Hindistan əlavə yüzlərlə K-9 “Vajra” özüyeriyən artilleriya qurğusu almağı nəzərdən keçirir

2026/06/dabna-1781254270.jpg
Oxunub: 238     12:46     12 İyun 2026    
Hindistan Quru Qoşunları təxminən 230 milyard Hindistan rupisi (2,42 milyard ABŞ dolları) dəyərində 300 ədəd əlavə K-9 “Vajra” özüyeriyən artilleriya qurğusunun alınmasını nəzərdən keçirir.

Ordu.az xəbər verir ki, bu barədə “India Today” məlumat yayıb.

Məlumata görə, proqramın irəlilədilməsi ilə bağlı təklifin bu həftə Müdafiə Satınalmaları Şurasına təqdim olunacağı gözlənilir.

Plan təsdiqlənərsə, müqavilənin Cənubi Koreyanın “Hanwha Aerospace” şirkəti ilə texnologiya tərəfdaşlığı çərçivəsində K-9 “Vajra” sistemlərinin yerli istehsalını həyata keçirən “Larsen & Toubro” şirkətinə verilməsi nəzərdə tutulur.

Hindistan Quru Qoşunlarının hazırda 100 ədəd K-9 “Vajra”dan ibarət parkı mövcuddur. Bundan əlavə, 2024-cü ildə daha 100 sistem üçün sifariş verilib.

Ümumilikdə 500 ədəd K-9 “Vajra” sistemindən ibarət parkın formalaşdırılması ilə Hindistanın həm Pakistanla sərhəddə yerləşən qərb istiqamətində, həm də Çinlə sərhəddə yerləşən şimal xəttində uzaqmənzilli atəş imkanlarının əhəmiyyətli dərəcədə artırılması hədəflənir.

K-9 “Vajra” müxtəlif relyef şəraitində yüksək hərəkət qabiliyyətini qoruyaraq dərinlikdə yerləşən hədəflərə atəş dəstəyi vermək üçün hazırlanmış, Cənubi Koreya istehsalı olan K9 “Thunder” özüyeriyən haubitsasının Hindistan üçün uyğunlaşdırılmış versiyasıdır.

1000 at gücünə malik mühərriklə təchiz olunan sistem saatda 67 kilometr sürət yığa bilir və 360 kilometrdən artıq əməliyyat məsafəsinə malikdir. 155 mm çaplı topu vasitəsilə yüksək partlayıcılı və dəqiq idarəolunan sursatları 50 kilometrədək məsafəyə çatdıran K-9 “Vajra” 15 saniyə ərzində üç mərmi ata bilir.

Sistem qısa müddətli intensiv atəş zamanı dəqiqədə 8 mərmiyə qədər atəş sürəti nümayiş etdirir. Hindistan 2015-ci ildə keçirilən sınaqlardan sonra 50 tonluq K-9 “Vajra” sistemini seçib.

Sınaqlarda K-9 “Vajra”nın Rusiya istehsalı olan 2S19 “Msta-S” özüyeriyən artilleriya qurğusundan daha yüksək nəticələr göstərdiyi bildirilmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   K-9   Vajra  


Bizi "telegram"da izləyin