Hazırda Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinin planlaşdırılan yeddi sualtı qayıqdan beşi xidmət göstərən “Astute” sinfinə məxsus nüvə enerjili çoxməqsədli hücum sualtı qayığı mövcuddur. Bu platformalar ABŞ Hərbi Dəniz Qüvvələrinin “Virginia” sinfinə məxsus sürətli hücum sualtı qayıqları ilə müqayisə ediləcək səviyyədə olmaqla, dünyanın ən qabaqcıl və imkanlı sualtı qayıqları arasında hesab olunur.
Daha əvvəl “Astute” sinfinin misilsiz stelslik xüsusiyyətləri yüksək qiymətləndirilərək onların akustik izi “balaca delfin”lə müqayisə edilmişdi. Hər bir sualtı qayığın gövdəsi sonar siqnallarını gizlədən təxminən 39 min akustik plitə ilə örtülüb.
Lakin bu həftə məlum olub ki, “əməliyyat qabiliyyətli” hesab edilən beş sualtı qayığın heç biri dənizdə deyil. Buna görə də rəqiblər onları nə qədər dinləməyə çalışsalar da, eşidə bilməyəcəklər. Kral Hərbi Dəniz Qüvvələri etiraf edib ki, ən qabaqcıl çoxməqsədli hücum sualtı qayıqlarının hamısı limandadır.
“The Telegraph” qəzeti bildirib ki, həmin sualtı qayıqlar texniki xidmət və təmir gözləyir. Nəşr Kral Hərbi Dəniz Qüvvələrini bütün sualtı qayıqları eyni vaxtda istismardan çıxardığına görə tənqid edib və bəzi hərbi-dəniz komandirlərinin fikrincə, bunun Rusiyanın gözündə Böyük Britaniyanı “dişsiz” göstərdiyini qeyd edib.
Kreml son bir ildə Böyük Britaniya ətrafındakı sularda hərbi-dəniz fəaliyyətini təxminən 30 faiz artırıb. Kral Hərbi Dəniz Qüvvələri buna adekvat cavab verməkdə çətinlik çəkir və potensial təhdidləri izləmək üçün nəzərdə tutulmuş sualtı qayıqların heç birinin patrul xidməti aparmadığını etiraf etməli olub.
“Astute” sinfinə məxsus altıncı sualtı qayıq olan HMS “Agamemnon” (S124) ötən ilin sentyabrında Kral III Çarlz tərəfindən istismara qəbul edilsə də, hələ rəsmi olaraq xidmətə başlamayıb. Hazırda o, istismardan sonrakı sınaqlar və əməliyyat hazırlığı mərhələsindədir və ən azı 2027-ci ilin əvvəllərinədək tam döyüş hazırlığı statusu almayacaq.
Sinfin yeddinci və sonuncu sualtı qayığı olacaq HMS “Achilles” (S125) isə ən tez 2028-ci ilin sonu və ya 2029-cu ilin əvvəlində xidmətə qəbul edilə bilər.
“Astute” sinfinə məxsus nüvə sualtı qayığı haqqında
Xidmətə qəbul edildiyi il: 2010
İnşa edilən sayı: 6 (7 planlaşdırılıb, biri tikilir)
Uzunluğu: 97 metr
Eni: 11,3 metr
Suüstü subasımı qabiliyyəti: təxminən 7400 ton
Sualtı subasımı qabiliyyəti: təxminən 7800 ton
Enerji qurğusu: “Rolls-Royce” şirkətinin PWR2 nüvə reaktoru (Core H)
Sürəti: 30 düyündən çox (təxminən 61 km/saat)
Üzmə məsafəsi: faktiki olaraq məhdudiyyətsiz, sualtında 90 günədək fəaliyyət göstərə bilir
Silahlanması: ACMS döyüş idarəetmə sistemi, altı 533 mm çaplı torpedo aparatı, 38 ədədədək “Spearfish” torpedosu və ya “Tomahawk” quru hədəflərinə qarşı qanadlı raketi daşıya bilir
Ekipaj: təxminən 98 nəfər
Kral Hərbi Dəniz Qüvvələrinin “Astute” sinfinə məxsus platformaları Böyük Britaniyanın indiyədək istifadə etdiyi ən iri sualtı qayıqlardır. Onlar 1600 kilometr məsafədə hədəfi bir neçə metr dəqiqliklə vurmağa qadir olan uzaqmənzilli “Tomahawk Block IV” qanadlı raketləri və düşmən sualtı qayıqlarına qarşı istifadə edilən “Spearfish” torpedoları ilə silahlandırılıb.
