Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, paket çərçivəsində 3 ədəd C-390 hərbi nəqliyyat təyyarəsi, ABŞ və İsrail istehsalı olan PUA-lar, eləcə də Böyük Britaniya istehsalı 10 ədəd VICTA mini sualtı qayığı alınacaq.
Ümumi dəyərinin 1-1,2 milyard avro arasında olduğu bildirilən paketin yekun təsdiq üçün Yunanıstanın Xarici İşlər və Müdafiə Şurasına (KYSEA) təqdim ediləcəyi gözlənilir.
Mənbələrin sözlərinə görə, ümumi büdcənin təxminən yarısı C-390 təyyarələrinin alınmasına və logistika dəstəyinə ayrılacaq.
Yunanıstan Hərbi Hava Qüvvələri hazırda köhnəlmiş C-130 “Hercules” və C-27 nəqliyyat təyyarələrindən istifadə edir. C-390-ların alınmasının strateji və taktiki hava nəqliyyatı imkanlarının modernləşdirilməsində mühüm rol oynayacağı gözlənilir.
Paketə həmçinin İsrail istehsalı olan bir ədəd “Heron” PUA sistemi və ABŞ istehsalı 10 ədəd V-BAT şaquli qalxma və enmə imkanına malik PUA daxildir.
Bundan başqa, Böyük Britaniyada hazırlanmış 10 ədəd VICTA mini sualtı qayığının Yunanıstanın xüsusi təyinatlı qüvvələrinin silahlanmasına qəbul edilməsi planlaşdırılır.
Müdafiə paketinin digər hissəsində Yunanıstan Hərbi Dəniz Qüvvələrinin inventarında olan Almaniya istehsalı 4 ədəd MEKO-200 sinfinə məxsus freqatın modernləşdirilməsi də nəzərdə tutulur.
Yunanıstan iqtisadi böhrandan sonra başladığı silahlı qüvvələrin modernləşdirilməsi proqramı çərçivəsində 2036-cı ilə qədər təxminən 28 milyard avro dəyərində müdafiə yatırımı etməyi planlaşdırır.
Afina yeni tədarük proqramları vasitəsilə hava, quru və dəniz qüvvələrinin imkanlarını artırmağı hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az