Hələ həmin vaxt qeyd edilmişdi ki, “bəyanat”ın mətni Qazaxıstan Prezident Administrasiyasının rəsmi saytı olan “Akorda.kz”də yerləşdirilməyib. Ehtimal edilirdi ki, bu sənəd Astana üçün rəsmi xarakter daşımır. Nikol Paşinyana Qazaxıstan və Qırğızıstan prezidentlərinin göndərdiyi təbrik məktubları Ermənistanın Avrasiya İqtisadi Birliyi ilə Avropa İttifaqı arasında seçim etməyə məcbur edilməsinin yalnız Rusiya prezidentinin “şəxsi istəyi” olduğunu dolayı yolla təsdiqləyir.
Görünür, Kremldə Tokayev və Japarovun bu “opportunizmi” ciddi narahatlıqla qarşılanıb. Rusiya rəsmi KİV-ləri məlumat yayıb ki, Moskva 2026-cı il iyunun 12-dən etibarən Ermənistandan Avrasiya İqtisadi Birliyi ölkələrinə “karantin məhsulları”nın öz ərazisi vasitəsilə ixracını qadağan edir. Faktiki olaraq, Rusiya Qazaxıstan və Qırğızıstana qarşı iqtisadi “müharibə” elan edib və həmin ölkələrin Ermənistanla ayrıca ticarət-iqtisadi əlaqələr saxlamasının qarşısını alır.
Bu qərar, ona diplomatik “yumşaq ifadələr” tapmaq cəhdlərinə baxmayaraq, göstərir ki, Avrasiya İqtisadi Birliyi suveren dövlətlərin iqtisadi azad inteqrasiyası üçün yaradılmış qurum deyil. Bu təşkilat Avrasiya məkanının əhəmiyyətli hissəsində Rusiyanın maraqlarını həyata keçirmək üçün formalaşdırılmış və sırf siyasi məqsədlərə xidmət edən bir mexanizmdir. Məqsəd isə postsovet ölkələrinin qonşuları və Avropa İttifaqı ilə tamhüquqlu iqtisadi əməkdaşlıq qurmasının və ictimai rifaha nail olmasının qarşısını almaqdır.
Ermənistanın Qazaxıstan və Qırğızıstana hansı həcmdə və hansı çeşiddə məhsul ixrac etməsi əsas məsələ deyil. Problem ondadır ki, Rusiya Ermənistanın xarici iqtisadi əlaqələri qarşısında maneələr yaradır. Lakin son qərar artıq Qazaxıstan və Qırğızıstanın, bəlkə də Belarusun təkcə iqtisadi maraqlarına deyil, həm də dövlət nüfuzuna toxunur. Astana və Bişkek buna necə reaksiya verəcək? Doğrudanmı, Rusiya qarşısına Avrasiya İqtisadi Birliyinin dağılması məqsədini qoyub?
Aqil Məmmədov
Ordu.az