“BAE Systems” tərəfindən hazırlanan bu sürətli hücum sualtı qayıqları ilk dəfə 1980-ci illərin ortalarında xidmətə qəbul edilmiş köhnə “Trafalgar” sinfini əvəz etmək üçün yaradılıb. Həmin sinfin son nümayəndəsi HMS “Triumph” 2025-ci ildə istismardan çıxarılıb.
Sualtı qayıqların limanda qalması Kral Hərbi Dəniz Qüvvələri üçün ciddi siqnaldır
Britaniyanın nüfuzlu nəşri keçmiş nüvə sualtı qayığı komandiri, komandor Rayan Ramsinin vəziyyəti “çox ciddi xəbərdarlıq siqnalı” kimi qiymətləndirdiyini yazıb. Ramsi Britaniya sənayesini daha fəal olmağa çağırıb. “Ruslar bilirlər ki, biz sualtı qayığı dənizə çıxara bilmirik. Bu vəziyyət mənə məntiqli görünmür. Əgər dənizdə çəkindirmə qabiliyyətini qoruyub saxlaya bilmirsinizsə, Rusiyaya qarşı etibarlılığınızı itirirsiniz”, - deyə o, “The Telegraph”a bildirib.
Keçmiş komandirin sözlərinə görə, bu problem onilliklər boyu gizlədilib və daim növbəti məsul şəxsin üzərinə ötürülüb. Kral Hərbi Dəniz Qüvvələri təkcə çoxməqsədli hücum sualtı qayıqlarını dənizə çıxara bilməmək problemi ilə üzləşmir. Eyni zamanda, istismardan çıxarılmış nüvə enerjili sualtı qayıqların yığılması da ciddi problemə çevrilib.
Hazırda uzunmüddətli saxlanmada olan istifadədən çıxarılmış sualtı qayıqların sayı fəaliyyətdə olanlardan iki dəfədən çoxdur. Onların bəziləri xidmət müddətindən daha uzun müddətdir ki, ehtiyatda saxlanılır. Hazırda 20-dən çox sualtı qayığın utilizasiya və ya təkrar emalını gözlədiyi bildirilir. Donanmanın cəmi 10 sualtı qayığı xidmət göstərir və bu siyahıya HMS “Agamemnon” da daxildir.
İstismardan çıxarılmış yeddi sualtı qayıq Şotlandiyanın Rozayt bazasında, təxminən 15-i isə İngiltərənin Devonport bazasında saxlanılır. “Astute” sinfi ilə bağlı problemlərlə yanaşı, Kral Hərbi Dəniz Qüvvələri köhnəlmiş “Vanguard” sinfinə məxsus dörd strateji nüvə çəkindirmə platformasını əvəz etməli olan “Dreadnought” sinfinə məxsus ballistik raket daşıyan nüvə sualtı qayıqlarının tikintisində də gecikmələrlə üzləşir.
Ötən il “Astute” sinfi ətrafında başqa bir mübahisə də yaşanıb. Bildirilmişdi ki, sonuncu sualtı qayığın adı HMS “Agincourt” olmayacaq. Bu ad Yüzillik müharibə zamanı Kral V Henrinin qüvvələrinin qazandığı məşhur Ajenkur döyüşünün şərəfinə veriləcək altıncı hərbi gəmi olacaqdı.
Lakin sonradan qərar dəyişdirilib və sualtı qayığa Troya müharibəsinin yunan qəhrəmanı Axillesin şərəfinə HMS “Achilles” adı verilib. Məlumatlara görə, bu dəyişiklik 1415-ci ildəki məşhur döyüşdə məğlub olmuş Fransanı narazı salmamaq məqsədilə həyata keçirilib.
Sevinc Əliyeva
Ordu.az