildən etibarən HIMARS buraxılış qurğularının istehsalının bir hissəsinin Fransaya köçürülməsi variantı da yer alır.

Bununla belə, neçə sistemin alınacağı, hansı sursatların paketə daxil ediləcəyi və Fransada hansı şirkətin proqramda iştirak edəcəyi barədə hələ rəsmi açıqlama verilməyib. Fransanın Silahlanma Baş İdarəsi (DGA) yeni raket sistemi proqramında prioriteti yerli həllərə verməyi planlaşdırır.

Bu çərçivədə “Thales”, “ArianeGroup” və “Soframe” şirkətlərinin yaratdığı komanda, həmçinin MBDA və “Safran” tərəfdaşlığı layihə uğrunda yarışır.

Lakin DGA yerli layihələrin tələbləri qarşılamayacağı halda hazır məhsul alışının da nəzərdən keçiriləcəyini bildirir. Fransanın qiymətləndirdiyi variantlar arasında HIMARS ilə yanaşı GMLRS, ATACMS və PrSM raketləri ilə təklif olunan müxtəlif konfiqurasiyalar da mövcuddur.

Cənubi Koreyanın K239 “Chunmoo” sistemi və Hindistanın hazırladığı “Pinaka” yaylım atəşli raket sistemi də alternativ namizədlər arasında göstərilir. Fransa ordusunun ilk yeni nəsil raket sistemlərini 2030-cu ilə qədər təhvil alması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed-Martin   Fransa   HIMARS  


Bizi "telegram"da izləyin