Ordu.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Kaliforniyada yerləşən Edvards Hərbi Hava Qüvvələri bazasında keçirilən sınaqlar zamanı şirkətin hazırladığı “Bashi” adlı planşet interfeysi vasitəsilə yerdə yerləşən F-35 simulyatorundan MQ-20 “Avenger” Piilotsuz Uçuş Aparatına (PUA) taktiki komandalar ötürülüb.
Sınaqlar nəticəsində İnsan-Maşın Komandalaşması (HMT) konsepsiyasının əməliyyat baxımından uğurlu olduğu təsdiqlənib.
Məlumata görə, layihədə F-35 Birgə Proqram Ofisinin Gələcək İmkanlar və Texnologiyalar qrupu sistem inteqrasiyasına dəstək verib, “Lockheed Martin” isə əsas inteqrator funksiyasını yerinə yetirib. MQ-20 “Avenger” platformasının istehsalçısı olan “General Atomics Aeronautical Systems” də layihədə iştirak edib.
Proqram təminatı infrastrukturu və kod standartlaşdırılması ABŞ Hərbi Hava Qüvvələrinin 309-cu Proqram Təminatı Mühəndisliyi Qrupu tərəfindən həyata keçirilib. Texniki sınaqlar və məlumatların toplanması isə 461-ci və 370-ci uçuş sınaq eskadrilyaları tərəfindən icra olunub.
Sistemin əsasını müxtəlif istehsalçıların sistemlərinin birlikdə işləməsinə imkan verən açıq arxitektura təşkil edir. “Bashi” planşet sistemi pilotun iş yükünü azaldaraq ona sadələşdirilmiş interfeys vasitəsilə avtonom platformalara birbaşa taktiki komandalar verməyə imkan yaradır.
Komandalar birbaşa və ya uzaq məsafəli məlumat ötürmə kanalları vasitəsilə MQ-20-yə göndərilir. PUA üzərində quraşdırılmış “TacACE” idarəetmə bloku məlumatları emal edərək fiziki manevrlərə çevirir və platformanın avtonom reaksiyalar verməsini təmin edir.
Ümumi müddəti 3,5 saat olan sınaqlar zamanı bütün sistem komponentlərinin uğurla fəaliyyət göstərdiyi bildirilib. Şirkət qeyd edib ki, əldə olunan nəticələr yüksək riskli missiyaların “Loyal Wingman” tipli insansız platformalara ötürülməsi istiqamətində işləri sürətləndirir.
“Autonodyne” 2026-cı il ərzində keçiriləcək əlavə sınaqlarda da iştirak edərək texnologiyasını ABŞ-nin CCA (Collaborative Combat Aircraft) proqramı çərçivəsində təkmilləşdirməyə davam edəcək.
Sevinc Əliyeva
Ordu.az